Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:53

İnamımız – qalibiyyət bayrağı!

Bu nida Vətənin nidasıdı, ön xətdə, səngərdə, əsgərlərin əhatəsində daha duyğusallıqla eşidilir. Ezamiyyətlərdə bu nidanı bu və ya digər söz tərkibləriylə demişik də, eşitmişik də. Deyəndə də, eşidəndə də Azərbaycan Ordusunun döyüş qabiliyyətinə - qüdrətinə küsənmişik. Bu gün də həmin ovqatdayam. Bu nidanı döyüş növbətçiliyi aparan, döyüş növbətçiliyinə gedən əsgərlərdən "Biz qalib gələcəyik!" kimi eşitmək istəyirik. Ezamiyyətlərin birində "Ön xətdə xidmət etmək Vətənə daha dərin sevgilərlə bağlanmaq, Vətəni ilahilik səviyyəsində sevmək deməkdi", - səngərdə səmimiyyətlə kəlmələşəndə əsgər qətiyyətlə belə demişdi. Onda baxışlarım həmsöhbətimin baxışlarıyla qoşalaşmışdı. Qoşalaşan qoşa baxışlar qarşı tərəfə dikilmişdi. Mənə elə gəlmişdi ki, 2016-cı ilin martın sonlarında da səngərlər bu əsgərin sələflərinin baxışlarının eynini görüb. İndi təmas xətti boyunca səngərlərdə baxışların mahiyyəti belədi: Biz qalib gələcəyik! - Azərbaycan əsgərinin baxışları qələbə ovqatını ifadə edir. Bu ovqat hər gün dan yeri söküləndə göy üzünün göylüyünü bürüyən bir çağırış həsrətindədi. Bu çağırış döyüş əmridi. Bu əmr torpaqlarımızın işğaldan qurtuluşu olacaq!
Ön xətdəyəm.
2016-cı ildə qışın son ayında da bu biçim yel əsirdi. Əsə-əsə istəyimizi yaza yetirmişdi. Aprel yelləri Azərbaycan əsgərinin uğur yoluna, qələbə - zəfər yoluna sarılmışdı. Bu gün titrəyişini həm də ruhən hiss etdiyimiz yellər də əsə-əsə yaza tələsir. Bu yaza "Bir başqa yazdı!", - deyəcəyik.
Könlümüzü telləndirən bu inamla səngərlərə çatmışıq. Bayaqdan bəri ürəyimdən keçənlərdən söz açıram. Əsgərlər maraqla dinləyirlər. Hansınınsa nəsə deməsini elə arzulayıram ki! Baş leytenant Fehruz Abbasov deyir ki, dediyiniz yellər də bu əsgərlərin istəyindən güc alacaq. Azərbaycan əsgərinin istəyində belə bir qüdrət var. O qüdrət Vətən sevgisidi, dövlətə, dövlətçiliyə, deməli, Hərbi anda  sədaqətdi.
Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışırıq, Azərbaycan əsgərinin döyüş əzmindən, qələbə ruhundan danışırıq. Söhbətimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir kəlamı xatırlayıb davam etdiririk: "Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci  erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəkdir.” Gizir Elgün Əhmədpaşayev deyir:
- Qətiyyətlə deyilmiş bu kəlam torpaqlarımızın işğaldan azad ediləcəyinə inamdır. Azərbaycan zabiti, əsgəri bu inamla xidmət edir, ictimaiyyət bu inamla xidmət edənlərə güvənir.
Gizir Elgün Əhmədpaşayevin işıqlı düşüncələri ürəyimizi telləndirir. Döyüş hazırlığından danışırıq:
- Son illər Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı islahatlar olduqca gərəkli və səmərəli oldu. Silahlanmaya ən müasir döyüş texnikaları daxil edildi, - baş leytenant Fehruz Abbasov belə deyir.
- Əsgərlərimizin döyüş əzmi, qələbə ruhu olduqca yüksəkdir. Hər biri Ali Baş Komandanın döyüş əmrinin intizarındadır desəm, səhv olmaz. Asudə vaxtlarda əsgərlərlə müxtəlif mövzularda söhbətlərimiz olur. Bu  söhbətlərin hamısını birləşdirən, ümumiləşdirən bir mətləb var: qələbə, torpaqlarımızın işğaldan azad edilməsi, - gizir Elgün Əhmədpaşayev belə deyir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir kəlamını da xatırlayaq: “Sülh danışıqları baş tutmasa, Azərbaycan torpaqlarını döyüşlə azad edəcək. Ordumuz buna qadirdir!". Siz həm də bu inamla xidmət edirsiniz, - belə deyirəm.
Baş leytenant Fehruz Abbasov da, gizir Elgün Əhmədpaşayev də əsgərlərə baxır. Hər ikisinin baxışında ehtiram var, ülfət var, sevgi var. Bu biçim sevginin dönməzliyini 2016-cı ilin aprelində Lələtəpədə də, Bayraqtəpədə də görmüşdüm. O  ehtiramın, o sevginin, o ülfətin eynini görürəm. Onda  o baxışlar qalib əsgərlərə dikilmişdi, indi qələbə qazanacağına inanılan əsgərlərə. Bu qənaəti deyirəm və bayaqdan bəri eyni mətləbi yaşada-yaşada yaşadığımız gözəl ovqatın daha əzəmətlə yaşadılacağı günün səyyarəsiyik elə bil. Qışdı, payız yelləri əsir...
- Hərbi xidmət bizim xarakterimizi daha da mətinləşdirib. Orta məktəbdə oxuyanda da, çağırışçı olanda da Vətəni sevmişik. Hərbi xidmətə başlayandan sonra bu sevgi zabitlərin, gizirlərin,  bizdən əvvəl xidmət edən əsgərlərin söhbətləri ilə daha da dərinləşdi. Vətənin nə olduğunu bu söhbətlər, bir də döyüş növbətçiliyi bizə əhatəli şəkildə, həm də gərəkli  şəkildə yenidən öyrətdi, - əsgər Laçın Cəfərzadə belə deyir...
"Ordumuzda əsgərlərin döyüş hazırlığını mənəvi-psixoloji hazırlığı tamamlayır", - deyirəm. "Çağırışçı kimi nəyi qoruyacağımızı bilirdik. Necə qoruyacağımızı hərbi xidmətdə öyrəndik”, - deyə əsgər bildirir. Mənə elə gəlir ki, hansı əsgər dillənsə məhz əsgər Seymur Məmmədovun dediklərini deyərdi...
Döyüş növbətçiliyi haqqında danışırıq.
2016-cı ilin aprel döyüşlərindən əvvəl Cocuq Mərcanlıda ezamiyyətdəydim. Qarşı tərəfi qalın qamışlıq olan mövqedə döyüş növbətçiliyindən qayıdan əsgərlə söhbətləşmişdik. Söz sözü çəkmişdi. Həyəcan amilindən də danışmışdıq. Əsgər bir qədər tərəddüdlə demişdi:
- Nə danım, döyüş növbətçiliyi haqqında zabitlərimiz də, əsgər yoldaşlarımız da məsləhətlər vermişdi. Bir qədər həyəcanlıydım. Saniyələr keçdikcə dərk edirdim ki, mən burada Vətənə sipərəm. Sipər zəif olarsa, acısını Vətən çəkər. Döyüş növbətçiliyində əsgər olur, düşmən olur. O məqamlarda əsgərin ən etibarlı silahı Vətən sevgisi olur. Hər birimiz döyüş növbətçiliyini bu qüdrətli silahın işığında aparırıq. Ona görə düşmən bizdən çəkinir. Bunu da xatırladıram ki, araya sakit bir sükut çökür. Bu sakit sükutu gizir pozur (buna görə bir azdan ona təşəkkür edəcəkdim):
- Hər əsgərin özünəməxsus xarakteri olur. Bu müxtəlifliyi bir eynilik tamamlayır - hər biri Hərbi anda sədaqətlə xidmət edir. Döyüş növbətçiliyi bu eyniliyi təsdiqləyir - hər biri cəsarətlidir, hər biri diqqətcildir, hər biri döyüş növbətçiliyinə qətiyyətlə gedir, döyüş növbətçiliyini böyük məsuliyyətlə aparır.
Gizir Elgün Əhmədpaşayevin bu etibarı sezilən, hiss edilən etibardı. Bu etibar inamdı. Bu inam sevgidi. Bu sevgi Vətəndi...
Ötən il Tərtərdə Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən kütləvi vətənpərvərlik tədbirini Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anasıyla yanaşı izləyirdik. Anayla 1993-cü ildə Xoruzlu kəndində görüşmüşdük, söhbətləşmişdik. Ana oğlundan daha çox Tərtərdən danışmışdı, oğlunun döyüşçü yoldaşlarından danışmışdı. Əlindən öpmüşdüm belə bir ürəyə malik olan Ananın.  Bu tədbirdə\ də əsgərlərə müraciətlə "Hərəniz mənə bir Vəzirsiniz", - demişdi. Bu duyğusal xatırlatma əsgərləri duyğulandırır.
- Şəhidlərə ehtiram hər birimizin mənəvi borcudur, - deyirəm.
- Əlbəttə, elədir, - baş leytenant Fehruz Abbasov deyir. - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamlar Azərbaycanda şəhidliyə ehtiramın təzahürüdür. Mənə elə gəlir ki, şəhid analarının hamısı Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anası kimi düşünür...
- Şəhidlik məfhumunun mahiyyəti Vətən sevgisi məfhumuna çox yaxındı, - deyirəm.
Gizir Elgün Əhmədpaşayev "Haqlısınız", - deyir...
Bu sevgi əhatəsində əsgərlərə xitabən deyirəm:
- Dünənsən, bu günsən, sən gələcəksən, Azərbaycan əsgəri, sən Vətən əsgərisən, sən qalib gələcəksən! Qalib gələcəksən!..

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar C.CƏFƏROVUNDUR