Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 10:37

“Doğma torpaqlarımıza qayıdacağıq”

Salam ata, necəsən? Anam necədir? Bilirəm, hərbi xidmətimi başa vuraraq, evimizə sağ-salamat qayıdacağım günü səbirsizliklə gözləyirsiniz. Sizlər üçün çox darıxmışam, ancaq Vətənimizi yağılardan qorumaq mənə güc verir. Məndən nigaran qalmayın. Bilirəm,  anamın fikri hər zaman yanımdadı. Fikirləşir, görən nə yeyirəm, soyuq deyil ki mənə?.. Anama deyərsən ki, burada bizim üçün hər cür şərait yaradılıb. Rahat yataq yerimiz, səliqəli geyimlərimiz var.  Yeməklərimizi aşpaz analar bişirirlər. Evdə olduğu kimi bütün təamlar dadlı və keyfiyyətli hazırlanır. Mütəmadi olaraq həkim yoxlanışından da keçirik. Komandirlərimiz bizdən diqqət və qayğılarını əsirgəmirlər.
Ata, indi səni daha yaxşı başa düşürəm. Yadımdadır, həmişə mənə Qarabağda döyüşdüyün günlərdən, doğma Laçınımızın zəngin təbii sərvətindən və əsrarəngiz gözəlliyindən danışardın. Ancaq istəmirəm ki, övladlarım da ata-baba yurdumuzun hekayələri ilə böyüsünlər. Oralarda doğulub böyüməsəm də, həmişə Laçınımızı tezliklə görmək hissi ilə alışıb yanıram.
Yolunu layiqincə davam etdirdiyim, Vətənimizin keşiyində dayandığım üçün oğlunla qürur duya bilərsən. Yoldaşlarımla gecə-gündüz yurdumuzu qoruyuruq. Düşmənə bir addım da irəliləməyə imkan vermirik. Komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyirik.
Ata, dostum Orxana salam deyərsən.  O da tezliklə bizim sıralarımıza daxil olacaq. Denən ki, hərbi xidmət bizim fikirləşdiyimiz kimi çətin deyil. Burada hamımız dostuq, qardaşıq.
Hərbi xidmətdə çoxlu dostlar qazanmışam. Onlarla aramızda qarşılıqlı səmimiyyət və hörmət yaranıb. Asudə vaxtlarımızda bir yerə yığışır,  şahmat və dama oynayırıq. Torpaqlarımızın hər qarışı bizim üçün doğmadır və əzizdir. Qoy hamı bilsin ki, ordumuz gündən-günə güclənir. Müntəzəm olaraq keçirilən təlimlərdə peşəkarlığımızı da artırırıq. Ermənilər də hər addımımızda gücümüzü, qüdrətimizi hiss edirlər. Həmişə deyərdin, bizim bir amalımız var: doğma el-obamızdan erməniləri qovub çıxarmaq. İnanıram ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə bizim kimi el-obasından didərgin düşmüş soydaşlarımızı sevindirəcəyik.

Əsgər Rəvan RƏSULZADƏ, "N" hərbi hissəsi