Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:08

Şərəfli yolun başlanğıcında

Ümummilli lider Heydər Əliyevin yüksək diqqət və qayğı göstərdiyi sahələrdən biri də ordu quruculuğu idi. O, hakimiyyətinin bütün dövrlərində gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə ciddi diqqət yetirərək "zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" demişdi. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin sahibləri Vətən qoruyucularıdırlar.
Leytenant Cavid Hüseynov da bu müqəddəs peşəyə yiyələnən gənclərimizdəndir. Onu "N" hərbi hissəsinin ön xətt bölməsində tanıdım. Hərb peşəsinə olan sevgisi ona 15 yaşı olarkən hərbi mundiri geyinməyin sevincini yaşadıb. 2011-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirib. 2018-ci ildə bir ömür çiyinlərində qürurla daşıyacağı rütbələrini taxıb, arzusunda olduğu peşəyə yiyələnib. 
- Hərb peşəsini öz istəyimlə seçmişəm. Daha dəqiq desəm, uşaqlıq dostlarımın da bu peşəni seçməsi mənə stimul olub. Onlar yaşca məndən bir yaş böyük idilər. Hərbi liseyə qəbul oldular. Dostlarımın andiçmə günündə iştirakım, onları və onlar kimi yüzlərlə həmyaşıdımı hərbi formada görmək bu istəyimə su səpdi. Bir il sonra mən də onların sırasında olacağıma qərar verdim. Ailəm və yaxınlarım da bu seçimimə sevindilər.
Leytenant düşüncələrinə sarılıb dedi ki, Hərbi liseydə "Şərəf andı" içdiyi günü heç vaxt unutmayacaq. "Bir il əvvəl o meydanda dostlarım Hərbi andı qəbul edirdilər, mənsə onların sırasında olmağı arzulayırdım. Arzum reallaşdı, mən də kursant olmağın sevincini yaşadım. Andiçmədən sonra təntənəli marşla valideynlərimizin qarşısından keçdik. Onların fəxrli baxışlarını hiss etdikcə seçdiyim peşənin müqəddəsliyini dərk etdim, kursant olmağımla bir daha qürur duydum. Özümə söz verdim ki, Azərbaycan Ordusuna layiqli zabit olacam, xidmətimlə qürurlanan valideynlərimin başını daim uca tutacam.
Bu çətin, amma şərəfli yola qədəm qoyan Cavidin simasında peşəsinə sonsuz sevgi ilə bağlandığı hiss olunurdu. Ona bir sual ünvanlayıram: “Hərb peşəsi şərəfli olduğu qədər də çətin peşədir. Bu peşənin məsuliyyətini necə hiss edirsən?”
- Həyatda asan peşə yoxdur. Əgər bir işdə uğur qazanmaq, seçdiyin sənətin peşəkarı olmaq istəyirsənsə, hər çətinliyinə də dözməlisən. Bəli, hərb peşəsi çətin və məsuliyyətli peşədir. Hərbi forma daşıyan hər kəs kimi mən də bu peşənin çətinliyini dərk edirəm. Lakin peşəmi bütün çətinlikləri unutduracaq qədər çox sevirəm. Bu peşənin müqəddəsliyi ondadır ki, xalq sənə güvənir, arxalanır. Ona görə də heç bir çətinlik bilmədən istənilən şəraitdə, ölkəmizin istənilən bölgəsində Vətənimə layiqincə xidmət etməyə hazıram.
Gənc zabit xidmətinin təşkilində komandirlərinin təcrübələrindən, öyrətdiyi biliklərdən yararlandığını bildirdi. "Kursant vaxtı komandirim olan kapitan Yusif Əhmədovu (indi mayor) xüsusi qeyd etmək istəyirəm. Onun idarəçilik qabiliyyəti, bacarığı, dürüstlüyü, mərdliyi və zabitə xas müsbət keyfiyyətlərini hər zaman özümə nümunə götürmüşəm. Hərbi xidmətə gələn gəncləri  Vətənimizə sədaqətlə xidmət edən əsgərlər kimi formalaşdırmaq üçün əlimdən gələni əsirgəmirəm. Döyüş hazırlığı ilə yanaşı, əsas vəzifələrimdən biri də tabeliyimdəki şəxsi heyəti milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyə etmək və onlara yüksək döyüş ruhu aşılamaqdır. Bu vəzifələrin öhdəsindən uğurla gəlmək üçün ən əvvəl əsgərlərin sevgisini qazanmaq vacib şərtdir. Çünki əsgər ən əvvəl komandirinə inanmalı, onu ən yaxın, əziz şəxs kimi qəbul etməlidir. Bunun üçün də onlara doğma münasibət bəsləyir, səmimi söhbət edir, qayğıları ilə yaxından maraqlanıram. Hər zaman çalışıram ki, tabeliyimdə xidmət edən hər bir əsgər özünü ailəsindəki kimi rahat hiss etsin, kollektiv arasında mehribançılıq olsun, qarşılıqlı münasibətlər düzgün qurulsun."
Bölmədə olduğum vaxt ərzində şəxsi heyətin nizam-intizamına, səliqə-sahmana, mehribançılığına və səmimiyyətinə şahid oluram. Burada istər komandirlə əsgər arasında, istərsə də əsgərlə əsgər arasında qarşılıqlı münasibətlərin qaydasında olduğunu izləyirəm. Bunların hamısı deməyə əsas verir ki, leytenant C.Hüseynov gənc olmasına baxmayaraq, bacarıqlı, savadlı zabitdir və vəzifələrinin öhdəsindən layiqincə gəlir. Hərb peşəsinin hələ astanasında olan müsahibimlə xoş təəssüratlarla ayrılır, onun da ordumuzun ən layiqli zabitləri sırasında yer tutacağına inanırıq.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"