Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 09:16

“Zabit qüruruyla yaşamaq nə gözəldir”

Leytenant Yusif Məmmədovla "N" hərbi hissəsində tanış olduq. Öyrəndim ki, gənc zabit öz arzusu, valideynlərinin dəstəyi ilə C.Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbin sirlərinə dərindən yiyələnib. Yusifin bacarıqlı və savadlı, seçdiyi peşəyə ürəkdən bağlılığı hər kəlməsində hiss olunurdu. Zabit tabeliyində xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən danışaraq bildirdi ki, ordu sıralarında xidmət edən gənclərimizin  döyüş ruhu yüksəkdir. “Qarşımızda duran əsas vəzifə əsgərlərimizin mənəvi-psixoloji cəhətdən hər an döyüşə hazır olmasıdır. Bunun üçün döyüş hazırlığı planına əsasən mütəmadi olaraq müxtəlif növ təlimlər, praktiki məşğələlər həyata keçiririk. Ancaq unutmamalıyıq ki, hərbi bilikləri öyrətməklə yanaşı, xidmətdə olan hər bir gəncə ilk öncə vətənpərvərlik, döyüş ruhu, milli-mənəvi dəyərlər aşılamalıyıq. Bunun üçün əsgərlərimizin asudə vaxtları səmərəli keçməlidir ki, onlar hər hansı bir biliyə yiyələnsinlər. Bizlər də yuxarı komandanlığın icazəsi ilə şəxsi heyəti rayon mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə, mədəniyyət ocaqlarına aparırıq. Çalışırıq ki, hərbi xidmət onların yaddaşına əbədi həkk olunsun.
Tabeliyimdə xidmət edən hər bir əsgər dərsə həvəslə yanaşır, yüksək bacarıq nümayiş etdirir, verilən tapşırıqların öhdəsindən uğurla gəlir. Mən də onların bu çalışqanlığını görəndə seçdiyim peşəmlə fərəhlənirəm, Azərbaycan Ordusuna layiqli zabit olmağım üçün var qüvvəmlə çalışıram. Arzumdur ki, Qarabağımızı düşmən tapdağından azad edənlərin sırasında olum. Çox istəyirəm ki, gələcəkdə oğlum da mənim yolumu davam etdirsin. Çalışacam ki, övladım Vətəninə bağlı, Vətənini sevən, dostlarına sədaqətli, dövlətinə layiqli vətəndaş olaraq formalaşsın”, - deyə leytenant Yusif Məmmədov bildirdi. 
Ordumuzun gücünü, döyüş qabiliyyətini görmək, sıralarında xidmət edən bu cür savadlı, cəsur, şücaəti və qorxmazlığı ilə seçilən komandirlərimizi tanımaq hər birimizi sevindirir. Onların vətənpərvərliyi bizləri əmin edir ki, ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hazırdır. Xalqımızın Böyük Qələbəni qeyd edəcəyi gün uzaqda deyil!..


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR