Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2019 09:31

Ümummilli lider Heydər ƏLİYEV: Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra müstəqil ordu quruculuğuna, o cümlədən digər qoşun növləri kimi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının da yaradılmasına, mövcud baza əsasında formalaşdırılmasına başlanıldı. İlk vaxtlar bu proses elmi əsaslarla aparılmadığından Silahlı Qüvvələri ordu kimi formalaşdırmaq mümkün olmamışdı. Xalqın təkidli tələblərindən sonra hakimiyyətə gələn böyük tarixi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi olduqca vacib islahatlar ordunun formalaşma prosesini, nizami ordu kimi formalaşmasını sürətləndirdi.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu quruculuğunu da dövlət üçün prioritet elan etdi və bu istiqamətdə olduqca böyük nailiyyətlər əldə edildi. Nizami ordu kimi formalaşdırılmış ordumuz indi daha dinamik inkişaf mərhələsindədir. Son vaxtlar həyata keçirilən irimiqyaslı islahatlar ordunun gücünü daha da artırdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltdi. Bunun nəticəsidir ki, ölkə Prezidentinin qürurla dediyi kimi, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Müstəqilliyin ilk illərində Azərbaycanda döyüş təyyarələrini və helikopterləri idarə etməyə qadir olan kadrlar az idi, onları idarə etmək üçün sabiq SSRİ Silahlı Qüvvələrində xidmət edən pilotlar cəlb olunurdu.  İndi Hərbi Hava Qüvvələri üçün kadrlar öz ölkəmizdə hazırlanır. Bu proses 1997-ci ildən uğurla həyata keçirilir. Vaxtilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alan kursantlar bu gün modern döyüş təyyarələrini, helikopterlərini məharətlə idarə edirlər. O zaman ümummilli lider Heydər Əliyev demişdi: "Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".
Son zamanlar Hərbi Hava Qüvvələrinin rolu dünya ordularında, bu sıradan Azərbaycan Ordusunda da xüsusilə artıb. Bu gün modern təyyarə və helikopterlərin, digər uçuş aparatlarının yaradılması, müasir rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində kəşfiyyat imkanlarının genişlənməsi, uzaqvuran və yüksək dəqiqliyə malik silahların silahlanmaya qəbul edilməsi orduların döyüş potensialını xeyli möhkəmləndirib. Bu proses Azərbaycan Ordusunda da uğurla aparılmaqdadır.
Zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Bu gün ən müasir zenit-raket kompleksləri ölkəmizin hava hücumundan müdafiə qabiliyyətinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hazırda ordumuzun sərəncamında Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə avadanlıqları da vardır.
Bu gün Azərbaycan ən qabaqcıl dünya ölkələrində olduğu kimi, ordu quruculuğuna bilavasitə təsir göstərən özünün süni peykinə malikdir. Bundan əlavə, Hərbi Hava Qüvvələrinin kəşfiyyat imkanlarını əhəmiyyətli dərəcədə artıran pilotsuz uçuş aparatları ilə təmin olunması mümkün hərbi əməliyyatlarda döyüş üstünlüyünü təmin etmək baxımından ordumuzun potensialını xeyli yüksəldib.
2014-cü ilin sentyabrından  Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki qardaş dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ildə iki dəfə olmaqla Azərbaycanda və Türkiyədə birgə təlimlər keçirilir. "TurAz Şahini" və "TurAz Qartalı" birgə təlimlərində hər iki ölkənin pilotları olduqca mürəkkəb pilotajlar həyata keçirirlər, döyüş ustalığını artırırlar. Bu isə bilavasitə ordunun gücünün artması deməkdir. Təlimlərdə türkiyəli pilotlar Azərbaycana məxsus qırıcı və hücum təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər qardaş ölkənin qırıcı təyyarələrində uçuşlar keçirirlər. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsi həyata keçirmək, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından bu təlimlər böyük əhəmiyyətə malikdir.
İrimiqyaslı təlimlər ərəfəsində cəbhə bölgəsinə səfər zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuz barədə dediyi sözləri Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə  də şamil etmək olar: "Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız və güclü ordumuz var. Biz ordumuzla, əsgər və zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik".
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən irimiqyaslı təlimlərdə təlim tapşırıqlarının yerinə yetirilməsinə hərbi təyyarə və helikopterlər də cəlb olunur. Ən müasir döyüş vasitələrilə təmin edilmiş Hərbi Hava Qüvvələrinin və digər qoşun növlərinin birgə fəaliyyətinin, qarşılıqlı əlaqəsinin planlaşdırılması və təşkili, eyni zamanda müdafiə və hücum əməliyyatlarının aparılması üçün müasir silah sistemlərinin tətbiqi manevrlərdə qarşıya qoyulmuş başlıca vəzifələrin uğurla yerinə yetirilməsini təmin edir.
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin vətənpərvərliyindən qürur duyduğunu bildirərək dedi: "Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndirir. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir". Bu böyük tarixi qələbənin qazanılmasında Hərbi Hava Qüvvələrimizin də müstəsna rolu oldu... 
Yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi, qələbə ruhu yüksəkdir. Bu gün hər bir hərbi qulluqçunun hərbi xidməti Hərbi anda, dövlətə və dövlətçiliyə sədaqətlə bir sırada Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi bir fikrə də əsaslanır: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı qarşımızda qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblər gündəlik xidmətimizin bütün sahələrində əks olunmalıdır".

"Azərbaycan Ordusu"