Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 11:44

Ali Baş Komandan İlham ƏLİYEV: Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. XXI əsrin ikinci onilliyinin əvvəlindən Azərbaycan Ordusu öz inkişafının ən uğurlu dövrünü yaşamaqdadır. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirməklə, dünya miqyasında öncül sıralardan birinə çıxarıb.
Bu gün Azərbaycanda ordu quruculuğu prosesi özündə silahlı qüvvələrin daha da modernləşdirilməsini ehtiva etdirməklə uğurla həyata keçirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hərbi hissələrimiz hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi baxımından tarixi əhəmiyyətli işlər görülüb. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli vəzifəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Onun nəticəsidir ki, Ali Baş Komandanımızın qeyd etdiyi kimi “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.”
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.  Ali Baş Komandanın orduya diqqət və qayğısı ümumilikdə Azərbaycan dövlətinə olan sədaqətin bariz nümunəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fevralın 13-də Beyləqan rayonuna səfəri, rayonun ərazisində yeni inşa edilmiş "N" hərbi hissəsində yaradılan şəraitlə tanış olması, orada yaşayan əhalinin, xüsusən də əsgər və zabitlərin əhval-ruhiyyəsini daha da yüksəltdi. Dövlət başçısının hərbi hissə ilə tanışlığı həm də göstərdi ki, hərbçilərimizin döyüş əzmi çox güclüdür. Əsgər və zabit heyəti Azərbaycan dövlətinin və şəxsən Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını bir daha hiss etdi. Dövlət başçısı bu dəfə də öz liderlik, prinsipiallıq və mərdlik nümunəsini bütün cəmiyyətə təqdim etdi.
Prezident İlham Əliyevin Beyləqan rayonuna səfəri bir daha göstərdi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə səfər edərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir.
Bu səfər bir daha Prezident İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında xalqımızın və ordumuzun qəhrəmanlığının, şücaətinin, vətənpərvərliyinin təcəssümü idi. Bu səfərin əsas məqsədi Prezidentin əsgərlər və vətəndaşlar ilə görüşü idi. Eyni zamanda dövlət başçısı onu da göstərdi ki, Ali Baş Komandan kimi əsgərlərlə, Prezident kimi sadə vətəndaşlarla birlikdədir.
Beyləqan rayonunda sadə vətəndaşlarla və hərbi qulluqçularla görüş onu deməyə əsas verir ki, inkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyan nizami ordumuz regionda ən güclü orduya və xalqın güvənc yerinə çevrilib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi siyasətin uğurla həyata keçirilməsi ordumuzun qüdrətini gündən-günə artırır. Azərbaycan qüdrətli ordunun hesabına itirilmiş torpaqları ilə yanaşı, tarixi torpaqlarını da geri qaytaracaq. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz ordusunun əzm və qüdrətinə arxalanaraq dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq.
Prezidentin Azərbaycan Ordusuna verdiyi yüksək dəyər hərbçilərimizi, bütövlükdə isə cəmiyyətimizi daha da ruhlandırır, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə əminlik yaradır.


 "Azərbaycan Ordusu"