Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:56

İdmana qayğı daim diqqət mərkəzindədir

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman sarayında 5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş festival keçirildi.
Tədbir Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin səsləndirdiyi marşın sədaları altında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi ilə başladı.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Festivalda Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komitəsinin sədri Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Yasamal rayonundan seçilmiş millət vəkilləri Ülvi Quliyev və Elşad Həsənov, yunan-Roma güləşi üzrə Dünya və Avropa çempionatlarının mükafatçısı Elvin Mürsəliyev, ağırlıqqaldırma üzrə dördqat dünya, yeddiqat Avropa çempionu, dünya rekordçusu Vüqar Namazov, kikboksinq üzrə 23 qat dünya çempionu, Əməkdar məşqçi Eduard Məmmədov və digərləri iştirak edirdilər.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. "Ümummilli lider Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına daim diqqət göstərib. Ulu Öndərimizin layiqli davamçısı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il martın 4-də "Bədən tərbiyəsi və idman günü"nün təsis edilməsi haqqında Sərəncam imzalaması idmana xüsusi diqqətin təsdiqidir. Dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar daim müsbət nəticələr verir, olimpiya və dünya çempionatlarında qazanılan müvəffəqiyyətlər yüksələn xətlə gedir. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir".
Digər çıxış edənlər də idmançılarımızı bu gün münasibətilə təbrik edərək, dövlət başçısının idmançılara və idmana göstərdiyi diqqət və qayğıdan  danışdı, Azərbaycanda keçirilən beynəlxalq çempionatların, yarışların  idman ölkəsinə çevrilməyimizə səbəb olduğunu qeyd etdilər. Qeyd olundu ki, son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurlar hər kəsi sevindirir. Gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında bədən tərbiyəsinin və idmanın böyük rolu vardır. 
Festivalın rəsmi hissəsi bitdikdən sonra idmanın kapoyera və uşu növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirildi. Sonra proqrama uyğun olaraq populyar müğənnilərin ifasında musiqi proqramı təqdim olundu.
Tədbirdə bir qrup məşqçi və idmançı 5 mart Bədən tərbiyəsi və idman günü münasibətilə yeniyetmə və gənclər arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətə, habelə idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə Yasamal rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR