Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:14

Heydər Əliyev adına Hərbi Lisey ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir

Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb.
"Müstəqil Azərbaycanın bu gün də, gələcəkdə də çox güclü ordusu olmalıdır. Olmalıdır ki, torpaqlarımız bundan sonra işğal edilməsin. Olmalıdır ki, torpaqlarımızın hər bir qarışı qoruna bilsin. Olmalıdır ki, dünya tarixində böyük yer tutmuş sərkərdələr kimi müstəqil Azərbaycanın özünün də hərbi sərkərdəsi olsun", - deyən Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi sayəsində ölkəmizdə qüdrətli milli ordu yaradılıb, onun ixtisaslı hərbçi kadrlarla təminatına böyük qayğı ilə yanaşılır. Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb.
1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ulu Öndərimiz bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq deyib: "Tarixən naxçıvanlı gənclər zabit peşəsinə yiyələnməyə meyilli olublar. Tarixi vərəqləyin, görün Naxçıvandan vaxtilə nə qədər böyük sərkərdələr çıxıbdır. Elə XIX-XX əsrlərin tarixini götürək. Naxçıvan xanları - Kəngərlilər sülaləsindən çar Rusiyasının ordusunda altı general var idi. Onlardan sonuncusu Cəmşid xan Naxçıvanski idi. Əgər sonrakı dövrü, sovet hakimiyyəti dövrünü götürsək, Naxçıvandan yüksək rütbəli, çox dəyərli zabitlər çıxıbdır. ...Ona görə də burada olan gəncləri hərbi peşəyə cəlb etmək üçün hərbi liseyin filialının yaradılması çox zəruri idi".
Həmin dövrdə 56 kursantla fəaliyyətə başlayan filial ötən dövrdə böyük inkişaf yolu keçib, Naxçıvanda gənclərin hərb sənətinə marağının artmasına səbəb olub.

 

Ulu Öndərin adını daşıyan ilk ünvan



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Liseyin yaradılması da hərbi kadr hazırlığına növbəti töhfə idi. Ulu Öndərin adını daşıyan ilk ünvan olan Heydər Əliyev adına Hərbi Liseydə ötən dövrdə geniş quruculuq işləri aparılıb, burada Ümummilli Liderin büstü ucaldılıb, ikimərtəbəli qərargah binası, müasir tədris korpusu və yataqxana binası istifadəyə verilib, maddi-texniki baza xeyli gücləndirilib, kursantların yaşayış şəraiti yaxşılaşdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2005-ci il dekabrın 19-da liseydə yaradılan şəraitlə tanış olub, kursantlar qarşısında çıxış edərək deyib: "Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar".

 

Hərbi liseydə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox kursant təhsil alır



Hazırda Heydər Əliyev adına Hərbi Liseydə 400-ə yaxın kursant təhsil alır ki, onların da 100-dən çoxu ölkəmizin digər bölgələrindəndir. Liseydə ən müasir avadanlıq və şəraitlə təmin olunmuş sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, iki linqafon kabinəsi, tarix, coğrafiya və hərbi kabinələr, 13 elektron lövhəli sinif, iki kompüter kabinəsi, müasir avadanlıqlarla təchiz olunmuş qapalı və açıq idman kompleksləri, süni örtüklü mini futbol meydançası, zəngin kitabxana var. Bu gün elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur. Kitabxana fondu latın qrafikalı yeni nəşrlərlə, o cümlədən elmi, bədii, siyasi və tarixi əsərlərlə təmin edilib.
Bütün bu imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Keçirilən dərslərlə yanaşı, müxtəlif disput, olimpiada və yarışlar təşkil olunur, kursantların muxtar respublikada keçirilən tədbir və yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin nəticələri ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır.
Bu gün Heydər Əliyev adına Hərbi Lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişdirmək üçün ardıcıl tədbirlər görülür. İlboyu keçirilən test-sınaq imtahanlarında, açıq və yoxlama dərslərində kursantların biliyi, fəallıqları yoxlanılır, nitq mədəniyyətinə yiyələnmələri, xarici dil mənimsəmələri daim diqqətdə saxlanılır.

 

Kursantların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzindədir



Kursantların asudə vaxtlarının səmərəli təşkili istiqamətində də müvafiq tədbirlər görülür. Liseydə bilik yarışları, viktorinalar, tematik gecələr, kitab müzakirələri, şeir, inşa müsabiqələri keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə, muzeylərə ekskursiyalar, teatr tamaşalarına, filmlərə baxışlar təşkil olunur, oxunması zəruri olan kitabların müzakirələri aparılır. Liseyin kursantları muxtar respublikada keçirilən bilik olimpiadalarının və idman yarışlarının, Əlahiddə Ümumqoşun Ordu üzrə idman yarışlarının, bədii özfəaliyyət və baxış-müsabiqələrinin də fəal iştirakçılarıdır. Kursantlar ölkə və muxtar respublika üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak edib, onlardan 2-si qızıl, 1-i gümüş, 7-si bürünc medal qazanıb.

 

Yeni-yeni uğurlara imza atılır



Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər. Fəaliyyəti dövründə liseyi 4 kursant qızıl, 4 kursant gümüş, 11 kursant isə fərqlənmə attestatı ilə bitirib. Məzunlardan 64-ü xarici dövlətlərdə, o cümlədən Rusiya, Türkiyə və İtaliyada təhsillərini davam etdirirlər. Liseyin 5 əməkdaşı xüsusi xidmətlərinə görə dövlətimiz tərəfindən müxtəlif fəxri adlar və təltiflərlə mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi lisey kursantlarına müraciətlə deyib: "Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində məqsədyönlü tədbirlər görülür. Ordu, birləşmə və hissələrinin maddi-texniki təminatı gücləndirilir, silahlanmaya ən müasir döyüş texnikaları daxil edilir. Bu bir reallıqdır ki, ordunun gücü, onun döyüş qabiliyyəti yalnız güclü maddi-texniki baza və silah təminatı ilə deyil, həm də komandan-zabit heyətinin hərbi hazırlığı və vətənpərvərliyi ilə ölçülür. Vətənpərvər və peşəkar zabit heyəti olmadan nizami və mütəşəkkil ordu yaratmaq, döyüş tapşırıqlarını uğurla yerinə yetirmək mümkün deyil. Hər bir kursant hərbi təhsil sistemini mükəmməl mənimsəməli, bilik və təcrübəsini artırmalı, müasir silahları, hərbi texnikanı bacarıqla idarə etmək vərdişlərinə yiyələnməlidir. Vətənə xidmətin əsasında dövlətçiliyimizə və dəyərlərimizə sədaqət dayanır. Milli dəyərlərimizi, tariximizi və qəhrəmanlıq ənənələrimizi öyrənməli, hər an Vətənin müdafiəsinə hazır olmalı, Azərbaycan zabiti adının şərəf və məsuliyyətini öz xidmətinizlə doğrultmalısınız".
Heydər Əliyev adına Hərbi Lisey artıq 15 ildir ki, Ulu Öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi milli ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda fəaliyyət göstərir. Hərbi liseyin zabit-müəllim heyəti, kursant və məzunları bu şərəfli adı doğrultmağa çalışır, Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirlər.