Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:07

Əsgərlərin sağlamlığının keşiyindəyik

Şəxsi heyətin sağlamlığına göstərilən qayğı, tibb xidmətinin maddi-texniki bazasının yenilənməsi sahəsində görülən tədbirlər hərbi qulluqçuların sağlamlığının qorunmasında vacib rol oynayır. Hərbi hissələrdə müasir tələblərə cavab verən tibb məntəqələri yeni avadanlıqlarla təchiz olunub.
"N" hərbi hissəsinin tibb məntəqəsinə daxil olduq. Gəlişimiz xəstələrə tibbi yardım göstərilməsi vaxtı ilə üst-üstə düşmüşdü. Həkim onlardan birinin sarğısını dəyişirdi. Onun işinə mane olmamaq şərtilə iş prosesini kənardan müşayiət etdik. Sarğı otağında ilk həmsöhbətim çavuş Nofəl Nuriyev oldu. O, tibb məntəqəsində sanitar-təlimatçı feldşer vəzifəsində xidmət edir. Xidməti ilə qürur duyduğunu deyən Nofəlin məmnunluğu gözlərindən sezilir. O, son illər ərzində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya diqqət və qayğısı sayəsində hərbi səhiyyənin də müasir tələblər səviyyəsində qurulmasından iftixarla danışaraq bildirdi ki, tibb məntəqəsinin günün tələbləri səviyyəsində tibbi avadanlıqlarla təchiz edilməsi hərtərəfli müayinə və müalicələrə imkan verir.
- Orduda xidmət etmək mənim üçün ikiqat qürurvericidir. Ona görə ki, həm Azərbaycan Ordusunun hərbi qulluqçusuyam, həm də əsgərlərimizin sağlamlığının keşiyində dayanıram. Əsgərlərimizə əlverişli tibbi xidmətin göstərilməsi üçün müasir şərait və imkanlarımız mövcuddur. Biz hər gün xəstələri vaxtaşırı müayinə edirik. Onların müayinəsi ilə təcrübəli və peşəkar həkimlər məşğul olurlar. Burada əsgərlər qısa vaxtda müayinə və müalicə olunaraq bölmələrinə qayıdırlar. Vətəni müdafiə edən əsgərlərin sağlamlığı üçün əlimizdən gələni əsirgəmirik. Bizim vəzifəmiz əsgərlərin sağlamlığı keşiyində dayanmaqdır. Çünki Vətənə sağlam övlad lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin sözü ilə desək, "Vətənə sağlam gənclik, sağlam əsgər gərəkdir".
Bu gün ordumuzda qadın hərbi qulluqçular da xidmət edirlər. Tibb bacısı Ülviyyə Aslanova da əsgərlərimizin qulluğunda durur, onlara qayğı göstərir. "Bir qadın üçün forma daşımaq qürurverici hissdir. Mən də sevinirəm ki, ordu sıralarında xidmət edirəm. Burada olmaq, əsgərlərimizə diqqət və qayğı göstərmək bizlər üçün sevindirici haldır. Tibb məntəqəsinə müraciət edən hər bir əsgərə doğma münasibət göstəririk. Sağlamlıqlarına qayıtmaları üçün əlimizdən gələni əsirgəmirik. Bununla kifayətlənmir, vaxtaşırı yataqxanalarda, yeməkxanada və digər xidməti obyektlərdə profilaktik sağlamlıq işləri aparır, ərazini dərman preparatları ilə dezinfeksiya edirik. Məqsədimiz Vətəni müdafiə edən əsgərlərimizin daim sağlam və güclü olmasıdır."
Əsgərlər də burada yaradılan şəraitdən son dərəcə məmnun olduqlarını, həkimlərin onlara qayğı ilə yanaşdıqlarını bildirdilər.
Əsgər Kənan Ataşov tibb məntəqəsinə ilk dəfə müraciət etdiyini bildirdi. O qeyd etdi ki, həkimlər və tibb personalı müalicə və müayinə üçün müraciət edənlərə həmişə diqqət və qayğı ilə yanaşır, lazımi köməklik göstərirlər. "Ön xətdə xidmət etmək şərəflidir. Bizlər gündəlik döyüş növbətçiliyinə çıxır, torpaqlarımızı düşməndən müdafiə edirik. Tibb məntəqəsinə ilk dəfədir müraciət edirəm. Burada mənə hər cür tibbi yardım göstərildi. Ümid edirəm ki, tez bir zamanda sağalıb xidmətimə davam edəcəyəm."
Tibb məntəqəsində çalışan həkimlər, feldşerlər, tibb bacıları hərbi qulluqçuların sağlamlığının qorunması, qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıq və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan lazımınca istifadə edirlər. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəçisinin sağlamlığının keşiyində dayanmaq da şərəflidir.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"