Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 11:55

Torpaqlarımızı azad etmək amalı ilə xidmət edirik

Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə etmək bacarığı, peşəkarlığı və təchizatı region dövlətlərinin orduları ilə müqayisəedilməz səviyyədə yüksəkdir. Əldə edilən uğurlara maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daha da təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsində qurulması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqətin artırılması hesabına nail olunub.
"N" hərbi hissəsində fərdi hazırlıq dövründə şəxsi heyətin dərs prosesində izlədiklərimiz də sübut edir ki, ölkəmizdə aparılan hərbi islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzində dayanır.
"Azərbaycan əsgərinin formalaşdırılması, onun bir döyüşçü kimi yetişdirilməsinin ağırlıq mərkəzi məhz döyüş hazırlığının üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığı həlledici rol oynayır. Təcrübələr onu göstərir ki, döyüş səhnəsində hazırlıqlı hərbi qulluqçu daha çox əhəmiyyət daşıyır. Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, keçirilən məşqlər, döyüş hazırlığı dərsləri xüsusi rol oynayır", - deyə mayor Kamran Seyidov bildirdi.
Zabit Kamran Seyidovla döyüş hazırlığı məşğələsi ilə məşğul olan şəxsi heyətə yaxınlaşırıq. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər.
Baş leytenant Asif Hüseynov qeyd etdi ki, digər bölmələrimizdə olduğu kimi, topçularımız da fərdi hazırlıq dövründə dərs prosesi ilə məşğul olurlar. "Hədəflərin aşkar olunması, nişangah obyekti ilə hədəf arasındakı məsafənin ölçülməsi, nəzərdə tutulan obyektin müvafiq zaman çərçivəsində məhv edilməsi dərsə cəlb olunmuş əsgərlərimizin peşə vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayır. Keçirilən dərslərin sonunda qiymətləndirmənin aparılması şəxsi heyətin bilik səviyyəsini və peşəkarlığını müəyyən etməyə imkan verir".
"Dərs zamanı əsgərlərin əldə etdikləri biliklər mühüm əhəmiyyət kəsb edir. Əsgərlər bu prosesdə həm öyrənir, həm də müəyyən təcrübələrə yiyələnirlər. Döyüş hazırlığı dərslərində əsgərlər dəqiqlik,  çeviklik, intizamlılıq, dözümlülük kimi yüksək dəyərləri əldə edə bilirlər", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elşən Yusifov bizimlə söhbətində bildirdi.
Əsgər İlqar Vəliyev isə bildirdi ki, hərbi xidmət zamanı keçirilən dərslər və təlimlər onların həyatında böyük əhəmiyyətə malikdir. “Dərs prosesində və təlimlərdə necə iştirak ediriksə, döyüşdə də əldə etdiyimiz təcrübədən yararlanacağıq. Ona görə də zabitlərimizin qoyduğu tapşırıqlar getdikcə daha da mürəkkəbləşir, sadədən mürəkkəbə doğru dəyişir. Onların sayəsində üzərimizə düşən məsuliyyəti hiss edir və döyüş haqqında hər birimizdə aydın təsəvvür formalaşır".
"Vətənin keşiyində dayanmaq şərəfli işdir. Xidmətdə olduğum müddətdə çoxlu hərbi biliklərə yiyələnməyə çalışıram. Komandirlərimiz bizimlə mütəmadi olaraq müxtəlif mövzularda söhbətlər aparır, keçirilən dərslərdə döyüş hazırlığının sirlərini öyrədirlər. Doğma torpağımız daim vətənpərvər övladlar böyüdüb. Vətən yolunda canından keçən mərd oğullarımız da çoxdur. Onlar öz qəhrəmanlıqları ilə adlarını əbədi olaraq şanlı tariximizə yazdırıblar. Biz də həmin igidlərdən nümunə götürməliyik. Mənfur düşmənə hər an layiqli cavab verməyə hazırıq", - deyə əsgər Sahib Əliquliyev qeyd etdi.
Əsgərlər Əli Zeynalov, Fərid Məmmədov, Fərid Abdullayev bildirdilər ki, əsas məqsədləri işğalda olan torpaqlarımızı azad etməkdir.


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR