Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Fevral 2019 10:03

Vətən səcdəgahdır!

Qış səhəridir. Yolumuz ön xətdə xidmət edən əsgərlərimizin yanınadır. Hava çox soyuqdur. Uzaqdan yorğun-yorğun görünən günəşin havanı isitməyə gücü çatmır. Hər nəsnədə qışın şaxtalı nəfəsi hiss olunur. Yolboyu dağları, dərələri, ecazkar təbiəti seyr edirəm. Radioda səslənən qürur dolu fikirlər azca keyimiş, mürgülü xəyallarımı qeyri-ixtiyari özünə çəkir. "... Dənizdə suyunun hər damlasını, yerdə isə torpağının hər qarışını gözünü qırpmadan, ürəyinin çırpıntısı ilə qoruyub, müdafiə edirsən. Qoruyursan ki, biz hər gün işə asanlıqla gedib gələ bilək, evimizdə rahat olaq, el-obamızda sülh içində yaşayaq. Qoruyursan ki, nurani qocalar rahat nəfəs alsınlar. Qoruyursan ki, südəmər körpələr firavan böyüsünlər. Biz sənin haqqını ödəyə bilmərik. Sən bizim məsuliyyətimiz, sən bizim başımız üstündə dalğalanan bayrağımız kimi fəxarət rəmzimizsən. Çünki qədimdən istilalara, zülmə, məşəqqətlərə sinə gərən 100 illik tarixə malik ordunun əsgərisən. Sən müstəqil, firavan, hürr yaşayan azad Azərbaycan əsgərisən." Bu fikirlər elə məğrur-məğrur deyilirdi ki, insan qəlbinə fövqəl hökmranlıq edirdi. Bütün təfsilatı və aydınlığı ilə sözbəsöz bu fikirləri kağıza yazmamaq mümkün deyildi. Həqiqətən, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuz həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də mənəvi-psixoloji cəhətdən qabaqcıl ordular sırasındadır. Bizləri sevindirən başlıca cəhətlərdən biri də ordumuzdakı qələbəyə köklənmiş yüksək əhval-ruhiyyədir. Bu, həm də düşmənə gözdağıdır. Ürəyi qisas hissi ilə alışıb yanan, torpaqlarımızı düşməndən azad etmək, şəhidlərimizin qisasını almaq istəyi ilə xidmət edən Azərbaycan əsgəri zərrə qədər şübhə yeri qoymur ki, cəsarət və hünərlə vuruşaraq tezliklə Azərbaycan bayrağını işğal altında olan torpaqlarımızda əzəmətlə dalğalandıracaq.
Cəsur oğullarımızın yanında, səngərdəyəm. Onlar gəlişimdən razılıqlarını ifadə edib, ürək sözlərini mənimlə bölüşürlər. Vətən müdafiəçiləri ilə söhbətdə aldığım zövqü, ruhumun rahatlığını heç yerdə tapa bilmirəm. Müsahiblərimdə olan Vətən sevgisini duyanda, vətənpərvərlik haqqında  söylənilən fikirləri eşidəndə özümü xoşbəxt hiss edirəm. Danışmağa söz tapmıram bəzən, düşüncələrinə qulaq asıb kəlmə-kəlmə dəftərçəmə qeyd edirəm. Hamısı oxşar hisslər keçirirlər: Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir. İlk həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Elnur Musayevdir. "İnsanın məsləki də, amalı da Vətən sevgisindən başlanır. Dünyada Vətən məhəbbəti qədər müqəddəs, Vətən sevgisi qədər ülvi bir hiss yoxdur. Vətən müstəqillik rəmzidir. Mən Vətənimi bütün qəlbimlə sevirəm və onun uğrunda son damla qanıma qədər vuruşmağa hazıram. Hər kəs ona ayrılan ömür günlərini keçməklə, həyatında ona ayrılan vaxtı yaşayır. Mən həyatımın mənasını Vətənə xidmət etməkdə görürəm. Özümü dərk edəndən hərbçi peşəsinə marağım sonsuz olub. Silahdaşlarımızın, babalarımızın canı və qanı bahasına qorunan Vətən torpaqlarına  keşik çəkməyi özümə müqəddəs borc bilirəm. Çünki Vətən bizlərə layiqincə yaşamaq, son ana qədər onu cəsarətlə qorumaq üçün əmanət edilib. Vətən qarşısında bütün həyatımı, bütün varlığımı borclu sayıram. Bu, təkcə mənim yox, mənim kimi bütün silahdaşlarımın amalıdır. 2016-cı ilin aprel döyüşləri də  göstərdi ki, Vətənimiz Azərbaycanda igid oğullar yetərincədir. Vətənin çağırışı, ürəklərinin hökmü ilə döyüşə atılan bu Vətən övladları doğma yurd, doğma torpaq uğrunda canlarından belə keçməyə çəkinmədilər. Ölümün gözünə dik baxan bu qəhrəmanlar şəhidlik zirvəsinə yüksələrək ölməzliyə qovuşdular. Onlar əsl qəhrəmanlıq və rəşadət göstərdilər. Vətənin şərəfi də, şöhrəti də məhz belə oğullar, belə qəhrəmanlardır. Bizlər də hər an Vətənin keşiyindəyik, hər an canımızla, qanımızla onu müdafiə etməyə hazırıq”, - deyə çavuş Elnur Musayev bildirir.
Öz fikirlərini bölüşmək üçün əsgər Əbülfəz Mehdiyev söhbətə qoşulur: "Bütün gənclərimiz kimi mən də Vətənimizə, doğma ordumuza rəğbət və sevgi bəsləyirəm. Torpaqlarımızın bütövlüyü uğrunda tökülən qanlar, verilən canlar Vətənə olan sevgimi, bağlılığımı daha da artırır. "Əsgərlik əsl kişilik məktəbidir" fikrilə tam razıyam. Çünki hərbi xidmət mənə müsbət keyfiyyətlər aşıladı. O, keyfiyyətləri ki, mənə mülki həyatda da lazım olacaq. Xidməti dövrümün çox hissəsini geridə qoymuşam. Az müddətdən sonra tərxis olacam. Bu mənim üçün şərəfdir ki, xidmətimi düzgün təşkil edib ailəmin yanına qayıdacam. Əsgərlik illərinin tez bitməsinə sevinmirəm, sevinirəm ki, xidmətim müddətində komandir və əsgər dostlarımın hörmətini qazana bildim. Mən hər zaman Vətənimin əsgəriyəm". Söhbətimizin sonunda təcrübəli əsgər gənc əsgərlərə arzuladı ki, hər zaman nümunəvi xidmətləri ilə seçilsinlər: "Döyüş növbətçisi çıxanda qorxmasınlar, əksinə, nifrətləri daha da artsın. Burada hər kəsi özlərinə dost, qardaş bilsinlər. Çünki bura bir ailədir. Etiraf edim ki, mən artıq indidən gedəcəyimi düşünəndə kədərlənirəm. Onlara ən əsası arzu edirəm ki, Böyük Qələbəni xalqımıza yaşatsınlar".
Növbəti həmsöbətim əsgər Vahid Muradovdur.
- Azərbaycan əsgəri olmaq şərəfdir və daim bu şərəfi doğrultmağa çalışacağam, - Vahid deyir. - Hərbi xidmətə hələ təzə başlamışam. Lakin qısa zamanda çətinlik çəkmədən buradakı mühitə uyğunlaşdım. Hərbi hissəyə gəldiyim ilk gündən özümü ailəmdəki kimi hiss edirəm. Bir sözlə, hərbi hissə bizim ailəmiz kimidir və komandirlərimiz də valideynlərimiz kimi bizim qayğımıza qalırlar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində gündən-günə güclənən və inkişaf edən ordumuz var. Bu inkişafı  mətbuatdan, televiziya və internetdən mütəmadi izləyirdim. Hal-hazırda hərbi xidmətdəyəm və bu inkişafı, uğurları görürəm.  Azərbaycan əsgəri olmaqdan qürur hissi keçirirəm. Komandirlərimizin əmr və tapşırıqlarını vaxtlı-vaxtında və dəqiq yerinə yetirib nizamlı olmağa çalışırıq.
Əsgər Surət Məmmədzadə  hərbi xidmətə Şəki rayonundan çağırılıb. - Hərbi xidmətin ən çox sevdiyim cəhətlərindən biri günün nizam qaydasıdır. Mülki həyatda olarkən nə vaxtında qidalanırdıq, nə yatıb-dururduq, nə də ki, idmanla gündəlik məşğul olurduq. Bir sözlə, heç də  sağlam həyat tərzi keçirmirdik. Amma hərbi xidmətə gələndən günün nizam qaydasına uyğun olaraq vaxtlı-vaxtında yatmaq, qidalanmaq və gündəlik idmanla məşğul olmaq əsas vərdişlərimizə çevrilib. Hər gün daha da gümrahlaşdığını hiss edirsən. İndi daha güclü və sağlamam. Belə sağlam ruhla xidmət edir, hərbi biliklərə dərindən yiyələnirəm. Vəzifə borclarımı, silahımın sirlərini mükəmməl öyrənirəm. Hər an əsgər yoldaşlarımla Vətən qarşısında borcumu yerinə yetirməyə hazıram, - əsgər S.Məmmədzadə belə deyir.
Əsgər İzzət Həlimov düşməni məhv etməyə hər an hazır olduğunu deyərək, torpaqlarımızı göz bəbəyi kimi qoruduğunu bildirir:
- Döyüş növbəsində ayıq-sayıq dayanır, diqqətimi bir an belə düşməndən ayırmıram. Görməni məhdudlaşdıran çənli havalarda, gecə yarısında daha diqqətli olur, təhlükəli zonalara ciddi nəzarət edirəm. Düşmən atəşkəsi tez-tez pozur, lakin tez bir zamanda onları cavab atəşi ilə susdururuq. Biz onlardan qat-qat güclüyük. Hər kəs əmin olsun ki, burada inamla dayanmışıq. Düşmən bir qarış belə irəli gələ bilməz.
İzzətin sözləri bir daha göstərir ki, ordumuzda Vətənini, xalqını, millətini sevən, torpaqlarının azadlığı uğrunda canından keçən mərd oğullar xidmət edirlər. Vətən sevgisindən, vətənpərvərlikdən güc alan cəsur oğulların hər biri mövqelərimizi inamla qoruyur.
- Əsgəri formanı geyinib sırada dayandığım ilk gündən arzum döyüş postunda xidmət etmək olub. Bunun üçün keçirilən məşğələlərdə daha məsuliyyətli və aktiv olurdum ki, bacarıqlı əsgər kimi formalaşım. Silahımın taktiki-texniki xüsusiyyətlərini, ondan düzgün istifadə etməyi, sərrast atəş açmağı mükəmməl öyrənmişəm. İstənilən an düşməni məhv etməyə hazıram. Əgər döyüş əmri gələrsə, döyüş meydanında şücaət göstərib, düşməni doğma torpaqlarımızdan qovmaq üçün son damla qanıma qədər döyüşəcəyimə əmin ola bilərsiniz, - əsgər Elgiz Cəlilov deyir.
Ön xətdə xidmət edən silahdaşlarımızda bu qətiyyəti görəndə heyrətimi gizlədə bilmirəm. Ürəyi Azərbaycanla döyünən hər kəs inanır ki, ordumuz Ali Baş Komandanımızın "İrəli" əmriylə tezliklə işğal olunan torpaqlarımızı azad edərək, öz uğurları ilə bütün dünyaya səs salacaqlar. Ermənilər üzərindəki Böyük Qələbədən, zəfərdən sonra düşmənin xarabazarlığa çevirdiyi digər yaşayış məntəqələrimizin abadlaşdırılması, məcburi köçkünlərimizin bu abadlaşdırılmış yerlərə köçmələrinə çox qalmayıb. Bu torpaqlar bizimdir, bizim olaraq da qalacaq...

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"