Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 11:59

“Gənc Əsgər” layihəsi start götürdü

"Legion" Hərbi Vətənpərvərlik klubu və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə "Gənc Əsgər" hərbi hazırlıq layihəsinin təqdimat mərasimi keçirildi.
Tədbirdə millət vəkili Fazil Mustafa, "Legion" Hərbi Vətənpərvərlik Klubunun rəhbəri Abuzər Əbilov, Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu, ehtiyatda olan polkovnik Zahid Teymurov, qazi Əhliyət Mehdiyev, ictimaiyyət nümayəndələri və gənclər iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova qonaqları salamladı və tədbirdə iştirak etdiklərinə görə onlara dərin minnətdarlığını bildirdi. "Vətənpərvərlik hissi hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətən torpaqlarını qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Beləliklə, gənclər arasında Vətənə məhəbbət hissinin artırılmasına, dövlət rəmzlərinə sevgi və hörmət hisslərinin aşılanmasına, gənclərdə milli mənlik şüurunun formalaşmasına, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə, azərbaycançılıq məfkurəsinin bərqərar edilməsinə kömək göstərmək məqsədilə biz bu layihəyə start vermişik. İnanırıq ki, layihəyə qatılan iştirakçılarımız hərbi sirlərə və biliklərə dərindən yiyələnəcəklər".
Millət vəkili Fazil Mustafa bildirdi ki, gənclərimizdə hərbi vətənpərvərlik hissinin aşılanması istiqamətində hərbi təlimlərin keçirilməsi zəruri addımdır. "Bu gün gənclərimiz arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində təhsil müəssisələrində, o cümlədən də mətbuatda məqsədyönlü təbliğat aparılır. Bu istiqamətdə diqqətimizi artırmalı, televiziyalarda yayımlanan bəzi lazımsız şou-proqramların əvəzinə, vətənpərvərlik mövzusunda verilişlərin verilməsi daha məqsədyönlüdür. Müharibə şəraitində yaşayan, bir milyondan artıq qaçqın-köçkünü olan, eyni zamanda torpaqlarının 20 faizi işğal altında olan dövlətdə gənclərimizin vətənpərvər ruhda yetişməsi vacib şərtdir. Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onlarda Vətənə, millətə sevgi hissinin artırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərən və bu istiqamətdə çoxsaylı layihələr, irimiqyaslı hərbi təlimlər keçirilir. Bu da gənclərimiz arasında ruh yüksəkliyi yaradır".
"Legion" Hərbi Vətənpərvərlik Klubunun rəhbəri Abuzər Əbilov bildirdi ki, layihənin icrası iki ay müddətində nəzərdə tutulmuşdur. "Bu müddət ərzində layihəyə qatılan gənclərimiz hərbi hissələrdə olacaq, şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olacaq, verilən əmr və tapşırıqların icrasını, ekstremal şəraitlərdə davranış və ilkin tibbi yardım göstərilməsi qaydalarını öyrənəcək, təhlükəsizlik qaydalarına riayət edərək silah və texnika ilə tanış olacaqlar. Təşkil olunan layihənin köməyi ilə müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırır, onların hərb sahəsində biliklərini inkişaf etdiririk. Beləliklə, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilərlər. Azərbaycan gəncləri Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir zamanda xalqımızın Vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır. Çıxışımı xalqımızın ümummilli lideri Heydər Əliyevin gənclər barəsində dediyi sözlərlə başa vurmaq istəyirəm: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur, vətənpərvərlik".
Digər çıxış edənlər də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, təşkil olunan layihənin mahiyyətindən söz açdılar.
Təqdimat mərasimi qısametrajlı filmin nümayişi ilə sona çatdı.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR