Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 11:54

Xalqın ürəyi ordusu ilə döyünür...

Təmas xəttində yerləşən, Qarabağ müharibəsində alınmaz qalaya çevrilən bölgələrdən birindəyik. Bu rayonun camaatı, böyükdən tutmuş kiçiyə kimi hamı hərbçilərimizə xüsusi hörmət bəsləyir. Gecə-gündüz səngərdə dayanaraq, düşməni nəzarətdə saxlayan əsgərin qədrini bilməyi, onun gördüyü işin məsuliyyətini dərk etməyi bütün əhali özünün mənəvi borcu hesab edir. "Ordun varsa, yurdun var. Torpaqlarımızı qoruyan ordumuzdur. Əsgərsiz Vətəni təsəvvür etmək mümkün deyil. Ordusuz ölkənin sərvəti qarətçilərə yem, əhalisi isə onlara qul olar", - deyir rayon camaatı. Rayon sakinləri bizimlə söhbətində bildirdilər ki, ordusu zəif olan dövlət beynəlxalq aləmdə  və siyasətdə tanınmaz dərəcəyə çatır. “Məhz bu və digər vacib amilləri nəzərə alan, uzaqgörən siyasəti ilə seçilən ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğuna böyük önəm verir. Artıq Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə güclü ordusu, apardığı siyasəti və iqtisadi layihələri müdafiə etməyə qadir döyüş qabiliyyətli güc strukturları var.”
Cəbhə bölgəsində yaşayan yerli əhali əsgər və zabitlərimizin döyüş bacarığına yaxşı bələddir. Döyüş mövqelərinə yaxın ərazilərdə yaşayan kənd camaatı hərbçilərimizə güvənərək əkin sahələrində, təsərrüfatlarında arxayın çalışa bilir. Əvvəlki illərlə müqayisədə bu gün həmin kəndlərdə daha çox canlanma var. İndi kəndlilər arxayınlıqla gündəlik işləri ilə məşğuldurlar. Onlar bilirlər ki, döyüş qabiliyyətli bölmələrimiz əmin-amanlığı qorumaq iqtidarındadır. Əhalinin hərbçilərə olan hörmət və ehtiramı dövlətçiliyimizə olan doğma münasibətdən və əsgərlərimizin vəzifə borclarının öhdəsindən layiqincə gəlmələrindən qaynaqlanır desək, yanılmarıq. Yeri gəlmişkən, ərazidə sakitliyin və əmin-amanlığın hökm sürməsindən danışarkən hərbçilərimiz yada düşür. Onlar Hərbi anda sadiq qalaraq gecə-gündüz  Vətənin keşiyində möhkəm dayanıblar.
Baş leytenant Mustafa Qurbanov tabeliyindəki əsgərlərin peşə bacarığı, döyüş hazırlıqları barədə danışdı və bir neçəsinin adını xüsusilə vurğuladı. Zabit qeyd etdi ki, tabeliyində olan əsgərlər nümunəvi xidmətləri ilə seçilirlər. Əsgər Mircavad Əhmədli də belələrindəndir. Bir ildən artıqdır ki, əsgər M.Əhmədli ön xətdə yerləşən bölmələrimizin birində Vətənə övladlıq borcunu yerinə yetirir. Bölmələrinin cavabdeh olduğu bütün ərazini yaxşı tanıyır. Xidmət etdiyi müddət ərzində təcrübəli döyüşçü kimi yetişən Mircavad çoxsaylı təlimlərdə iştirak edib. Döyüş növbəsinə çıxarkən düşmənin mövqelərini ayıq-sayıqlıqla izləyir. O, nümunəvi xidməti ilə gənc əsgərlərə örnəkdir.
Əsgər Axund Zeynalov da cəsarəti, hünəri ilə döyüşçü  yoldaşından geri qalmır. Komandirləri tərəfindən nümunəvi xidmətlərinə görə təşəkkürə layiq görülən əsgərlər mövqelərində əzmlə dayanıblar. Onlar söhbət zamanı aprel döyüşlərində iştirak etmək üçün  könüllü hərbi xidmətə yazılmaq  və döyüşən əsgərlərimizin yanında olmaq istədiklərini bildirdilər. "O zaman hər kəs döyüşə, səngərə - hərbçilərimizin yanına,  düşməni torpaqlarımızdan qovmağa can atırdı. Biz də oraya can atan gənclərin sırasında olmuşuq. Eşidirdik ki, erməni əsgərləri silahlarını atıb qaçırdılar. Azərbaycan əsgəri isə sonacan döyüşdü,  şəhid oldu, lakin döyüş mövqeyini tərk etmədi. Biz torpaqlarımızın azadlığı uğrunda hər an, hər dəqiqə Ali Baş Komandanın döyüş əmrinə hazırıq".
Cəbhə bölgəsində yerləşən rayon camaatı və hərbçilərimizlə apardığımız söhbətlər bir daha təsdiq etdi ki, həqiqətən, Azərbaycan cəmiyyətində ordu ilə xalqın monolit birliyi mövcuddur. Onların birliyi ölkəmizin sarsılmaz qüvvəsi, işıqlı gələcəyidir. Bu möhtəşəm qüvvə xalqımızın səbirsizliklə gözlədiyi Zəfərə çatmağımızda mayak rolunu oynayacaq.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR