Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 11:57

Təcrübəyə önəm verən istehkamçı zabit

Azərbaycan Ordusunun maddi-texniki təminatı gücləndikcə onun zabit korpusunun da peşəkarlığı gündən-günə artmaqda davam edir. Bu gün ordumuzun silahlanmasına daxil olan hər bir texnika, silah-sursat, müxtəlif qoşun xidmətinə aid döyüş avadanlıqları və qurğuları peşəkar hərbçilərimiz tərəfindən yüksək səviyyədə idarə olunur. Onlar peşəkarlıqlarını, döyüş hazırlıqlarını orduda keçirilən irimiqyaslı təlimlərdə artırmaqla, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qələbəyə zəminlik yaradırlar. Eyni zamanda ordumuzda yüksək ixtisaslı peşəkar zabitlərin sayının günbəgün artması kadr potensialının daha da gücləndirilməsi istiqamətində atılmış ciddi addımlardır. Bu yönümdə gənc zabitlərin ürəkaçan xidmətləri təqdirəlayiqdir.
Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində ezamiyyətdə olarkən gənc zabit Yusif Alquliyev haqqında qeydlərimi götürdüm. Vətənə sədaqət andı içərək əsl Azərbaycan oğluna xas qürurla dövlətinə və xalqına xidmət edəcəyinə söz verən, torpaqlarımızın müdafiəsində dayanmağı özünə həyat amalı seçən zabitimiz bu şərəfli peşənin məsuliyyətini dərindən dərk edir və döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsində yüksək bacarıq nümayiş etdirir. Nümunəvi xidmətiylə hərbi hissə komandanlığının, ümumilikdə bütün şəxsi heyətin rəğbətini qazanıb. Keçirilən təlim və məşğələlərdə peşə təcrübəsini daim artırır.
Leytenant Yusif Alquliyev  Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada mühəndis-istehkam ixtisasına yiyələnir. Təhsil aldığı illərdə  ixtisasının özəl sirlərini dərindən mənimsəyir. Yusifin hərbçi olmaq, Vətənin müdafiəsində dayanmaq  arzuları gerçəkləşir. O, Azərbaycan Ordusunun gənc zabiti  kimi ön xətt bölmələrimizdən birində xidmətə başlayır. Seçdiyi ixtisasın özəllikləri ondan ərazinin relyefini dərindən öyrənməsini tələb edirdi. Xidmətə başladığı ilk vaxtlarda döyüş bölgəsində mühəndis-istehkam işlərinin aparılması, minalardan təmizlənməsi və ərazilərin minalanması üzrə praktiki məşğələlərdə və təlim çalışmalarında fəal iştirakı onun peşəkarlığını günbəgün artırırdı.
Biz leytenant Y.Alquliyevlə  görüşəndə o tabeliyində olan şəxsi heyətə mühəndis-istehkam işlərinin aparılması - ərazinin minalanması  istiqamətində növbəti çöl təlimlərini keçirdi. Bugünkü məşğələnin hava şəraitinə tam uyğun olduğunu qeyd edən istehkamçı zabit bildirdi ki, təlim və məşğələlərdə yeni-yeni təcrübələr qazanırıq. Ona görə də praktiki məşğələlərə böyük önəm veririk. "Gələcəkdə peşəkarlığımızın daha da artırılmasında bu təlimlər əhəmiyyətlidir. Məlumdur ki, təlimlər, məşğələlər, dərslər döyüş planına əsasən keçirilir. Bizim əsas vəzifəmiz döyüş və mənəvi-psixoloji hazırlığımızı artırıb düşmən işğalında olan torpaqlarımızı azad etməkdir. Ərazi bütövlüyümüzü, sərhədlərimizi bərpa etməkdir. Fikrimcə, bu gün hər bir hərbi qulluqçunun ən böyük arzusu yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq Vətən torpaqlarını yağı tapdağından xilas etməkdir. Bu yoldan bizi heç bir qüvvə çəkindirə bilməz."


Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR