Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 12:02

Şəxsi heyətin qidalanması da diqqət mərkəzindədir

Azərbaycan Ordusunun bu gün dünyanın ən güclü orduları sırasında olması qürurvericidir. Şəxsi heyətin döyüş hazırlığı, fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi əsgərlərə yaradılan sosial-məişət şəraiti ilə də ölçülür. Bu gün ordumuzun şəxsi heyətinin döyüş ruhunun, onun sosial rifahının yüksək saxlanması üçün rəhbərlik xeyli işlər görür. Yeni tikilən hərbi hissələrdə şəxsi heyətin müasir səviyyədə sosial-məişət şəraiti ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Bir sözlə, şəxsi heyətin gündəlik fəaliyyətinin düzgün təşkili üçün hər şey düşünülüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və rəhbər heyətin ön xətdə yerləşən hərbi hissələrə səfəri, hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olması, şəxsi heyətin qayğı və problemləri ilə maraqlanması ordumuzun döyüş gücünə müsbət təsir edən əsas amillərdəndir. Təbiidir ki, döyüş ruhu yüksək olan əsgər istənilən döyüşdə qalib olur. Əsgərin döyüş ruhunun yüksək olması üçün düzgün qidalanma da əsas şərtlərdəndir. Artıq bu gün Müdafiə naziri  general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə qida rasionunda köklü dəyişikliklər edilib və əsgər qidalarının keyfiyyətinin yaxşılaşdırılması üçün xeyli işlər görülüb.
Ön xətdə yerləşən "N" hərbi hissəsində kapitan Rail Ağayevlə birgə şəxsi heyətin nahar yeməyində iştirak etdik.
Yeməkxana növbətçisi baş gizir Şəmsi Məhərrəmzadə günün menyusu və qida rasionu ilə bağlı bizi məlumatlandırdı. "Bugünkü nahar yeməyində düşbərə supu, vermişel süzməsi və kartof qızartması, eyni zamanda tərəvəz salatı (xiyar, pomidor və soğan), kampot və alma veriləcək. Əsgərlərin soyuq havaya qarşı immunitetini möhkəmləndirmək məqsədilə vitamin və sarımsaq da verilir. Yeməklərimizdə əsasən milli xörəklər üstünlük təşkil edir.”
Yeməkxana rəisi baş gizir Anar Əhmədov yeməklərin saxlanma şəraiti və əsgər norması barədə məlumat verdi. "Ərzaqlar müasir soyuducu avadanlıqlar vasitəsilə müxtəlif kameralarda və müvafiq temperaturlarda qorunub saxlanılır. Gündəlik normaya əsasən yeməklər təcrübəli aşpazlarımız tərəfindən hazırlanır. Mətbəxdə çalışan personal aşpazlıq ixtisası üzrə lazımi göstəricilərə cavab verməlidir. Gigiyena qaydaları, yeməklərin hazırlanmasında istifadə olunan ərzaq və ədviyyatların miqdarına (bir əsgər üçün ərzaq payı norması əsas götürülərək) xüsusi önəm verilir.”
Baş aşpaz Diləfruz Tahirova söhbət zamanı bildirdi ki, xörəklər ana qayğısı ilə hazırlanır. "Əsgərlərimiz bizim Vətən müdafiəçilərimizdir. Onları düzgün qida ilə təmin etmək biz aşpazların vəzifə borcudur. Vətən müdafiəçilərini yüksək kaloriyə malik qida ilə təmin etmək lazımdır ki, onlar xidməti çevik, ayıq-sayıq təşkil etsinlər.”
Yeməkxananın digər personalları aşpazlar Rəna Qurbanova, Nazbənd Hüseynova, yeməkxana xidmətçisi Zöhrə Həsənova mətbəxdə yeməklərin hazırlanmasında istifadə olunan müasir məişət avadanlıqlarının əsgərlərin keyfiyyətli qida ilə təmin olunmasında çox böyük rolu olduğunu vurğuladılar və Vətən müdafiəçilərinə qulluq etməkdən qürur duyduqlarını söylədilər.
Nahar yeməyini  bitirdikdən sonra bir neçə əsgərdən xörəklərin keyfiyyəti ilə bağlı fikirlərini öyrənirik. Əsgər İsmayıl Məmmədli bildirdi ki, yeməklərimizin şahı sayılan plovun vurğunudur. "Bizim üçün nəzərdə tutulan qida rasionu çox zəngindir. Milli mətbəximizin gözəl təamları ilə qidalanırıq. Cənub zonasından olduğum üçün düyü yeməklərinə xüsusi sevgim var. Düyü yeməklərinin menyumuzda özünəməxsus yeri var. Yediyimiz yeməklərdə ana sevgisi hiss olunur. Buradakı xörəklər, demək olar ki, evdə bişirilən yeməklərdən fərqlənmir".
Əsgərlər Toğrul Nəcəfov, Amin Əsgərov da verilən yeməklərdən çox razıdırlar. "Yeməklərin dadına söz ola bilməz. Aşpaz analarımız sanki öz övladları üçün yemək hazırlayırlar. Xidmət etdiyimiz hərbi hissədə heç nədən korluq çəkmirik. Burada yaradılan şərait bizi nümunəvi xidmət etməyə ruhlandırır".
Ön xətdə yerləşən hərbi hissənin yeməkxanasında şəxsi heyət üçün yaradılan şərait onu deməyə əsas verir ki, Azərbaycan Ordusunda şəxsi heyətin qidalanması daim nəzarətdə saxlanılır.
                                                                                                   
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"