Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 09:35

“Xocalı faciəsi rənglərin dili ilə”

Erməni işğalçılarının törətdiyi Xocalı faciəsindən 27 il keçir. Bu dəhşətli faciənin ağrıları qəmli notlarla zərrə-zərrə musiqimizə, poeziyamıza, bədii əsərlərimizə, rəsm əsərlərimizə hopur. Bu soyqırımı qanlı faciəni əks etdirən əsərlərdə də yaşadılır.
Xocalı faciəsinə həsr olunmuş əsərlər daim bizi intiqama, qisasa səsləyir. Bu günlər ölkəmizin hər yerində Xocalı faciəsi mövzusunda yeni kitablar yazılır, yeni filmlər çəkilir. Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, hərbi hissə və birləşmələrdə Xocalı faciəsi ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir. C.Naxçıvanski adına Hərbi Liseydə də faciənin 27-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirildi. Hərbi lisey rəisinin əmri ilə təhsil ocağında Xocalı faciəsi mövzusunda rəsm müsabiqəsi oldu. Kursantlar bu müsabiqədə fəal iştirak etdilər.
C.Naxçıvanski adına Hərbi Liseydə fəaliyyət göstərən rəsm dərnəyinin rəhbəri Xamis Əkbərov müsabiqədən söz açaraq dedi:
- Xeyli müddətdir ki, C.Naxçıvanski adına Hərbi Liseydə "Xocalını unutmayaq" devizi altında "Xocalı faciəsi rənglərin dili ilə" mövzusunda rəsm müsabiqəsi keçirilir. Rəssamlığa böyük maraq və həvəs göstərən kursantlarımız bu müsabiqədə fəal iştirak edirlər. Onlar təxəyyüllərinə söykənərək bu mövzuda maraqlı tablolar çəkirlər. Kursantlarımız faciə barədə geniş məlumatlı olduqlarından əsərlərində faciəni dolğun və geniş əks etdirirlər. Bunlar onu göstərir ki, böyüməkdə olan gənclik Xocalı faciəsini unutmur, onu ürəyində, qəlbində və yaddaşlarında yaşadır. Yaşadıqları hiss və duyğuları da rənglərin dili ilə ifadə etməyə çalışır. Kursantlar mövzunu dərindən mənimsədiklərinə görə məqsədlərinə nail olurlar. Çəkdikləri mənalı əsərlər onların gələcəkdə böyük uğurlar qazanacaqlarından xəbər verir.
Qısa söhbətdən sonra rəsm dərnəyi otağına baş çəkdik. İçəri girəndə kursantları iş başında gördük. Onlar mövzuya uyğun olaraq müxtəlif səpkili əsərlər çəkirdilər. Əsərlər müxtəlif olsa da, ümumilikdə Xocalı faciəsini əks etdirirdi. Kursantların çəkdiyi əsərlərdə erməni işğalçılarına qarşı böyük nifrət hiss olunur. Gənc rəssamların bacarığı elə ilk addımdan diqqətimizi çəkir. Müsabiqədə isə ən yaxşı əsərlərə yüksək qiymət veriləcək. Rəsm yarışmasının iştirakçıları olan kursantlardan Aliağa Ağamirzəyev, Rauf Bəkirov, Əli Əliyev, Miri Həsənov, Murad Ağayev, Şanxal Əkbərli, Tural Həsənov, Tunar Muradzadə, Elmar Bayramov, Rəfael Cərullayev, Elçin Ələsgərzadə, Sərxan Aslanov və başqaları ilə söhbət etdik. Onların çəkdikləri rəsm əsərləri ilə yaxından tanış olduq. Çəkilən əsərlər bir daha kursantların vətənpərvərlik hissləri ilə yaşadıqlarını göstərir. Təbiidir ki, bu hisslərə köklənən kursantlarımız bütün müsabiqələrdən qalib çıxacaqlar.
 

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey