Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 12:03

“Asudə vaxtımız maraqlı keçir”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Döyüş növbətçiliyi aparan Vətən övladlarının görüşünə gəlmişik. Mayor Orxan Nəsirov şəxsi heyət üçün yaradılan sosial-məişət şəraitindən danışdı. Zabit bildirdi ki, əsgərlərimizin döyüş növbətçiliyindən sonra vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. "Döyüş mövqeyində olan əsgərlərimiz yuxarı komandanlığın daima diqqət mərkəzindədirlər. Əsgərlərimiz dadlı və keyfiyyətli təamlarla qidalanır, mütəmadi olaraq təmiz yataq dəstləri ilə təmin olunurlar. Havaların soyuq keçməsini nəzərə alaraq tez-tez həkim müayinəsindən keçirlər. Vaxtında hər hansı bir xəstəliyi aşkarlamaq, onun yayılmasının qarşını almaq həkimlərin ən başlıca vəzifələrindən biridir. Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçməsi də vacib məsələlərdəndir. Biz zabitlər çalışmalıyıq ki, əsgərlərimiz həm istirahət etsinlər, həm də hər hansı bir biliyə yiyələnsinlər. Bunun üçün bütün bölmələrin dayaq mərkəzlərində, həmçinin mövqelərdə kitab rəfləri, televizor, radio, dama və şahmatlar vardır".
Zabitlə birgə mövqeyə çatırıq. İstirahət üçün ayrılmış otaqda Vətənin keşiyini çəkən oğullarımızın şahmat oynadıqlarının şahidi oluruq. Oyun başa çatdıqdan sonra söhbətə başlayan əsgər Layiq Hüseynov artıq xidmətini başa vurmağına az qaldığını bildirdi. "Hərbi xidmətdə keçən hər gün yaddaşıma əbədi həkk olunub. Həmin günlərdən ən yadda qalanı Vətənimizə layiqli övlad olacağıma, onun mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacağıma and içdiyim gündü. Çox sevincli, həm də həyəcanlı idim. Çünki üzərimə çox ciddi məsuliyyət düşmüşdü. Vətən torpaqları mənə əmanət idi. Bunun üçün əlimdən gələni əsirgəməməliydim. Artıq xidmətimin böyük hissəsini geridə qoymuşam. Ancaq vaxtın necə keçdiyini hiss etmədim, çünki hər günümüz səmərəli və maraqlı keçirdi. Asudə vaxtlarımızda müxtəlif radio verilişləri dinləyir, kitab və qəzet oxuyuruq. Xidmətə yeni başlayan qardaşlarıma nizam-intizamlı, cəsur, mərd olmalarını komandirlərin öyrətdiklərini dərindən mənimsəmələrini, ən əsası döyüş mövqeyində təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edirəm".
- Asudə vaxtlarımız çox maraqlı keçir. Mütəmadi olaraq əsgər yoldaşlarımızla şahmat, dama üzrə yarışlar keçiririk, - deyə əsgər Kərim Ağamirzəyev söhbətimizə qoşuldu. - Stolüstü oyunda gah qalib gəlirsən, gah da uduzursan. Ancaq bizim üçün oyunda deyil, düşmən üzərində qalib gəlmək önəmlidir. Əslən Ağdam rayonunun Xıdırlı kəndindənəm. Doğma kəndimiz işğal altındadır. Mülkidə olanda həmişə televiziya, internet vasitəsiylə ata-baba yurdumuza baxardım. Tarix kitablarından da Ağdamın zənginliyi, insanlarının cəsurluğu haqqında çox oxumuşam. Yenidən o torpaqlara qayıdacağımız günün həsrətindəyəm. Əminəm ki, tezliklə torpaqlarımızı işğaldan azad edib xalqımıza Böyük Qələbəni bəxş edəcəyik. Bunun üçün də xidmətimizi düzgün təşkil edir, hərbi bilik və vərdişlərə dərindən yiyələnirik. Döyüş meydanında aprel qələbəsini təkrarlamaq üçün Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq!


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR