Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:04

“Azərbaycanı beynəlxalq sülhyaratma missiyasında təmsil etmək qürurvericidir”

Əfqanıstan İslam Respublikasından sülhməramlılarımızın bir qrupu Vətənə dönüb. Onların təəssüratlarını qələmə almaq məqsədi ilə "N" hərbi hissəsində olduq.
Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini zabit Ramin Əliyev  qeyd etdi ki, NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən ordumuzun sülhməramlıları təntənəli surətdə yola salınır və qarşılanır.  Zabit onu da dedi ki, Azərbaycan Ordusunun Əfqanıstanda sülhməramlı missiyası 20 noyabr 2002-ci ildən başlayıb. "Bu tarixdən etibarən sülhməramlı bölüyümüz Əfqanıstanda beynəlxalq sülhyaratma əməliyyatlarına dəstək verməkdədir. İlk olaraq  22 nəfərlik sülhməramlı taqım Əfqanıstanda NATO-nun komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində fəaliyyət göstərməyə başladı. 2009-cu ilin oktyabrında isə Milli Məclis Əfqanıstandakı sülhməramlı kontingentin sayının iki dəfə artırılması barədə qərar qəbul etdi. Sülhməramlı kontingentin əsas tapşırığı Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsi, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində iştirak etməkdədir. Bu gün Azərbaycan sülhməramlı qüvvələri "Qətiyyətli Dəstək" missiyasına öz töhfəsini verməkdə davam edir."
"Sülhməramlı əməliyyatlara  şəxsi heyət hansı prinsiplər əsasında komplektləşdirilir?" sualına cavab verən zabit R.Əliyev bildirdi ki, birinci olaraq könüllülük prinsipi əsas götürülür. "Belə ki, hərbi qulluqçu raportla müraciət edir, müvafiq yoxlamalardan, tibbi müayinələrdən keçirilir və xüsusi hazırlıq proqramı əsas götürülərək onlardan məqbullar qəbul edilir. Şəxsi heyətin yüksək psixoloji və fiziki dözümlülük, mərdlik, cəsurluq, qətiyyətlilik, cəldlik, missiyada çətinlikləri dəfetmə bacarığı nəzərə alınır. Eyni zamanda çətin şəraitdə fiziki, psixoloji qabiliyyətini artırmaq məqsədilə günün nizam qaydasına uyğun olaraq nəzərdə tutulmuş vaxtlarda şəxsi heyətlə fiziki hazırlıq məşqləri, kütləvi idman işi, təlim, döyüş fəaliyyəti və müstəqil fiziki məşqlər təşkil olunur. Xüsusi hazırlıq zamanı şəxsi heyətə keçiriləcək missiyaya uyğun  yerli xalqla rəftar, onların adət və ənənələri, standart əməliyyat prosedurları  öyrədilir."
Kontingent rəhbəri zabit Səbuhi İsayev digər ölkələrdə Azərbaycanı dünyanın böyük dövlətlərinin sırasında sülhyaratma missiyalarında təmsil etməyin qürurverici olduğunu dedi. "NATO-nun Əfqanıstan İslam Respublikasında  həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyası tərkibində fəaliyyət göstərən ordumuzun sülhməramlı taboru 52 ölkə arasında xüsusilə seçilir. NATO komandanlığı tərəfindən bu, dəfələrlə qeyd edilib. Döyüş, mənəvi-psixoloji, fiziki hazırlıqları ilə seçilən şəxsi heyətimizin nümunəvi yüksək göstəriciləri sülhməramlı missiyada xidmətimizin uğurla aparılmasına zəmin yaradır. Sülhməramlılarımız peşəkarlıqlarını daim artırmaqla xidmətlərində yüksək nailiyyətlər qazanırlar".
Baş leytenant Ağəli Bağırov bildirdi ki, Azərbaycan Ordusunun zabiti kimi ölkəsini dünyanın ən güclü dövlətlərinin orduları sırasında təmsil etmək, doğrudan da, fəxrdir. "NATO geyim formasında, sinəmizdə fərqləndirici medal və Azərbaycanımızın üçrəngli bayrağı xidmətimizin uğurla aparılmasında məsuliyyət hissimizi  daha da artırır. Eyni zamanda ordumuzun bu missiyada iştirakı onu göstərir ki, torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan xalqı sülhpərvər, digər ölkələrdə də sülhü bərqərar etməyə çalışan xalqdır".

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"