Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2019 09:34

Fiziki güc döyüş qabiliyyəti üçündür

Əsgər Elşad Amanov hərbi hissəyə gəldiyi ilk gündən bacarığı ilə seçilib, əsgər yoldaşlarının və komandirlərinin böyük hörmət və rəğbətini qazanıb. Xidmətinə böyük məsuliyyətlə yanaşır. O, vəzifəsinin öhdəsindən uğurla gəlir, xidmətini düzgün təşkil edir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır. Elşad ordu sıralarına çağırılana qədər bir çox mötəbər idman yarışlarında iştirak edib, uğurlar qazanıb.
- Hələ kiçik yaşlarımdan idmanın əlbəyaxa döyüş növünə böyük marağım var idi, - deyə əsgər bildirdi. - Orta məktəbdə oxuyanda da idmanla məşğul olurdum. Televiziya kanallarında yayımlanan əlbəyaxa döyüş növləri üzrə yarışları həvəslə seyr edirdim. Bu arzu, bu istək, bu həvəs məni məşq meydançasına gətirdi. Beləcə, dərsdən sonra idman zalına gəlir, əlbəyaxa döyüş növlərinin sirlərini dərindən öyrənirdim. Məşqçimiz çox tələbkar idi. Çalışırdı ki, bizi yarışlara yaxşı hazırlasın. Bir müddət məşq etdikdən sonra fəallığımı, bacarığımı və iradəmi nəzərə alan məşqçi məni də gənclərarası keçirilən əlbəyaxa döyüş üzrə Bakı birinciliyinə apardı. Sözün düzü, çox həyəcanlı idim. Qarşılaşacağım rəqibləri özümdən üstün hesab edirdim. Çünki heç bir zaman rəqibi özündən zəif hesab etmək olmaz. Nəhayət, yarış başladı. Həyəcanlı olduğumu görən məşqçimiz mənə ürək-dirək verərək dedi ki, Elşad, narahat olma, mən sənə inanıram, sən qalib gələcəksən. Hər kəs birinci dəfə həyəcanlı olur. Özünü ələ al, özünə güvən, sənin hazırlığın yüksəkdir. Sən mütləq qalib gələcəksən. O sözlərdən sonra sanki mənə yenidən bir güc, bir inam gəldi.
Elşad söhbətinə davam edərək dedi ki, məşqçinin mənə belə ürək-dirək verməsi və xoş sözləri həyəcanımı azaltdı. "Döyüş zamanı heç bir həyəcan hiss etmirdim. Qarşılaşdığım ilk idmançıya qalib gəldim. Sonra digər rəqiblərimi də üstələdim. Keçirilən ilk yarışımı qalib kimi başa vurdum. Çox sevincli idim. Çünki inana bilməzdim ki, ilk yarışda belə nailiyyət əldə edim. Əsas odur ki, buna nail oldum. Məşqçimiz necə həvəslə, ürəklə döyüşdüyümü gördükdən sonra mənə qarşı diqqətini bir az da artırdı. Bütün yarışlarda uğurla çıxış edirdim. Sonra məşqçimiz mənə respublika birinciliyində iştirak edəcəyimi bildirdi. Bu sözlərdən sonra yarışın qalibi olacağımı qarşıma məqsəd qoydum. Məşqlərimi daha da artırdım. Nəhayət, müntəzəm və gərgin məşqlərdən sonra həm məqsədimə nail oldum, həm də məşqçimizin etimadını doğruldaraq, respublika birinciliyinin qalibi oldum. Özümə inamım gündən-günə daha da artırdı. Rusiyada keçiriləcək beynəlxalq yarışa qatılmağa nail oldum. Yarış çox çətin keçdi. Gərgin mübarizə bir neçə gün davam etdi. Hər dəfə rinqə çıxanda Rusiyada yaşayan həmyerlilərimizin dəstəyi məni qələbəyə daha da ruhlandırırdı. Yarışı ikinci yerdə başa vurdum. Birinci yeri də həmyerlimiz qazandı. Dövlət himnimizin həmin yarışda səsləndirilməsi, hər kəsin ayağa qalxması məni çox qürurlandırdı. Hər zaman çalışacağam ki, respublikamızın himnini digər ölkələrdə səsləndirim və dövlət bayrağımızı yüksəklərdə dalğalandırım.
Əsgər Elşad Amanov söhbətinə davam edərək dedi ki, hərbi hissədə məşq etmək, fiziki hazırlığını artırmaq üçün müasir tələblərə cavab verən idman şəhərciyi inşa edilib. “Həm asudə vaxtlarımda, həm də günün nizam qaydasına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələlərində daim komandirlərimizin nəzarəti altında məşqlər edir, fiziki hazırlığımı artırıram. Çalışıram ki, illərlə məşq edib əldə etdiyim formanı itirməyim. Ordu sıralarından tərxis olduqdan sonra idman karyeramı davam etdirəcəyəm. Arzum daha çox beynəlxalq yarışlara qatılmaq və ölkəmizin idman şərəfini beynəlxalq turnirlərdə layiqincə qorumaqdır. Bu mənim arzumdur və inanıram ki, arzuma çatacağam.
Bugün mən əsgərəm. Əsgər kimi ən böyük arzum işğal altında olan torpaqlarımızı azad edənlərin sırasında olmaqdır.”

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"