Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 12:02

Vətəndaşa qayğı dövlət siyasətinin prioritet istiqamətidir

Son vaxtlar sosial şəbəkələr istər-istəməz əyləncə məkanı, ünsiyyət forması, maraqlı axtarışlar meydanı olaraq həyatımıza sirayət edib.
Eyni zamanda sosial şəbəkələr bəzi şəxslər üçün qisas meydanına,  bir növ problemini paylaşma, ictimailəşdirmə adı altında dövlət orqanları və vəzifəli şəxslər barədə etikadan kənar ifadələrdən, təhqiramiz sözlərdən, qərəzli fikirlərdən istifadə edilən poliqona da çevrilib.
Sosial şəbəkələrdən və virtual məkandan az istifadə etsəm də keçmiş hərbçi kimi, imkan olduqca burada hərbi mövzuda olan paylaşımları  izləyirəm. Son vaxtlar sosial şəbəkələrdə bir növ kampaniya şəklini alan anti-hərbi mövzulara fikirlərimi bildirmək və şəxsi mülahizələrimi qələmə almaq qərarına gəldim.
Vətən elə bir müqəddəs məfhumdur ki, dilimizdə səslənəndə köksümüz qabarır, qürurdan qəlbimizi fərəh hissi bürüyür. Düşünürəm ki, Ana Vətən, doğma torpaq üçün  nəsə etdiyimizə görə onu borclu çıxarmaq qəbuledilməzdir. Məgər Mübariz İbrahimov, Çingiz Qurbanov kimi igid oğullar düşmənə qan uddurub, fədakarlıq göstərəndə Vətəndən nəsə qarşılıq gözləyirdilərmi?  Xeyr, gözləmirdilər.
Amma nə yazıq ki, bəzən umanlar da, küsənlər də, Vətəni hər addımda borclu çıxarmağa çalışanlar da tapılır.
Son bir neçə ildə dövlət başçısının tapşırığına əsasən, hərbi qulluqçuların ailələrinə dövlət hesabına tam təmirli mənzillər paylanır. Müdafiə Nazirliyinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Naxçıvan və digər bölgələrimizdə inşa etdirdiyi xidməti evlər tam təmir olunaraq hərbçilərin istifadəsinə verilir. İstər dövlət, istərsə də Müdafiə Nazirliyinin rəhbərliyi səy göstərir ki, həm orduda xidmət edən, həm də ehtiyata buraxılan hərbi qulluqçular ardıcıl olaraq mənzillərlə təmin olunsunlar. Digər sosial məsələlərin həlli ilə də bağlı bir çox əhəmiyyətli addımlar da atılıb.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bütün çıxışlarında Vətən naminə canlarını fəda edən hər bir kəsin cəmiyyətimizdə böyük hörmətə malik olduğunu və bu insanlara qayğı göstərilməsinin dövlət siyasətimizin əsas istiqamətlərindən olduğunu bildirir. Bu yaxınlarda Prezident şəhid ailələrinin böyük bir qrupunu qəbul etdi, tribunadan şəhid valideynlərinin, şəhid yaxınlarının ayağına gəldi, hər birini hörmət və ehtiramla salamladı, səmimi söhbət etdi, qayğılarını dinlədi və problemlərinin həlli ilə bağlı müvafiq göstərişlər verdi. Bu mənzərəni görən vətənsevər hər kəsin qəlbində fərəh və qürur hissi yarandı. Hamının gözündə dövlət başçımızın insan, vətəndaş olaraq da nə qədər ucaldığının bir daha  şahidi olduq. Həmin gün Azərbaycan naminə əməyi olan insanların sosial qayğılarının həllindən danışan cənab İlham Əliyev çıxışında bu il daha 800 şəhid ailəsinin mənzillərlə təmin olunacağını inamla qeyd etdi və bildirdi ki, Vətənimiz qarşısında xidmətləri olan hər kəsin zəhməti dəyərləndiriləcək.
Bütün şəhid ailələrinə, hərbi qulluqçulara evlər veriləcək, ehtiyatda olanların qayğıları ilə bağlı tədbirlər görüləcəkdir. Əgər kimsənin Vətən yolunda fədakarlığı, torpaqlarımızın işğaldan azad edilməsində, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə payı varsa, həmin şəxs istər hərbi xidmətdə olsun, istər istefada, istərsə də ehtiyatda, fərq qoyulmayacaq.
İkinci Dünya müharibəsindən 70 ildən çox vaxt keçməsinə baxmayaraq bu gün də elə hallar olur ki, döyüşçünün layiq görüldüyü orden, medal, mükafat öz ünvanını tapır. Veteranların,  o cümlədən Qarabağ müharibəsi iştirakçılarının sosial qayğılarının həlli ilə  bağlı elə bir il yoxdur ki, Ali Baş Komandan fərman və ya sərəncam imzalamasın.
Təəssüf ki, diqqətdən kənarda qaldığını iddia edən bəziləri, hətta ehtiyatda olan bəzi  hərbi qulluqçular sosial şəbəkələrdə üzləşdikləri problemlərdən dolayı dövlət və ordu rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr işlətməkdən çəkinmirlər.  Hesab edirəm ki, bəzi məsələlərin ictimailəşdirilməsi və sosial şəbəkələrdə təhqiramiz ifadələrin işlənməsi düzgün deyil. Bu addım problemin həllindən çox, ümumilikdə ölkəmizdə həyata keçirilən təqdirəlayiq işlərə kölgə salır, böyük zəhmətlər bahasına əldə etdiyimiz müsbət imicimizə xələl gətirilməsində bizi istəməyənlərə, bizə düşmən olanlara geniş imkan, fürsət yaradır.  Çox vaxt düşmən qüvvələrin belə çıxışlardan ölkəmizə qarşı qurduqları xain oyunlarda ustalıqla istifadə etdiklərini də heç vaxt unutmayaq.
Ehtiyatda olan zabit olaraq heç vaxt belə mənfi düşüncələrin təsirinə düşərək Vətənimdən, ölkəmdən, dövlətimdən incimədim, Vətəni borclu çıxarmadım. Əksinə, Vətənə borcumu vicdanla ödəməyə çalışdım və bundan qürur duydum. Dövlətim tərəfindən də lazımi səviyyədə dəyərləndirildim. Bu məni bir vətəndaş kimi sevindirməyə bilməz.
Amma heç vaxt da unutmadım ki, mən sağam, salamatam, ailəmlə birlikdəyəm. Unutmadım ki, Vətən yolunda canından keçən, torpaq naminə özünü qurban verən, şəhidlik zirvəsinə ucalan, döyüşlərdə əlil olan igid Vətən oğulları var ki, onlar və onların ailə üzvləri məndən qat-qat daha üstün hörmətə, ehtirama, qayğıya və diqqətə layiqdirlər.
Vətən, torpaq, millət naminə vuruşmaq, döyüşmək hamımızın borcudur. Vətən yolunda canlarından keçənlər bu addımı nəyinsə xətrinə yox, Vətənin azadlığı naminə təmənnasız etdiklərini də unutmayaq. Odur ki, edilən yaxşı nə varsa gözardı edərək, rastlaşdığımız hansısa bir problemin həlli ilə bağlı  Vətəni borclu çıxarmaq keçmiş döyüşçü mənəviyyatına, zabit kodeksinə, hərbçi etikasına yaraşmaz.


Yunis ELDAROĞLU, ehtiyatda olan zabit, müharibə əlili