Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:56

Sıra hazırlığı döyüş hazırlığının vacib elementidir

Bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının, Müdafiə nazirinin diqqət və qayğısı nəticəsində müasir standartlara uyğun qurulan hərbi hissələr  şəxsi heyətin istifadəsinə verilir. Ordu sıralarında olan əsgərlərimizin xidmətlərini düzgün təşkil etmələri üçün hər bir şərait yaradılıb. Hərbi hissələrdə müasir yeməkxanalar, tibb məntəqələri, hamam-camaşırxanalar, idman şəhərcikləri, sıra meydanları və digər xidməti sahələr şəxsi heyətin istifadəsindədir.
"N" hərbi hissəsində də inşa edilən müasir binaların gözəlliyi, ətrafın səliqə-sahmanı göz oxşayır. Şəxsi heyətin hərbi hissənin ərazisində və təyin olunmuş yerlərdə dərslərlə məşğul olduqlarını gördük. Sıra meydanında da bir qrup şəxsi heyət plana uyğun olaraq sıra hazırlığı ilə məşğul olurdu. İzlədiyimiz dərs prosesindən zövq aldıq.
Əsgərlərin nizami addımlarla hərəkəti, rəisə yaxınlaşaraq hərbi salam vermələri şəxsi heyətin nizam-intizamlı olmasından xəbər verir. Zabitin elan etdiyi fasilədən yararlanaraq əsgərlərimizlə həmsöhbət olduq. Gənc zabit Həsən Həsənov dərsin məzmunu haqda məlumat verərək dedi: "Sıra hazırlığı xidmət edən hər kəs üçün vacibdir. Çünki nizam-intizam birinci növbədə sıradan başlayır. Ona görə də hər həftə təyin olunmuş vaxtda sıra meydanında müxtəlif mövzularda sıra hazırlığı ilə məşğul oluruq. Bugünkü məşğələdə əsgərlərə səfər və sıra addımlarının fərqini, rəisə hərbi salam vermə qaydalarını və sırada duruş qaydalarını öyrədirik. Artıq məşğələmizin əsas hissəsi bitib. Sonda şəxsi heyət tribuna qarşısından sıra addımlarıyla keçərək bacarıqlarını nümayiş etdirəcək."
Gənc zabit onu da qeyd etdi ki, 2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib və xidmət yerinə yollanıb. Bu gün məktəbdə öyrəndiklərinin sayəsində xidmətdə heç bir çətinlik çəkmir. "Kursantlıq illərində çalışırdım ki, zabitlərimizin və müəllimlərimizin bizə öyrətdiklərini mənimsəyim. Bilirdik ki, öyrəndiklərimiz xidmətimiz zamanı köməyimizə çatacaq. Sıra hazırlığı dərslərində taqım komandirimin verdiyi komandaları yüksək səviyyədə yerinə yetirirdim. Verilən əmri nə qədər cəld və düzgün yerinə yetirsən, o səndə vərdiş halı alacaq. Mən öyrəndiklərimə görə komandirlərimə minnətdaram və istəyirəm ki, gələcəkdə tabeliyimdəki şəxsi heyət də bacarıqlı olsun. Çünki  onların uğuru bizim uğurumuzdur."
Əsgər İsmayıl Ələkbərov az müddətdir xidmətdə olmasına baxmayaraq kifayət qədər bilik əldə etdiyini bildirdi: "Hərbi xidmətə gəldiyim gündən öz üzərimdə çalışıram. Əgər qalib gəlmək və düşməndən üstün olmaq istəyirsənsə, onda bildiklərinlə kifayətlənməyib daha çox çalışmalısan. Sıra hazırlığı da döyüş hazırlığının vacib elementlərindəndir. Keçirilən dərslərdə hamımız fəal iştirak edirik. Sıra hazırlığında öyrəndiklərimiz təntənəli mərasimlərdə, bayram günlərində sərbəst olmağımıza, həyəcansız tribuna önündən keçməyimizə kömək edir."
- Sıra hazırlığı olmayan bir bölmənin döyüş hazırlığından danışmaq olmaz, - deyə manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ceyhun İsmayılov söhbətimizə qoşuldu. - Mütəmadi olaraq şəxsi heyətlə sıra elementlərini məşq edirəm. Əsgərlər bütün dərslərdə olduğu kimi, sıra hazırlığı məşğələsində də yüksək əzmkarlıq göstərirlər. Verilən əmrləri yerinə yetirmələrindən görünür ki, onların dərsləri öyrənmək həvəsi yüksəkdir. Biz komandir heyətinin də borcudur ki, bu cür gənclərə yeni-yeni mövzular keçək, onların biliklərinin artmasına yardımçı olaq.
Əsgərlərdən Cavid Hüseynli və Rauf Abdiyev eyni vaxtda xidmətə çağırılıblar. Hər ikisi Şəmkir rayonundandır. Eyni rayondan olsalar da, bir-birilərini xidmət müddətində tanıyıblar. İlk tanışlıqları isə sıra hazırlığından başlayıb. Cavid deyir ki, Rauf ona bir çox sıra elementləri öyrətməkdə köməklik göstərib. "Gənc əsgər hazırlığı dövründə sıra hazırlığına daha çox üstünlük verirdilər. Yeni gəldiyimiz üçün bir az çətinlik çəkirdik. Nə düzgün addımlaya, nə də düzgün hərbi salam verə bilirdik. Müəyyən müddətdən sonra komandirlərimizin sayəsində öyrəndik. Amma bir çox hərəkətlərdə çətinlik çəkirdim. Rauf mənə çətinlik çəkdiyim bir sıra elementləri izah etdi. Müəyyən müddətdən sonra artıq bütün elementləri rahatlıqla yerinə yetirirdim. Bu gün sıra hazırlığımın mükəmməl olmasına görə həm komandirlərimə, həm də dostum Raufa minnətdaram."
Digər əsgərlər Elvin Balayev və Elşad Heydərli də ordumuzun sıra hazırlığının yüksək səviyyədə olduğunu qeyd etdilər. "Təkcə bölməmizdə deyil, bütün ordumuzda döyüş hazırlığının digər növləri kimi sıra hazırlığı da yüksək səviyyədədir. Buna həm keçirilən paradları, həm də tədbirlərdə yüksək nizam-intizami ilə sırada dayanan şəxsi heyəti nümunə göstərmək olar. Bu gün ordumuz hər bir hazırlığı ilə düşməni işğal olunmuş torpaqlarımızdan qovmağa tam hazırdır."

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR