Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:09

Böyük Qələbəni qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirik

İllərdir ölkəmiz istəmədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinə cəlb olunub. Bu müddət ərzində torpaqlarımızın 20 faizi işğal olunub, dövlətimiz bir çox daxili və xarici təzyiqlərlə üzləşib. Ümummilli liderimiz Heydər Əliyevin sayəsində ölkəmiz üzləşdiyi təzyiqlərə  sinə gərməyi bacarıb. İqtisadi tərəqqi yolunu tutan Azərbaycan cəmiyyətin və ordunun inkişafına nail olub. Onun nəticəsidir ki, 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ilə ordumuz xalqımıza qələbə sevinci bəxş etdi. Bu gün xalqımız əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə tarixi torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində gördüklərim də bunu deməyə əsas verir. Əsgər Fuad Nuriyev döyüş növbətçiliyində işğal altında olan torpaqlarımızı müşahidə edir. Bir neçə dəqiqə sakitcə Vətənimizin müdafiəçisini izləyirəm. Düşünürəm ki, əsgərlərimiz nə qədər ağır və məsuliyyətli bir işi həyata keçirirlər. Onlar hər gün tarixi torpaqlarımıza müşahidə sektorundan baxanda həm kədərlənir, həm də qürurlanırlar. Qürurlanırlar ki, Vətənimizi düşməndən qoruyur, insanlığa sığmayan vəhşilikləri bir daha törətmələrinə imkan vermirlər. Kədərlənirlər ki, Vətənimizin dilbər güşəsini ermənilər işğal ediblər. Ermənilər qadınlara, uşaqlara, ağsaqqallara, ağbirçəklərə zərrə qədər rəhm etmədən bizi yurd-yuvalarımızdan didərgin salıblar, el-obamızdan ayırıblar, torpaqlarımızı zəbt ediblər. Bu gün hər birimizin yeganə amalı işğal olunan torpaqlarımızı azad etməkdir. Necə ki, 2016-cı ilin aprelində biz bunun şahidi olduq. Vətənin dar günündə hər birimiz onun yanında olmalıydıq, olduq da. İndi biz Böyük Qələbəni qeyd edəcəyimiz günü səbirsizliklə gözləyirik.
Sanki fikirlərimi oxuyan əsgər F.Nuriyev “Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir” dedi. "Qarabağımız, tarixi torpaqlarımız düşmən tapdağındadır, hər gün bizim yenidən geri dönəcəyimiz günü gözləyir. Böyüklərdən həmişə oraların gözəlliyindən eşidəndə, sanki bir sehirli aləmə düşürdüm. İndi torpaqlarımızı sadəcə izləməknən kifayətlənmək mənə çox ağır gəlir. Hər günə döyüşə gedəcəyimiz gün kimi hazırlaşıram. Hamımız düşmənin bütün fəaliyyətlərini nəzarət altında saxlayırıq. Hər hansı bir şübhəli hərəkət baş verərsə, dərhal komandirimizə məlumat veririk. Əminəm ki, bir gün mən gözlədiyim əmri alacağam. Komandirimiz "Hazırlaşın, Qarabağımızdan və digər tarixi torpaqlarımızdan erməniləri qovub çıxaracağımız gün gəlib çatdı" deyəcək. Bax, o zaman sevincimin həddi-hüdudu olmayacaq. Çünki həmin gün uşaq vaxtımdan arzusuyla böyüdüyüm gün olacaq. Torpaqlarımızı düşməndən azad edəcəyik, yurd-yuvasından didərgin düşən soydaşlarımız doğma el-obalarına geri qayıdacaqlar".
Fuadın bu sözləri Qarabağımızın gözlədiyi kimi, Azərbaycan əsgərinin də Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini səbirsizliklə gözlədiyinin bariz nümunəsidi.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR