Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2019 09:02

“Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək”

Bu gün ölkə qarşısında duran əsas məsələlərdən biri neft kapitalının insan kapitalına çevrilməsidir. Heç şübhəsiz ki, insan kapitalının mərkəzində gənclər dayanır. Cəmiyyətin fəal təbəqəsi olan gənclərin, xüsusilə ordu gənclərinin bir araya gəlməsi dövlətin gələcək taleyi baxımından son dərəcə əhəmiyyətli rol oynayır. Bu günlərdə ordumuzun gənclərinə geniş və açıq müzakirə tribunası vermiş Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının keçirilməsi təşəbbüsü gəncləri daha fəal, daha məsuliyyətli və daha yetkin görmək istəyən ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyin nümayişidir. Toplantı Azərbaycan Ordusu gənclərinin fikir mübadiləsi aparmaları, Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamaları, öz təklif və ideyalarını səsləndirmələri üçün platformanı təmin etdi, eyni zamanda onların dövlət və cəmiyyətin həyatında fəal iştirakının göstəricisi oldu. Keçirilən toplantının və orada səsləndirilən fikirlərin Azərbaycan Respublikasının milli mənafeyinin qorunması baxımından əhəmiyyətini nəzərə alaraq gənc zabit və gizirlərimizin çıxışlarını qəzetimizin oxucularına təqdim edirik.



Mayor Orxan Rüstəmov:
Cənab nazir, hörmətli qonaqlar, toplantı iştirakçıları!
Göstərilən böyük etimada görə minnətdaram. 2 fevral günü 23 ilə yaxındır ki, ölkəmizdə gənclər günü kimi qeyd edilir. Vaxtilə Ulu Öndərimiz gənclərə müraciətlə demişdir: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun! Mən bu gün ordu gənclərinin adından böyük fəxarət hissi ilə deyirəm ki, bütün ölkə gəncləri kimi biz Azərbaycan Ordusunun gəncləri də bu gün Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək və onu canımızla, qanımızla qorumaq üçün hər bir əmrə hazırıq!
Bu əlamətdar gündə biz ordu gəncləri möhtərəm Prezidentimizə yorulmaz fəaliyyətlərində bir daha uğurlar arzulayır və Azərbaycan gəncliyinə, ordumuza göstərdiyi qayğıya görə dərin minnətdarlığımızı bildiririk!
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Bakı Konqres Mərkəzində Gənclər Günü münasibətilə toplantı keçirildi. Bu toplantıda dövlətimizin başçısının, Ali Baş Komandanımızın gənclər üçün proqram əhəmiyyətli çıxışı hər bir Vətən əsgərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırdı. Bu toplantıdan bir gün sonra ordu gənclərinin ümumrespublika toplantısının keçirilməsi heç də təsadüfi deyil. Biz buraya ona görə toplaşmışıq ki, bir daha möhtərəm Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə öz sədaqətimizi bəyan edək. Qoy dostlarımız, eləcə də düşmənlərimiz bilsinlər ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır.

* * *


Aprel döyüşlərinin qəhrəmanı, Prezident sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş, Lələtəpə zirvəsinin fatehlərindən biri olan gizir Tahir Misirxanov:
Cənab nazir, hörmətli toplantı iştirakçıları!
Öncə mən sizi 2016-cı ilin aprelində Lələtəpə zirvəsini fəth edərək xalqımıza qələbə sevincini bəxş edən hərbi hissəmizin igid döyüşçüləri adından salamlayır, 2 Fevral Gənclər Günündə hər birinizə ən xoş arzularımızı bildirirəm. Gün o gün olsun ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan digər torpaqlarımızı da düşmən tapdağından azad edək və Böyük Qələbə bayramına toplaşaq.
Mən bu gün "Azərbaycan Bayrağı" ordeni ilə ordu gənclərinin toplantısına gəlmişəm.
Biz döyüşlərə gedəndə gözümüz arxada deyildi. Biz yaxşı bilirdik ki, şəhid olsaq Azərbaycan bayrağına bükülmüş cənazəmiz böyük izdihamın iştirakı ilə Vətən torpağına uğurlanacaq, döyüşlərdə sağlamlığımızı itirsək bütün millət yaramıza məlhəm olacaq, ailələrimiz dövlətin, ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunacaq, intiqamımız alınacaqdır.
Hörmətli toplantı iştirakçıları,  bir neçə gün öncə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva yenə şəhid ailələri ilə görüşdülər. Həmin görüşdə Ali Baş Komandanımız bir daha aprel döyüşlərini xatırlayaraq dedi: "Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, Azərbaycanın güclü ordusu var və onu göstərdi ki Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq."
Mən xidmət etdiyim hərbi hissənin, birliyin gəncləri adından möhtərəm Prezidentimizi və Müdafiə Nazirliyinin rəhbərliyini, eləcə də bütün toplantı iştirakçılarını əmin edirəm ki, aprel zəfərini təkrarlamağa və Qarabağa böyük qayıdışı təmin etməyə biz hər an hazırıq və buna qadirik. Aprel döyüşlərində altı tank məhv etmişəmsə, növbəti döyüşlərdə düşmən itkilərinin sayını daha da çoxaldacağam. Ordu gəncləri böyük qüvvədir və mən də fəxr edirəm ki, onların sıralarındayam.
Diqqətinizə görə sağolun!

* * *



Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Rasim İbrahimovun yolunu davam etdirən oğlu, kapitan Nizami İbrahimov:
Hörmətli toplantı iştirakçıları!
Qeyd olunduğu kimi, mən Azərbaycanın Milli Qəhrəmanı mayor Rasim İbrahimovun oğluyam. Atam vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonralar isə Bakı Ali Ümumqoşun Komandanlığı Məktəbində təhsil alıb. Uzaq Almaniyada xidmət edib. Vətən darda olanda Füzuli rayonunda könüllü özünümüdafiə taboru yaradıb. Döyüşlərdə qəhrəmanlıq göstərib. Tuğ kəndi uğrunda gedən döyüşlərdə son nəfəsinə, son gülləsinədək vuruşub. Yaralı vəziyyətdə onu mühasirəyə alan düşmən atamın təslim olmasını tələb etsə də, atam "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayıb, olmayacaqdır da" deyərək qumbaranı sinəsinə sıxaraq həm özünü, həm də bir neçə düşmən zabitini məhv edib.
O vaxt mən və bacım körpə idik. Bu barədə çox-çox sonralar məlumatlanmışıq. Ağlım kəsəndən atamın yolunu davam etdirmişəm. Əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, sonra isə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirmişəm. Artıq kapitan rütbəsində hərbi aviasiyamızda xidmət edirəm. Həqiqətən də ataların yolu oğulların yoludur!
Hörmətli toplantı iştirakçıları, atamın layiq olduğu "Azərbaycanın Milli Qəhrəmanı" adı ona ölümündən 2 il sonra - Ulu Öndərimizin fərmanı ilə verilib. Bu gün doğulduğu Çilov adasında abidəsi, park və adına orta məktəb, küçə var. Haqqında kitablar yazılıb, filmlər çəkilib. Ailəmiz isə dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunub. Mən ona görə çıxış etmək qərarına gəldim ki, şəhid ailələrinə göstərilən qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirəm. Yenidən Prezident seçiləndən sonra cənab İlham Əliyevin ilk Sərəncamı şəhid ailələri barədə oldu. Yanvarın 28-də şəhid ailələrini qəbul etdi. Şəhid vərəsələrinə birdəfəlik yardım kartları təqdim olundu, daha yeni bir Sərəncam imzaladı. Yanvarın 30-da isə  Azərbaycan Respublikası Prezidenti təqaüdünün artırılması haqqında yeni Sərəncam ilə şəhid ailələrini bir daha sevindirdi. Bütün bu münasibətlərin, bu diqqət və qayğının qarşısında biz ordu gəncləri nə deyə bilərik ki?
Vətən, Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz,
Üçrəngli bayrağınla məsud yaşa!

* * *



Aprel döyüşləri zamanı ermənilərin təxribatlarının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirmiş, nəticədə düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv etmiş Prezident sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş mayor Mirdamət Bağıyev:
Hörmətli toplantı iştirakçıları, mən sizi aprel döyüşləri zamanı cəbhənin Ağdərə, Goranboy, Tərtər rayonları istiqamətində gedən döyüşlərdə hərb tariximizə bir çox şanlı səhifələr yazmış və bu gün də Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyən hərbi birliyimizin gəncləri adından salamlayıram. Siz də yaxşı bilirsiniz ki, müasir mütəşəkkil Azərbaycan Ordusunu yaratmaq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Heydər Əliyevin yaratdığı müasir mütəşəkkil ordu isə məhz dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəni məharətlə idarə etmək qabiliyyəti, sərkərdəlik məharəti ilə daha da güclənmiş, qüdrətlənmiş, istənilən döyüş əmrini, hücum əməliyyatı tapşırığını yerinə yetirməyə hər an hazır olan əsl güc strukturuna çevrilmişdir. Bunu Ali Baş Komandanımız cənab İlham Əliyev özü də dəfələrlə qeyd edib. Möhtərəm Prezidentimizin bir kəlamını xatırlatmaq yerinə düşər: "Mən hərbi hissələrə tez-tez gedir, vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır. Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir."
Az da olsa, Azərbaycanın dinamik inkişafını, ordumuzun gündən-günə qüdrətlənməsini görmək istəməyən qüvvələr də vardır. Lakin onlar bilməlidirlər ki, elin gözü tərəzidir. Xalq ağı qaradan, yaxşını pisdən seçib-ayırmağı çox yaxşı bilir. Azərbaycanın sükanı, Ordumuzun sükanı etibarlı əllərdədir. Bizi inkişaf yolumuzdan heç bir qüvvə döndərə bilməz. Bizim Ordu nəinki ilbəil, hətta günbəgün inkişaf edir, daha da möhkəmlənir. Biz döyüşçülərə nə lazımdır? Əlbəttə, xidmət şəraitinin yaxşı olması, sosial müdafiəmizin həllinə ədalətli münasibət, hər kəsə xidmətinə görə qiymət verilməsi, namuslu əməyin mükafatsız, cinayətin cəzasız qalmaması. Bu isə demək olar ki, tam müsbət həllini tapıb.
Mənim orduda xidmət illərim cənab İlham Əliyevin prezidentlik dövrünə təsadüf edir. Dəfələrlə Ali Baş Komandanımızla görüşmüşəm. Ancaq aprel döyüşlərinin ildönümündə möhtərəm Prezidentimizin qəbulunda olduğum günü ömrüm boyu unutmayacağam. Həmin görüşdə dövlətimizin başçısı bir daha bizi təbrik etdi, böyük fəxrlə dedi ki, aprel döyüşləri Ermənistanın özləri haqqında uydurduqları miflərini, əfsanələrini darmadağın etdi və göstərdi ki, bu gün əgər bölgədə güclü ordu varsa, o da Azərbaycan Ordusudur. Yaşasın, Azərbaycan Ordusu, Yaşasın, Azərbaycan!

* * *



Günnüt zəfərinin qazanılmasında müstəsna xidmətləri olan Naxçıvanın qəhrəman müdafiəçilərindən biri kapitan Əlqəm Gözəlov:
Cənab nazir, hörmətli toplantı iştirakçıları! Mən sizə dünyaya Heydər Əliyev kimi böyük şəxsiyyət, qüdrətli sərkərdə bəxş etmiş, Naxçıvanın müdafiəsində ayıq-sayıq dayanaraq Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin səmimi salamlarını gətirmişəm. Naxçıvan Vətənimizin ayrılmaz bir hissəsidir və tarixcə qədim, mənəviyyatca zəngin, eləcə də günü-gündən yeniləşən bu torpaqda xidmət etməkdən hər bir Azərbaycan gənci böyük qürur duyur.
Naxçıvanda Milli Ordumuzun ilk təməl daşı qoyulub. Onun baş memarı ulu öndərimiz Heydər Əliyevdir. Azərbaycan Ordusunda ilk dəfə Naxçıvanda hərbi hissələrə Döyüş Bayraqları təqdim edilib. Həmin bayraqları möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev təqdim edib. Naxçıvanda ilk diviziya, ilk Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onun dayaqları biz gənclərik. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçrəngli Dövlət bayrağımız ilk dəfə Naxçıvanda qaldırılıb, ilk dəfə Azərbaycan zabiti Ulu Öndərimizə Azərbaycan dilində Naxçıvanda məruzə edib. 20 Yanvar faciəsindən bir gün öncə ilk şəhidlər Sədərək uğrunda döyüşlərdə verilib. Naxçıvanlı gənclər respublikamızın bütün bölgələrindəki hərbi hissələrdə fəxrlə xidmət etdikləri kimi, Azərbaycanın bütün bölgələrindən olan gənclər də Naxçıvanda şərəflə xidmət edirlər. Ulu Öndərimizdən miras qalmış azərbaycançılıq məfkurəsi ən kəsərli silahımızdır. Biz bu torpağın, Odlar diyarının övladlarıyıq, gəncləriyik və bizim bir Vətənimiz var. O da azad, müstəqil, yenilməz, günü-gündən çiçəklənən, güclü və qüdrətli ordusu ilə fəxr etməyə haqqı olan doğma Azərbaycandır.
Hörmətli toplantı iştirakçıları, respublikamızın hər yerində olduğu kimi, Naxçıvanda da gənclər, xüsusilə ordu gəncləri daim diqqət mərkəzindədir və gənclərə dövlət qayğısı burada da ən yüksək səviyyədədir.
Mən Əlahiddə Ümumqoşun Ordunun yaranmasından, onun qısa zamanda güclü bir orduya çevrilməsindən, hərbi qulluqçular üçün yaradılan yüksək xidməti şəraitdən, hərbçilərin sosial müdafiəsi, mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdən, keçirilən irimiqyaslı təlimlərin uğurlu nəticələrindən, Naxçıvanda keçirilən hərbi paraddan və s. danışıb vaxtınızı almaq istəmirəm. Bütün bunların hamısını siz yaxşı bilirsiniz.
Mən iştirakçısı olduğum Günnüt zəfəri haqqında bir neçə kəlmə demək istərdim. Bu uğurlu əməliyyat düşmənlərimizi elə lərzəyə salıb ki, çətin onlar özlərinə gələ bilsinlər. Qısa bir vaxt ərzində mühüm strateji yüksəkliklərin ələ keçirilməsi, 11 min hektar ərazinin nəzarətə götürülməsi və bu əməliyyat zamanı yalnız bir nəfərin - əsgər Adil Tatarovun şəhid olması bəlkə də dünya hərb tarixində görünməyən hadisədir. Günnüt zəfərinin qazanılmasında xüsusi fərqlənən hərbi hissənin Döyüş bayrağını biz Bakıya gətirərək Azadlıq meydanında nümayiş etdirdik. Və əminəm ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab  İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, işğal altında olan torpaqlarımız da tezliklə azad olunacaq, Şuşada, Xankəndidə, Laçında və yolumuzu gözləyən digər Vətən torpaqlarında da bayrağımız dalğalanacaq. Həmin bayraqlar da Azadlıq meydanına gətirilərək qələbə paradımızda nümayiş etdiriləcəkdir. Mən bu arzu, bu istək, bu inamla da çıxışımı sona yetirirəm.
Diqqətinizə görə sağ olun!

* * *



Yunan-roma güləşi üzrə Avropa və dünya çempionu, "Tərəqqi" medallı, Əməkdar idman ustası leytenant Həsən Əliyev:
Ulu öndər Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına həmişə böyük qayğı göstərib. İdmana, eyni zamanda insanlarda vətənpərvərlik hissini yüksəldən amillərdən biri kimi baxan Ulu Öndərimiz ordu və idman məsələlərindən danışarkən demişdir: "Ordumuz işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün hər zaman döyüşə hazır olmalıdır. Bunu təmin etmək üçün gənclərimiz fiziki cəhətdən sağlam olmalı, bədən tərbiyəsi və idmanla məşğul olmalıdır!". Azərbaycan Ordusunun idmançıları ölkəmizin şanlı idman salnaməsinə bir çox parlaq səhifələr yazmış, olimpiadalarda, mötəbər idman yarışlarında Azərbaycan bayrağını qaldırmış, himnimizi səsləndirmişlər. Müdafiə Nazirliyinin rəhbərliyi orduda idman və bədən tərbiyəsinin inkişafına, kütləviliyinə ciddi fikir verir. Şəxsi heyətin fiziki tərbiyəsi daim diqqət mərkəzindədir. Bu sahədə Mərkəzi Ordu İdman Klubunun xidmətləri danılmazdır. Azərbaycan yığma komandalarının bir çox üzvü bizim təmsilçilərimizdir. Respublikamıza gətirilən Olimpiya, Dünya, Avropa və başqa beynəlxalq yarışların bir çox medalları bizim payımıza düşür. Bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, Mərkəzi Ordu İdman Klubu 1994-cü ildən Beynəlxalq Hərbi İdman Şurasının fəal üzvüdür və bu fəallığa görə 135 dövlət arasında son 10 il ərzində onluqda öz nüfuzumuzu qoruyub saxlamışıq. Bizim hərbçi-idmançılarımız Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən 5 ümumdünya Hərbi İdman Oyunlarında uğurla çıxış edərək 78 qızıl, 64 gümüş və 98 bürünc medal qazanıblar.
Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısı, şəxsən cənab İlham Əliyevin bu sahəyə də xüsusi önəm verməsinin, Azərbaycanın idman ölkəsinə çevrilməsinin nəticəsidir ki, Beynəlxalq İdman Şurasının qərarı ilə paytaxtımızda cüdo, güləş, boks idman növləri üzrə hərbçilərin dünya çempionatları, dünya futbol kuboku keçirilib. Azərbaycan Ordusunu təmsil edən hərbçilərdən ibarət yığma futbol komandamızın dünya futbol kubokunda qazandığı uğur Azərbaycanın futbol tarixində ən yüksək nailiyyətdir.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan bayrağı dünyada rəsmən iki dəfə qaldırılır. Bu bir dəfə Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələndə olur və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adı qazanarkən Azərbaycanın himni səslənir, Azərbaycanın Dövlət bayrağı qaldırılır. Bu toplantıda böyük inamla deyirəm ki, biz Azərbaycanın Dövlət bayrağını həm idman sahəsində dünyada, həm də zəfər yürüşümüzdə Qarabağda əzəmətlə dalğalandıracağıq. Çünki bizim cənab İlham Əliyev kimi Ali Baş Komandanımız, sizin kimi gənclərimiz var.

* * *



Hərbi Dəniz Qüvvələrində xidmət edən gənclərimizin nümayəndəsi baş leytenant Ariz Qəhrəmanov:
Cənab nazir, hörmətli toplantı iştirakçıları!
Digər qoşun növləri kimi Hərbi Dəniz Qüvvələrimiz də Ümummilli Liderimizin sayəsində yenidən formalaşmış və mütəşəkkil qüvvəyə çevrilmişdir.
Xəzər dənizinin Azərbaycan sektorunda dövlətimizin iqtisadi və strateji maraqlarını qorumaq kimi mühüm vəzifə biz hərbi dənizçilərə həvalə edilmişdir. Döyüş gəmilərinin və qüvvələrinin cəlb olunması ilə keçirilən son irimiqyaslı təlimlər bir daha göstərdi ki, hərbi dənizçilərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdirlər.
Mən Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti barədə xeyli danışıb vaxtınızı almaq istəmirəm. Ancaq bir faktı nəzərinizə çatdırıram ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Puta əsas baza məntəqəsinin və bazada xidmət edən, əksəriyyəti gənclərdən ibarət zabit, miçman və çavuşların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tikilən yaşayış binalarının və digər hərbi obyektlərin açılışında şəxsən iştirakı hərbi dənizçilərin böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Hörmətli toplantı iştirakçıları, 2015-ci ildən başlayaraq hər il Beynəlxalq Ordu Oyunları çərçivəsində yarışlar keçirilir. Artıq iki ildir ki, "Dəniz kuboku" beynəlxalq müsabiqəsi Azərbaycanda təşkil olunur. Bu yarışlarda Rusiya, Qazaxıstan, İran İslam Respublikaları Hərbi Dəniz Qüvvələrinin komandaları öz güclərini sınayıblar. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin yarış iştirakçılarına təbrik ünvanlaması bu müsabiqələrin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bildirir. Gərgin keçən yarışlarda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 1-ci yer tutması tarixi hadisədir.
Bu il də həmin yarışlar Xəzər dənizinin Azərbaycan sektorunda keçiriləcəkdir. Mən dövlətimizin başçısını, Müdafiə Nazirliyinin rəhbərliyini və hörmətli toplantı iştirakçıları, sizi əmin edirəm ki, hərbi dənizçilərimiz bundan sonra da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək, digər qoşun növləri ilə birlikdə hərb tariximizə parlaq səhifələr yazacaqlar.

* * *

2018-ci ildə keçirilən hərbi paradın iştirakçısı, gənc pilotumuz kapitan Məzahir Səfərov:
Hörmətli toplantı iştirakçıları! Mən çıxışımın əvvəlində bir tarixi günü xatırlamaq istəyirəm. 25 avqust 2001-ci ili. Həmin gün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ən müasir standartlara uyğun yeni proqramlarla hazırlanmış məzunlarının ilk buraxılışı oldu. Bu tarix ona görə əlamətdar idi ki, məzun buraxılışına həsr olunmuş mərasimdə Ulu Öndərimiz iştirak edərək məzunlara xeyir-dua verirdi və Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk Ulduzları" eskadrilyası ilk dəfə olaraq Bakı səmasında nümunəvi uçuşlar edirdi. Heç kimin xəyalına belə gəlməzdiki, qısa zaman kəsiyində Azərbaycanın milli şahinləri də Bakı səmasında daha çətin pilotaj nümunələri göstərərək xalqımızı və şəhərimizin qonaqlarını təəccübləndirəcəklər. Siz özünüz də şahidsiniz ki, artıq Azərbaycan şahinləri, milli pilotlarımız əsl peşəkarlıq xüsusiyyətlərinə malikdirlər. Ötən il keçirilən hərbi paradlarda biz gücümüzü, peşəkarlığımızı bir daha nümayiş etdirdik. Artıq Ulu Öndərimizin arzuları gerçəkləşmişdir. Unudulmaz Heydər Əliyevin dedikləri bu kəlamlar bu gün də aktualdır: "Mən sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycan səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər".
Hörmətli toplantı iştirakçıları, fəxr edirəm ki, mən də Azərbaycanın milli səma şahinlərindən biriyəm və aprel döyüşləri zamanı Lələtəpə istiqamətində erməni işğalçılarına qarşı əks-hücum əməliyyatlarında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış milli pilotlarımız: "Azərbaycan Bayrağı" ordenli zabitlər Təbriz Musazadə, Urfan Vəlizadə və Əbu Bəkr İsmayılovun intiqamını almaq, işğal altındakı torpaqları erməni faşistlərinin qanlı caynağından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və zəfər yürüşünə hazır olduğumuzu bəyan edirik!

* * *



Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı Tapdıq Mansurov:
Cənab nazir, hörmətli qonaqlar, toplantı iştirakçıları, bəlkə də burada hamıdan gənc mənəm. İlk olaraq onu demək istəyirəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaq, yeniyetmə vaxtlarından əsgər çəkməsi, uniforma geyinmək, uşaqlıq qayğılarından, valideynlərdən uzaq düşmək heç də asan deyil. Bunu bu məktəbin - xalqımızın haqlı olaraq "Heydər Əliyev məktəbi" adlandırdığı Hərbi liseyin şinelindən çıxanlar daha yaxşı bilərlər. Elə deyilmi, cənab nazir?! Axı Siz də bizim kimi yeniyetmə vaxtlarınızda taleyinizi bu məktəblə bağlamısınız, Siz də kursant olmusunuz. İlk vaxtlar çətin olsa da, mən indi bu məktəbdən bir addım da kənara atmaq istəmirəm.
Mən sərkərdə olacağam. Qətiyyətlə deyirəm! Ulu öndərimiz Heydər Əliyev 1971-ci ildə bu məktəbi elə bu arzuyla, bu məqsədlə yaradıb ki, Azərbaycan gəncləri hərbi peşələrə yiyələnsinlər, sərkərdə olsunlar, Vətəni ləyaqətlə qorusunlar.
Müəllimlərimiz deyir ki, Heydər baba sovet dövründə bu məktəbi çox çətinliklə yaradıb. O vaxt Moskva, SSRİ rəhbərliyi milli kadrların peşəkar hərbçi kimi yetişməsinə imkan vermirdi. Deyirdilər ki, uşaqlarınızı gələcəkdə zabit kimi görmək istəyirsinizsə, onları Suvorov, Naximov məktəblərinə göndərin. Lakin Heydər Əliyev bu analoqu olmayan Hərbi liseyin dağılmasına imkan vermədi və onu soyuq küləklərdən qoruyaraq 30 yaşına çatdırdı. Yubileyində şəxsən iştirak etdi. Səhhətində problemlər yaranmasına baxmayaraq həmin yubiley gecəsində də Ulu Öndərimiz əsl qəhrəmanlıq nümunəsi göstərdi.
Hərbi liseyimizin yetirmələrindən 20 nəfərdən çoxu general, admiral ali hərbi rütbələrinə yüksəlib, 10-dan çox Milli Qəhrəmanımız var. İndi Hərbi Liseyimiz möhtərəm Prezidentimizin tapşırığı ilə əsaslı surətdə təmir edilir. Maddi-texniki, tədris-təlim bazası genişlənir. Yeni qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi və digər obyektlər tikilir, yeni idman şəhərciyi yaradılır və s. Bütün tikinti-təmir işləri şəxsən hörmətli Müdafiə nazirimizin rəhbərliyi altında həyata keçirilir.
Hörmətli toplantı iştirakçıları, biz Heydər Əliyevin arzuları, cənab İlham Əliyevin ümidləri və ordumuzun gələcəyiyik. Mən Heydər Əliyev Məktəbində - Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almağımla çox böyük qürur duyuram. Tezliklə ali hərbi təhsil alıb zabit olacağım günü səbirsizliklə gözləyirəm. İnşallah, o gün mənə də qismət olacaq.
Diqqətinizə görə sağolun!

 

 


"Azərbaycan Ordusu"