Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 10:35

Şəhidlər ölmür

Bəlkə də insanla torpaq arasındakı doğmalıq insanın son nəfəsdən sonra torpağa qayıdışındadır... Bəziləri ömür yolunu sadə başa vuraraq torpağa qovuşurlarsa, bəziləri şəhidlik zirvəsinə yüksələrək qovuşurlar.
Yalnız müqəddəs amal uğrunda vuruşan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, cəsarətli, hünərli, qorxmaz insanlar çatırlar bu yüksəkliyə.
Elnur Əliyev 1976-cı il avqustun 16-da Füzulinin Dədəli kəndində anadan olmuşdu. Tanışları sakit təbiətli Elnurun qoçaq, igid olduğunu bilmirdilər. Sakit olması, başını aşağı salıb yeriməsi onu insanlara fərqli tanıtmışdı. Elnur  böyüdü. Hərbçi olmağı qərara almışdı. Bu niyyətlə 8-ci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu. Elnur ilk günlərdən fərqlənirdi. Hərbi liseydən sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi...
Leytenant Elnur Əliyev Tovuza xidmətə göndərilir. Ailədə 4 uşaq olublar. Valideynləri həyatdan vaxtsız köçüb. Böyük qardaş olan Elnur sanki onlara bir ana-ataymış kimi qayğı göstərir.
Elnur şəhid olmuşdu. Şəhidin oğlu Elvin Əlizadə atasının tabutunu qucaqlıyıb ağlayır. "Bu mənim atama son sarılmağımdı, mən onu bir daha görə bilməyəcəm", - demişdi Elvin. Nəşinin üzərinə örtülən üçrəngli bayraq Elvinə təqdim olunmuşdu. O, bayrağı öpərək bağrına basmışdı.
 "Atama deyirəm ki, yuxularıma gəl. Nə arzun, istəyin varsa, de. Mən onları gerçəkləşdirərəm. Sənin ürəyində heç bir gerçəkləşməmiş arzun qalmayacaq, ata. Torpaqlarımızı da işğaldan azad edəcəyik".

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi