Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 10:36

Vətən bizə güvənir

Bu gün xalqımızın Qarabağ sevgisini yaşatmaq naminə canlarından keçməyə hazır olan minlərlə əsgər və zabitimiz var. Bir ordunun mövcudluğu, dünyanın aparıcı orduları ilə müqayisə olunması üçün onun sağlam kadrlarla komplektləşməsi vacib şərtdir. Çünki ordunun müasir tələblərə uyğun formalaşdırılması və möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial gənc kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Belə zabitlərimizdən biri də leytenant Şahin Zeynalovdur. Mingəçevir Politexnik Universitetinin məzunu olan gənc zabit hesab edir ki, Azərbaycan Ordusu və onun şəxsi heyəti tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Ona görə ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır: "Əvvəlki illərlə müqayisədə praktiki məşğələlərə, praktiki dərslərə xüsusi önəm verilir. Nəzəri dərslərdən sonra çöl çıxışlarında praktiki vərdişlər artırılır".
Həmin hazırlığın nəticəsidir ki, aprel döyüşlərində ordumuz xalqımıza qələbə sevinci bəxş etdi: "Apardığımız döyüş əməliyyatları bir daha sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ordumuzun qüdrəti, silah-sursat arsenalımızın gücü sayəsində düşmənə ağır, sarsıdıcı zərbələr vuruldu və qəhrəmanlıq tariximizin yeni səhifəsi yazıldı".
Zabit onu da bildirdi ki, diqqət və qayğı əsgəri nümunəvi xidmət etməyə ruhlandıran əsas amillərdən biridir. Qışın bu günündə qarşısına qoyulan tapşırığın öhdəsindən gələn Azərbaycan əsgərinə qəhrəman sözü yaraşır, - deyə zabit sözünə davam etdi. - Havanın soyuq olması əsgərlərimizi heç zaman qorxutmur. Əksinə, bütün dərs və təlimlərdə daha həvəslə iştirak edirlər. Hər bir komandir üçün tabeliyində bacarıqlı və peşəsinə dərindən yiyələnən əsgərin olması vacib şərtdir.
Zabit onu da əminliklə bildirdi ki, tezliklə torpaqlarımız işğaldan azad ediləcək, düşmən üzərində qələbə qazanacağıq. Bu qələbədə biz də iştirak edəcəyik. Bu, bizim  vətəndaşlıq borcumuzdur. Vətən bizə güvənir və bizdən hünər gözləyir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"