Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2019 10:03

Zəfər günü uzaqda deyil

Döyüşdə qələbənin qazanılmasında hər bir qoşun növünün özünəməxsus rolu var. Belə ki, bir qoşun növünün rolu digəri ilə müqayisə oluna bilməz, çünki hər biri özəlliyi ilə fərqlənir. Döyüşün uğurla başa çatdırılmasında və qələbənin təmin edilməsində mühüm rol oynayan vasitələrdən biri də hərbi bölmələr arasında möhkəm və etibarlı rabitə əlaqəsinin təmin edilməsidir.
"N" hərbi hissəsinin artilleriya divizionunun rabitə bölməsinin fərdi hazırlıq dövründə fəaliyyəti ilə tanışlıq zamanı əmin oluruq ki, Azərbaycan Silahlı Qüvvələrinin rabitə bölmələri bu gün tarixi təməl üzərində yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
"Son illər Azərbaycan Ordusunda rabitəçi hərbçilərin hazırlığı da yüksək səviyyədə aparılır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının bilik səviyyəsi və hazırlığı xüsusilə diqqəti cəlb edir. Belə vətənpərvər zabitlərin rabitə bölməsində xidmət etməsi rabitəçi əsgər hazırlığında da mühüm rol oynayır", - deyə mayor Cəlal Mustafayev bildirdi.
Baş leytenant Şəhriyar Muradov tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində rabitəçilərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi: "Gördüyünüz rabitə aparatları vasitəsilə müxtəlif qoşun növləri arasında əlaqə yaradılır, səmərəli hücum strategiyasının təmin olunmasına dəstək verilir, düşmənin istehkam qurğuları, artilleriya batareyaları, sığınacaqları, eləcə də digər strateji hərbi obyekt və məntəqələri, canlı qüvvəsi barədə koordinatlar mərkəzə ötürülür. Nəticədə rabitə vasitəsilə taborlarla qərargahlar arasında da rabitə təmin edilir. Mövcud hava nəqli radio-rabitə aparatları rəislərlə və taborlarla əlaqənin yaradılması baxımından geniş imkanlara və mühüm əhəmiyyətə malikdir".
"Ermənilərin əsrlər boyu Azərbaycan torpaqlarına sahib çıxmaq iddialarından, onların xalqımıza qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətindən və məkrli düşmənə qarşı Vətən övladlarımızın, o cümlədən rabitəçilərimizin qəhrəmanlıqlarından çox misallar gətirmək olar. Göstərilən qəhrəmanlıq nümunələrində qadın hərbi qulluqçularımızın, xüsusilə rabitəçi qadınların rolu danılmazdır", - deyə çavuş Vüsalə Abışova vurğuladı.
Çavuş Samirə Musayeva və kiçik çavuş Vəfa Nağıyeva qeyd etdilər ki, onlarla rabitəçinin şəhidlik zirvəsinə yüksəlməsi, onların ikisinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi, hazırda rabitə sisteminin müxtəlif sahələrində çalışan 300-ə yaxın müharibə veteranının keçdiyi döyüş yolu onlar üçün örnəkdir.
Əsgər Həsən Mikayılzadə hesab edir ki, vəzifəsi cəbhənin ön xəttində yerləşən bölmələr ilə fasiləsiz rabitəni təşkil etməkdi: "Bu da məsuliyyət və cavabdehlik tələb edir. Çünki rabitəçi hücum edən hərbi hissələrlə birlikdə ön sıralarda komandirin yanında getməli, lazım olanda isə geriyə hamıdan sonra çəkilməlidi. Döyüşlərdə rabitəçilərin rolu böyükdür. Döyüşün gedişi rabitənin necə təmin olunmasından çox asılıdır".
Əsgər Elxan Atamoğlanov qeyd etdi ki, hər gün xidmət etdiyi yerdən tarixi torpaqlarımıza baxanda çox təsirlənir: "Azərbaycan qədim tarixə malik olan bir dövlət kimi şərəfli və qürur duyulacaq keçmişə malikdir. Keçən il Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı keçirilən paradlar da dediklərimin sübutudur. Düşünəndə ki, ermənilərin bu yaşadıqları ərazilər qədim Azərbaycan torpaqlarıdır, bax, onda adam öz torpağında düşmənin rahat gəzməsini həzm edə bilmir".
Əsgər Qüdrət Şirəliyev vurğuladı ki, ən böyük arzusuna gedən yol yüksək biliklərə yiyələnməkdən keçir: "Ən böyük arzum tarixi torpaqlarımızı, Qarabağımızı azad görməkdir. Əlbəttə, bu asan başa gəlməyəcək. Azərbaycan əsgəri bu yolda istənilən çətinliyə hazırdır. İnanırıq ki, zabitlərimizdən öyrəndiklərimizin, dərslərdə, təlimlərdə mənimsədiklərimizin hesabına xalqımızın səbirsizliklə gözlədiyi zəfər günü uzaqda deyil..."
 
Məhəmməd ƏLİYEV,  "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR