Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 10:39

Xocalı faciəsi müsabiqələrdə

Dayanmadan ötüb keçən zaman yavaş-yavaş hadisələri bizdən uzaqlaşdırır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının Xocalıda törətdikləri soyqırımı hadisəsindən 27 il keçir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, hərbi hissə və birləşmələrdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar müxtəlif səpkili tədbirlər keçirilir. C.Naxçıvanski adına Hərbi Liseydə də faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər hazırlanır. Hərbi lisey rəisinin əmri ilə təhsil ocağında Xocalı faciəsi mövzusunda inşa, bədii-qiraət və şeir müsabiqəsi keçirilir.
C.Naxçıvanski adına Hərbi Liseydə fəaliyyət göstərən bədii qiraət və natiqlər dərnəyinin rəhbəri, müsabiqə komissiyanın sədri Naibə Şəmşiyeva tədbirin keçirilməsindən söz açdı:
- C.Naxçıvanski adına Hərbi Liseydə Xocalı faciəsinin 27-ci ildönümü münasibəti ilə "Xocalını unutmayaq" devizi altında kursantlar arasında "Xocalı faciəsi duyğuların dili ilə" bədii-qiraət və şeir müsabiqəsi keçirilir. O qanlı gecəni özündə əks etdirən, tarixin böyük hadisəsinin donduğu rəsmlərlə əhatə olunmuş otaqda keçirilən müsabiqədə iştirak edən kursantlar ölkəmizin tanınmış şairlərinin Xocalı ağrısından yazdıqları şeirləri söyləməklə yanaşı, özlərinin də faciə ilə bağlı qələmə aldıqları nəzm əsərlərini münsiflər heyətinə təqdim etdilər. Komissiya üzvləri kursantları dinləyərək obyektiv qiymətləndirdilər. Hiss olunur ki, kursantlar müsabiqəyə ciddi hazırlaşıblar.
Sabahımızın zabitləri olacaq kursantlar bu anlarda özlərini şeir müsabiqəsində deyil, döyüş meydanlarında hiss edirlər. Yurdumuza hücum çəkmiş düşmənlərlə döyüşüb vuruşurlar və böyük hünər göstərərək qalib gəlirlər. Azərbaycanın üçrəngli bayrağını  işğal olunmuş ərazilərimizdə dalğalandırırlar.  
C.Naxçıvanski adına Hərbi Liseydə "Xocalını unutmayaq" devizi altında "Xocalı faciəsi kursant təfəkküründə" mövzusunda inşa müsabiqəsi də keçirildi.
Dərnək rəhbəri, inşa müsabiqəsi komissiyasının sədri Gülsəda Quluqızı bildirdi ki, kursantlarımız müsabiqə zamanı faciə barədə bildiklərini ortalığa qoyaraq bu mövzuda daha dəyərli inşa yazmağa çalışırlar. Müsabiqədə fəallıq göstərən kursantlardan Emil Hüseynli, Seyfəddin Orucov, Cəmil Məmmədzadə, Əmrah İsayev, Fərhad Şıxıyev, Yaqub Əhmədov, Rasim Nuruzadə, Rüstəm Novruzovun adlarını çəkmək istərdim. İnanıram ki, müsabiqənin qalibləri onların arasından seçiləcək.
İnşaları qiymətləndirəcək münsiflər heyətinin üzvləri polkovnik-leytenant Ceyran Abbasova, mayor İradə Həsənova, Lətafət Əmirova, Vüsalə Nuruyeva və başqaları müsabiqənin çox obyektiv keçdiyini, ən yaxşı inşalara yüksək qiymət veriləcəyini qeyd etdilər.
İnşa müsabiqəsinin gərgin və maraqlı anlarıdır. Kursantlar biliklərinə, təfəkkürlərinə əsaslanaraq Xocalı faciəsinə həsr olunmuş inşalar yazırlar. Onların üz-gözündən bu qanlı faciəni törətmiş erməni işğalçılarına qarşı nifrət hissi yağır. Deməli, belə müsabiqələrin keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki gələcəyimizin zabitləri olacaq kursantlar həm Xocalı faciəsini daha dərindən öyrənir, həm də onlarda düşmənə qarşı nifrət hissi artır. Bu hiss, bu ovqat kursantlarımızı döyüş meydanlarına, düşmən üzərində qələbəyə səsləyir.       
 
 Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey