Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 10:26

Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibəti ilə tədbir keçirildi

Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,  Müdafiə Nazirliyinin idarə və təşkilatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak edirdilər.
Öncə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda və  Əfqanıstan müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov çıxış edərək bildirdi ki, 1979-cu il dekabrın 25-dən 1989-cu il fevralın 15-dək keçmiş Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyat keçirib. "SSRİ-nin tərkibində olan keçmiş sovet respublikalarından 68 millətin nümayəndəsindən ibarət 620 mindən çox hərbçi Əfqanıstandakı əməliyyatlarda iştirak edib. On illik Əfqanıstan müharibəsində 9000-dən artıq azərbaycanlı  iştirak edib. Onlardan 208-i müharibədə həlak olub, 420 nəfər əlil olub, 7 nəfər isə itkin düşüb. Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları Qarabağ müharibəsində də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına, yüzlərlə veteran isə müxtəlif orden və medallara layiq görülüblər. Azərbaycanlı veteranların fədakarlıqları gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir".
Xidmət rəisi bu gün ölkəmizdə 7 minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu, onların cəmiyyət həyatında fəal iştirak etdiklərini və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini vurğulayaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin iştirakçılarına yüksək diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və "Döyüş Qardaşlığı" Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı general-leytenant Ruslan Auşev bildirdi ki, Əfqanıstan müharibəsinin başa çatmasından 30 il keçməsinə baxmayaraq həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb. "Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi".
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı ölkəmizdə keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirən general-leytenant Ruslan Auşev Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla söz açdı.
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına və Əfqanıstan müharibəsi veteranlarına təbrikini çatdırdı. 
"Əfqanıstanda gedən müharibə illərində beynəlmiləlçi döyüşçülər əvəzsiz döyüş təcrübəsi qazanıb, bacarıqlarını yüksəldib və adlarını qəhrəmanlar sırasına yazdırıblar.
Bugün biz müharibədə cəsarət, şücaət, mərdlik və vətənpərvərlik nümayiş etdirənlərə öz ehtiramımızı bildirir, onları dərin hörmətlə yad edirik.
Təəssüflər olsun ki, bu müharibədə qələbələrlə yanaşı, bizə əziz və yaxın olan döyüş yoldaşlarımızı da itirmişik. Əfqanıstandan qoşunların çıxarılması günü həm də orada həlak olan bütün hərbi qulluqçularımızın xatirəsinin yad edildiyi bir gündür. Müqəddəs hərbi vəzifəni layiqincə və şərəflə yerinə yetirənləri daim xatırlamaq bizim borcumuzdur.
Bu gün siz sarsılmaz döyüş qardaşlığının ənənələrini göz bəbəyi kimi qoruyur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə verir, xidmət yoldaşlarınızı və həlak olanların ailələrini dəstəkləyirsiniz.
Bir daha qoşunların Əfqanıstandan çıxarılması günü münasibətilə sizi təbrik edir, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram".
Əfqanıstan müharibəsi veteranları adından söz alan Şakir Əhmədov tədbir iştirakçıları ilə xatirələrini bölüşdü, onlara göstərilən yüksək diqqət və qayğıdan danışdı. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində veteranların daim fəal iştirak etdiklərini vurğulayaraq, onların torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev  veteranları təbrik edərək bildirdi ki, bu müharibənin iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərərək, üzərlərinə düşən məsul vəzifəni layiqincə yerinə yetiriblər. "Müharibə iştirakçılarının xidmətləri dövlət tərəfindən daim qiymətləndirilir. Müharibənin od-alovundan keçən insanlar ləyaqətli vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir. Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsini, onların sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlayır".
Çıxışlardan sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olundu.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə başa çatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"