Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2019 09:15

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirilib

"Kaspi" liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə nümayiş etdirilən rəsmlər veteranlarda dərin təəssüratlar oyadıb.
Tədbirdə tanınmış yazıçı, publisist Hüseynbala Mirələmovun "Xəcalət" povesti əsasında hazırlanmış kompazisiya nümayiş etdirilib. Şagirdlər ifaları ilə  öz dədə-baba yurdlarından didərgin düşən soydaşlarımızın Vətən nisgilini, el-oba həsrətini iştirakçıların nəzərinə çatdırıblar.
"Kaspi" Təhsil Şirkətinin idarə heyətinin sədri Sona Vəliyeva Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsində reallaşan tədbirin məqsədi barədə məlumat verib. S.Vəliyeva ermənilərin xalqımıza qarşı törətdikləri faciələri, qətliamları "dənizdən-dənizə böyük Ermənistan" xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğunu diqqətə çatdırıb. S.Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olmalıdırlar.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat verib, soyqırımın tanınmasında dövlətimizin apardığı ardıcıl və məqsədyönlü siyasətdən danışıb. Gələcəkdə belə halların təkrarlanmaması üçün gənclərin elmə, təhsilə yiyələnməsinin vacibliyini qeyd edib. "Azərbaycanda gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin nəticələridir.
Biz düşmənə layiqli cavab verməyi bacarırıq. Belə şərəfli missiyanı isə yalnız vətənpərvər insanlar yerinə yetirə bilər. Bu gün gənclərimizin milli ruhda yetişməsi bizi sevindirir. Veteranlar Təşkilatı da yeniyetmə və gənclərimizin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl işlər görür. Veteranlarla gənclərin  görüşləri təşkil edilir, onların vətənpərvər ruhda tərbiyəsi məqsədi ilə əməli tədbirlər həyata keçirilir. Veteranlar məktəblərdə keçirilən hərbi dərslərdə aktiv iştirak edirlər.”
Böyük Vətən müharibəsi veteranı Ulduz Səttarov çıxış edərək tarixin ən qanlı müharibəsini görmüş bir döyüşçü kimi gənclərə tövsiyələr verib. Onlara Vətəni sevməyin vacibliyini çatdırıb: "Biz Böyük Vətən müharibəsində faşizmi gördük və onun acılarını yaşadıq. Faşizmi yer üzündən silmək, azadlıq və Vətən üçün döyüşdük, canımızı, gəncliyimizi bu yolda fəda etdik. Müharibə bitdiyində biz faşizmi tamamən məhv edə bilmədik.  Daha qəddar olan erməni faşizminin 1992-ci il fevralın 26-da bir daha şahidi olduq. Mən sizə qətiyyətlə bildirirəm ki, erməni faşizmi daha qəddar və daha amansız oldu. Onların murdar xislətinin misli bərabəri yoxdur".
Sonda Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı  ilə "Kaspi" liseyinin təhsildə fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

"Azərbaycan Ordusu"