Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:55

“Hərbi xidmət Vətən qarşısında övladlıq borcumuzdur”

Hərbi hissələrə ezamiyyətimiz zamanı vətənpərvər əsgərləri yaxından tanıyırıq. Onlarla söhbət zamanı hər biri vurğulayır ki, Vətən bizə əmanətdir, biz Vətən keşikçiləriyik, şəraitdən asılı olmayaraq üzərimizə düşən müqəddəs vəzifəni layiqincə yerinə yetirməyi özümüzə mənəvi borc bilirik.
"N" hərbi hissəsinin ön xətt bölməsində belə vətənpərvər oğullardan daha birini əsgər Mirzəxan Əzizovu yaxından tanıdım. Zabit Sərvər Allahverdiyev onun nümunəvi xidmətindən danışdı. Mirzəxanın xidmətə gəldiyi gündən məsuliyyətli, nizam-intizamlı olmasından fəxrlə söz açdı. "Əsgər M.Əzizov bölməmizə gəldiyi gündən mərdliklə xidmət edir, döyüş postunda ayıq-sayıq dayanır. Davranışı, əxlaqi keyfiyyətləri ilə kollektiv arasında dərin hörmət qazanıb. Mirzəxan kimi üstün keyfiyyətlərə malik, vətənpərvər, igid oğullarla bir yerdə xidmət etmək mənə də ruh yüksəkliyi verir, seçdiyim peşəmə sevgimi daha da artırır. Onun və digər əsgər yoldaşlarının nümunəvi xidməti bölmənin döyüş hazırlığının artırılmasında mühüm rol oynayır. Belə cəsur, milli-mənəvi köklərimizə bağlı, dövlətinə sədaqətli oğul tərbiyə etdikləri üçün valideynlərinə dərin minnətdarlığımı bildirirəm".
- Bütün həmyaşıdlarım kimi mən də hərbi xidməti Vətən qarşısında övladlıq borcu bilirəm. Çünki Vətən anamızdır, ən müqəddəs varlığımızdır. Vətənin keşiyində dayanmaq, onu inamla qorumaq müqəddəs və şərəfli vəzifədir. Hərbi xidmətə gələn gündən nizam-intizamlı olmağı, hərbi sirlərə dərindən yiyələnməyi, vicdanla xidmət etməyi özümə söz vermişəm. Komandirimin xidmətimdən razı qaldığını bilmək məni çox qürurlandırdı, sevindirdi, daha da ruhlandırdı. Bu  məqamda Xalq şairi Məmməd Arazın "Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim" misraları yadıma düşür. Ən çox sevdiyim şeirin bu misrası dilimin əzbəri olub. Bu gün nümunəvi xidmət edən əsgər kimi adım çəkiləndə  bu misraların qüdrətini daha yaxşı anladım, hiss etdim. Bizi nümunəvi xidmət etməyə həm komandirlərimizin diqqət və qayğısı, doğma münasibəti, həm də yaradılan yüksək şərait ruhlandırır, - deyə əsgər M.Əzizov bildirdi.
Mirzəxan kimi mərd, vətənpərvər gənclə həmsöhbət olduqdan sonra bir daha Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Gənclər Günü münasibətilə təbrik nitqində dediyi "Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər" sözlərini xatırlayıram. Bu sözlər hər bir əsgərə, Vətəni qoruyan hər bir gəncə verilən yüksək qiymət, göstərilən qayğı və etimaddır. Əsgərlər də onlara göstərilən diqqətdən fərəhlənir, xidmətdə daha da nümunəvi olmağa çalışırlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"