Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 11:56

“Mənəvi-psixoloji hazırlığımız yüksəkdir”

Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ümummilli Liderimizin rəhbərliyi altında ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Bu dövrdə qəbul edilən qərarlar sayəsində respublikamızın etibarlı müdafiəsinə, savadlı hərbi kadrların yetişməsinə zəmin yarandı. Ulu Öndər ordumuzun inkişafı məsələsini daim diqqət mərkəzində saxlayırdı. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin də siyasi kursunun əsas istiqaməti ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirməkdir. Günbəgün müasir standartlara cavab verən hərbi hissələrin inşa edilməsi, yeni silah-sursatlar, texnikaların alınması bunun bariz nümunəsdir. Bu gün Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifələrdən biri də şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi məsələsidir. Bunun üçün düşmənlə təmas xəttində xidmət edənlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, vətənpərvərlik ruhunun artırılması istiqamətində də tədbirlərin keçirilməsinə üstünlük verilir. Belə tədbirlər şəxsi heyətə ruh yüksəkliyi, Vətənimizə, xalqımıza sədaqət hissləri aşılayır.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində Vətəninə bağlı hərbçilərimizlə fikir mübadiləsi aparmaq ruha sığal çəkir, insana mənəvi rahatlıq gətirir. Belə mənəvi rahatlığı şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq dərsindən sonra tapırıq. Leytenant İlqar Cəlilovla söhbətimiz zamanı öyrənirəm ki, o, dayısının simasında bütün şəhidlərimizin qisasını almaq arzusu ilə yaşayır. Dayısı Azərbaycanın Milli Qəhrəmanı Kərim Kərimovun qəhrəmanlığından danışanda, gənc zabitin gözlərində Vətəninə sevgi, düşmənə nifrəti aydın sezilirdi. "Uşaq vaxtlarımdan ətrafımda olanlar dayımın şücaətindən, Tümendə Komandir məktəbində təhsil almasına baxmayaraq Vətənin dar günündə kursant yoldaşları ilə birlikdə geriyə dönməsindən, onlarla erməni quldurunu məhv etməsindən danışardılar. Onun qəhrəmanlığından ruhlanaraq qərar verdim ki, zabit kimi düşmənlə təmas xəttində xidmət edəcəm. Bu gün öz məqsədimə çatdığıma görə çox sevincliyəm. Çalışıram ki, əsgərlərimi dayım kimi qəhrəman oğullarımızın davamçıları olaraq yetişdirim. Təhsil müddətimdə mənimsədiklərimi onlarla bölüşürəm. Arzumdur ki, Qarabağımızı işğaldan azad edəndən sonra Şuşada bizlərdən "Qalib ordunun cəsur əsgər və zabitləri" adlı məqalə hazırlayasınız".
Vətənini sevən, Vətəninə bağlı zabitimizlə söhbətimiz bir daha sübut etdi ki, vətənpərvərlik ilk olaraq ailədən gəlir. Bu ruhda tərbiyə olunan oğullarımızdan biri də əsgər Rauf Abdullayevdir. Rauf da vətənpərvərlikdən, xalqımızın qəhrəmanlarından danışdı və əmisinin 20 Yanvar hadisələrində Vətənimizin müstəqilliyi uğrunda şəhid olduğunu bildirdi. "Atam həmişə əmimin xalqımızın firavan yaşaması, bizlərin müstəqil, azad böyüməyimiz üçün canını fəda etdiyini deyərdi. Həmişə vurğulayardı ki, üzərində böyüyüb boya-başa çatdığımız torpaqlar bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. Əsl vətəndaş odur ki, öz Vətəninin azadlıq və istiqlaliyyəti uğrunda hər an canını, qanını verməyə hazırdır. Bunun üçün xalqımız şəhidlərimizi hər an şərəflə yad edir. Xidmətə başladığım gündən əmimin qismində bütün şəhidlərimizin qisasını almaq, bayrağımızı artıq işğaldan azad olunmuş torpaqlarımızda dalğalandırmaq istəyirəm".
- 27 il xalqımız Qarabağ həsrəti ilə yaşadı. Arzumdur ki, bu il həsrətin sonu olsun. Xidmətdə olduğum müddətdə torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olmaq, evimə qalib ordunun əsgəri olaraq dönmək istəyirəm. Hər birimiz bir amala xidmət etdiyimiz üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəməliyik. Daima hərbin sirlərini, hərbi vərdişlərimizi, nəzəri, praktiki biliklərimizi təkmilləşdirməliyik. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığımızı əsirgəməməliyik. Yalnız bu halda Böyük Qələbəni yaxınlaşdıra, şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq, - bu sözləri əsgər Elmar Alıyev dedi.
Əsgərlər Rəşad Əliyev, Fərdi Vəliyev, Rasif Məhərrəmov, Elmar Həsənov və digərləri ilə söhbətimizdən bir daha əmin oldum ki, ordu sıralarında Mübariz, Fərid, Samid kimi oğullarımızın davamçıları var. Cəsur əsgərlərimiz hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını, bunun üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
Foto C.CƏFƏROVUNDUR