Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2019 10:24

Uğurlara təminat yaradan Azərbaycan əsgəri

Döyüş zamanı düşmənin hərəkət istiqamətini çətinləşdirən, hücum cəhdinin qarşısının alınmasında  piyada əleyhinə, tank əleyhinə minaların basdırılması kimi mühəndis-istehkam tədbirlərinin görülməsi vacib şərtlərdəndir. Bu mənada istehkamçıların xidməti əvəzolunmazdır. Ona görə də daim döyüş vərdişlərini artıran ordumuzun istehkamçıları təlimlərə üstünlük verir, bilik və bacarıqlarını artırırlar. "N" hərbi hissəsinin ön xəttə yaxın yerləşən mühəndis-istehkam bölməsində təlim çalışmaları zamanı əsgərlərin təcrübədən necə  fəallıqla yararlandığının və yüksək döyüş vərdişlərinə yiyələnmək üçün qurğuların incəliklərini öyrənməyə böyük səy göstərdiyinin şahidi oluruq.
Zabit Seymur Abıyevdən öyrənirik ki, istehkamçılarımız məşğələlərə böyük diqqət ayırır. Bu səbəbdən də əsgərlər yüksək bilik və bacarıqlara yiyələniblər. "Onu da qeyd edim ki, ötən təlim dövrünün yekunlarına görə, hərbi hissəmiz döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi baxımından ön sırada olub. Bu da hərbi hissədə xidmət edən zabitlərin, gizirlərin əməyinin bəhrəsidir. Əsgərlər də öz növbəsində hərbi xidmətə, təlim və məşqlərə ciddi yanaşırlar. Bütün bunların sayəsində onlar qısa  zamanda istədikləri nəticəni əldə edirlər. İstehkam bölməsində də bilikli, təcrübəli zabit və çalışqan əsgər heyəti xidmət edir. Əsgərlər məşğələlərdə  döyüşdə olduqca vacib və gərəkli olan mühəndis-istehkam qurğularının, cihazlarının sirlərinə yiyələnir, biliklərini artırırlar".
Belə nümunəvi, bacarıqlı, təlimdə möhkəmlənmiş əsgərlərdən biri də baş istehkamçı Namiq Abdullayevdir. Namiq İdman Akademiyasını bitirib. "Vətənimizin keşiyində dayanmaq hər bir Azərbaycan övladının borcudur. Xidmətə başladığım ilk gündən hərbi vərdişlərə dərindən yiyələnməyə və həmişə üzərimə düşən vəzifənin məsuliyyətini hiss edib, onun öhdəsindən layiqincə  gəlməyə çalışmışam. Komandirlərimiz biz əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığına ciddi önəm  verir, qayğılarımızı yaxından öyrənib həllinə səy göstərirlər. Onlar qurğularla bağlı mükəmməl hərbi bilikləri bizə aşılayırlar. Döyüş bacarığımızı artırmaq üçün tez-tez taktiki təlimlərdə iştirak edirik. Əldə etdiyimiz biliklərlə arxayınlaşmırıq. Keçirilən məşğələlərdə müasir istehkam qurğularından da istifadə qaydalarını öyrənirik. Onlar barədə müfəssəl bilikləri də təcrübə zamanı qazanmışıq. Qarşımızda çox da uzaq olmayan məsafədə düşmən mövqeləri yerləşir. Biz hər an düşməndən müdafiə olunmaq üçün sayıqlığımızı artırırıq. Axı döyüş zamanı istehkamçılar öndə gedənlər olurlar", - Namiq dedi. 
Əsgər Namiq Abdullayev verilən  təlim çalışmalarını yerinə yetirməyə davam edir. O, tapşırığı digər əsgərlərlə birlikdə yerinə yetirir. Onlar ərazidə basdırılmış piyada və tank əleyhinə minaları aşkarlayır və  sonra da zərərsizləşdirirlər. Bax, beləcə, Azərbaycan əsgəri texnikanın sirlərinə yiyələnməklə və biliklərini artırmaqla ordumuzun mühəndis-istehkam təminatının möhkəmlənməsinə töhfələrini verir. Azərbaycan əsgəri uğurlara təminat yaradır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR