Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2019 10:05

Xatirə turnirinin qalibləri mükafatlandırıldı

Kursantların hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə müntəzəm olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə ehtiram əlaməti olaraq bölüklər arasında müxtəlif idman yarışları keçirilir. Sabahımızın zabitləri olacaq kursantlar bu yarışlarda çox fəal iştirak edərək güc və bacarıqlarını sınaqdan çıxarırlar. Azərbaycanın Milli qəhrəmanları Elşad Əhədovun və Mətləb Quliyevin xatirələrinə həsr olunmuş şahmat, voleybol turnirləri hamının dərin marağına səbəb oldu. Gərgin keçən bu yarışlar kursantların yaddaşında dərin iz saldı.
Birinciliklərin nəticələri elan olunanda məlum oldu ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsinə həsr olunmuş şahmat turnirində daha yaxşı oyun nümayiş etdirən 5-ci bölüyün kursantları birinci pilləyə yüksəliblər. İkinci yerə isə 6-cı bölüyün kursantları çıxıblar. Dördüncü bölüyün kursantlarının isə 3-cü yeri tutmağa gücləri çatıb.
Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin xatirəsinə həsr olunmuş voleybol birinciliyi də olduqca maraqlı anlarla yadda qalıb. Gərgin mübarizə şəraitində keçən yarışda daha hazırlıqlı olan 6-cı bölüyün kursantları birinci pilləyə çıxmağı bacarıblar. İkinci yerdə 1-ci bölüyün kursantları qərarlaşıb. Dördüncü bölüyün kursantları isə 3-cü pilləni tutmaqla kifayətləniblər.
C.Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi yarışın qaliblərini mükafatlandırdı. Mükafatlandırma mərasimində çıxış edən polkovnik Elman Namazov qalibləri təbrik etdikdən sonra dedi:
- Hər birinizə minnətdarlıq edirəm ki, Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə həsr olunmuş yarışlarda fəallıq göstərdiniz. Yorulmadan, qələbə naminə gərgin mübarizə apardınız. Bir daha gördünüz ki, həyatda mübarizə aparmadan məqsədə çatmaq mümkün deyil. Bu yarışlar qəhrəmanlarımızın xatirəsinə həsr olunmuşdu. Siz bu birincilikdə fəal iştirak etməyinizlə onların ruhuna böyük ehtiram göstərdiniz. İnanıram ki, Hərbi liseydə təhsil aldığınız illər daim yaddaşınızda qalacaq. İştirakçısı olduğunuz bu yarışları həmişə xoş təəssüratlarla xatırlayacaqsınız.
Çıxış və təbriklər başa çatdıqdan sonra qaliblərə fəxri fərman, medal və kuboklar təqdim olundu.
Yarışın qalibi olmuş kursantların üzündən sevinc və fərəh yağırdı. İnanırıq ki, bu sevinc və fərəh heç vaxt onların üzündən əskik olmayacaq.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey