Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 12:05

MOİK zirvəyə qayıtdı

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda ikinci dövrəyə start verilib. Artıq ikinci dövrənin iki turu arxada qalıb. İlk dövrənin böyük hissəsində lider olan və yalnız son 3 turdakı "büdrəmələr" nəticəsində zirvədən düşən MOİK artıq liderliyi geri qaytarıb.
"Hərbçilər" XIV tur çərçivəsində "Kəpəz"in qonağı olub. Gəncə səfərində komanda ilin ilk rəsmi oyununa çıxıb. Raul Yaqubzadənin het-trik etdiyi görüşdə 3:0 hesablı darmadağınla qalib gələn MOİK-ə sonradan bu oyuna görə texniki qələbə verilib. Buna səbəb rəqibin adı protokolda qeyd olunmayan futbolçunu meydana buraxması olub. AFFA İntizam Komitəsinin qərarı ilə "Kəpəz" klubuna texniki məğlubiyyət verilib, hesab olduğu kimi - 0:3 saxlanılıb.
XV turda isə MOİK "Turan Tovuz" ilə qarşılaşıb. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda "hərbçilər" növbəti inamlı qələbəsini qazanıb. İlqar Ələkbərov, Ümid Şükürlü və Bahadur Həziyevin qolları ordu klubuna yenə 3:0 hesablı qələbə qazandırıb.
Komandamız liderin xal itkisindən istifadə edərək turnir cədvəlinin zirvəsinə qalxıb. Hazırda Azər Bağırovun yetirmələrinin ehtiyatında 35 xal var.
Klubun baş məşqçisi Azər Bağırov müsahibəsində bildirib ki, əsas məqsədləri turniri qalib başa vuraraq güclülər liqasına yüksəlməkdir. "Biz hər oyuna final oyunu kimi baxır, qələbə qazanmaq üçün meydana çıxırıq. Bir sözlə, çempionluğa iddialıyıq. Birinci dövrəni ikinci pillədə başa vursaq da, ruhdan düşmədik. Əzmkarlıqla  təlim məşqlərimizi davam etdirdik, komanda şəklində nöqsanları aradan qaldırdıq. İkinci turda keçirilən hər iki oyunda inamlı qələbə qazandıq. Məşqlər zamanı çəkdiyimiz zəhmətin bəhrəsini yaşıl meydanlarda gördük. Komandanın hər bir üzvündən razıyam. İstər məşqlərdə, istərsə də oyun zamanı hər biri əlindən gələnin ən yaxşısını edir. Meydanda sona qədər mübarizə aparırlar. Qələbə qazanmaq üçün mübarizlik əsas şərtdir. Futbolçuların da hər biri yaxşı anlayır ki, sehirli ayaqlara sahib olmaqla yanaşı, dözümlü, cəld və iradəli olmalı, sona qədər mübarizə aparmalıdır. Bunun üçün də komandanın hər bir üzvü öz üzərində daima çalışır, futbol bacarıqları ilə yanaşı fiziki güclərini də artırırlar. Ürəkdən inanıram ki, turnirin sonunda qalib olacaq, güclülər liqasına vəsiqə qazanacağıq".


Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"