Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2019 09:00

Günəş dağları da isidəcəkdir!

Günəşin şüaları hələ də buludların arxasında gizlənməkdədi. Yüksəkliyə irəlilədikcə, hərarətin azalmasını daha çox hiss edirik. Arabir yağan qar, şaxtalı hava dağlarda qışın sərtliyindən xəbər verir. Yolboyu düşünürəm: tarix yazacaq qəhrəmanlarla görüş bu soyuğu unutduracaq. Əsgərlərlə söhbətin hərarətiylə qızınacağıq.
Bu düşüncələrlə ön xətdə, qarlı dağlarda yerləşən "N" hərbi hissəsinə çatırıq. Mayor Emin Vəliyev əsgərlərimizin döyüş əzminin yüksək olduğunu, hər an Ali Baş Komandanın əmrini gözlədiklərini bildirir. "Ali Baş Komandanımız əmr verəcəyi an silaha sarılıb torpaqlarımızı azad edəcəyik. Müasir silah və hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik ordumuz var. Ordumuzun təminat və təchizatı xeyli yaxşılaşıb. Hərbi hissələrimizdə müasir standartlara cavab verən əsgər yataqxanaları, tibb məntəqəsi, yeməkxanalar və digər xidməti obyektlər inşa edilərək şəxsi heyətin istifadəsinə verilib. Ali Baş Komandan İlham Əliyev və Müdafiə naziri general-polkovnik Zakir Həsənov ordumuza yüksək diqqət və qayğı göstərirlər. Bu diqqət və qayğı hər bir əsgərimizin ruhunu Böyük Qələbəyə kökləyir."
Zabit Emin Vəliyev onu da qeyd edir ki, ermənilər zaman-zaman Azərbaycana qarşı ərazi iddiasında olub, soyqırımlar, faciələr törədib, qadınlara, uşaqlara, qocalara olmazın işgəncələr veriblər. "Nəticədə sərhədlərimiz səngərlərə çevrilib. Bu səngərlərdə mərd, cəsur Azərbaycan oğulları dayanıb. Onların sayəsində torpaqlarımızın sinəsinə çəkilən səngərlər sərhədlərə köçürüləcək."
Dayandığımız mövqedə havanın sərtliyi daha çox hiss olunur. Buna baxmayaraq Azərbaycan əsgəri öz xidmətini düzgün təşkil edərək Vətən torpaqlarını məsuliyyətlə qoruyur.
Səngərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İlham İbrahimov düşməni məhv etməyə hazır olduqlarını, əsgərlərinə daim qələbə ruhu aşıladığını bildirərək qeyd edir ki, onlara silahların taktiki-texniki xüsusiyyətlərini öyrədir, nizam-intizamlı olmağı, hərbi qayda-qanunlara riayət etməyi aşılayır. Qələbə  sorağında olduqlarını deyən İlham əsgərlərin məişətinə, qida təminatına, bir sözlə, döyüşə hazırolmalarına diqqət etdiklərini vurğulayır.
- Bildiklərini öyrətməyə can atan komandirlər və öyrənməyə böyük maraq göstərən əsgərlər təbii ki, döyüşdə qələbə qazanacaq, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İ.İbrahimov deyir. - Bu gün tabeliyimdə olan hər bir əsgər ona təhkim olunmuş silahın taktiki-texniki xüsusiyyətlərini bilir və ondan istifadə etməyi bacarır. Fəxrlə qeyd etmək istəyirəm ki, döyüş növbətçiliyində dayanan hər bir Azərbaycan əsgəri düşmənin istənilən pozuculuq fəaliyyətinin, təxribatının qarşısını almağa qadirdir.
Azərbaycan Ordusunun şəxsi heyəti hava şəraitindən, relyefdən asılı olmayaraq Vətən torpaqlarını göz bəbəyi kimi qorumaq iqtidarındadır.
Əsgər Elməddin Abasov  bildirir ki, gənc əsgər olduğu zaman ilk sıra addımlarını, silahı təhvil aldığı, döyüş növbətçiliyinə çıxdığı günü unutmayacaq. “Qürurluyam ki, güclü Azərbaycan Ordusunun sıralarında  xidmət edirəm. Güclü ordunun əsgəri kimi arzum nizam-intizamlı, bacarıqlı olmaq, döyüşə atılmaq, torpaqlarımızı işğaldan azad edəcək əsgərlərin sırasında olmaqdır. Gördüyünüz kimi, silahlıyam və qarşımda düşmən var. Arzumun bir addımlığındayam. Ali Baş Komandanın döyüş əmrinin sorağındayıq”.
Əsgər Natiq Allahyarov qeyd edir ki, gecələr tez-tez atəş səsləri eşidilir. Buna baxmayaraq onlar bizi qorxutmur. "Biz Vətən keşiyindəyik. Bizə inanan, güvənən, canlarını etibar edən insanlarımız, xalqımız var. Bir zamanlar bu səngərlərdə bizi qoruyanları indi qorumaq bizim vəzifəmizdir. Buna görə də öz mövqeyimizdə ayıq-sayıq, möhkəm dayanmışıq."
Əsgər Zaur Qəribov döyüş postunda yaradılan şəraitdən razı olduğunu deyir, ömrünün ən gözəl çağlarının burada keçdiyini bildirir. "Həyatda ən böyük sevgi Vətən sevgisidir. Bu sevgi heç nə ilə əvəz oluna bilməz. Bu gün mən və digər əsgər yoldaşlarım qarlı, soyuq hava olsa da, burada xidmət etməkdən duyduğumuz qüruru, fəxarət hissini sözlə ifadə edə bilmirik. Ana Vətənimiz bütöv olsun deyə burdayıq. Düşündüklərimiz, bu sevgi bizə güc-qüvvət verir."
Əsgər Zaur Qəribovun dediyi - "Ömrümün mənasını hərbi xidmətdə tapmışam" sözlərini düşünürəm. Vətənə bu qədər bağlı olan əsgər düşmən üzərinə qorxmadan, igidliklə gedəcək, torpaqlarımızı azad edəcək. Əsgər Rizvan Tağıyevin qoruduğu mövqeyə çatırıq. Komandiri bu gəncin nizam-intizamından, silahların taktiki-texniki xüsusiyyətlərinə bələd olmasından, məsuliyyətindən ağızdolusu danışmışdı. Gənc əsgər məğrur səslə Azərbaycan Respublikasına xidmət etməkdən qürur duyduğunu bildirir. "Bütün əsgər yoldaşlarımla bir məqsədimiz var - torpaqlarımızı işğaldan azad etmək. Hər gün döyüş növbətçiliyinə çıxarkən bu haqda düşünürəm. Tezliklə Ali Baş Komandanımızın əmri ilə düşündüklərimizi reallaşdırıb xalqımızın duasını çin edəcəyik."
Əsgər Elgiz Abdullayev deyir ki, ordu mühiti başqa dünyadır. "Zaman keçdikcə ayrılmaq istəmirsən silah yoldaşlarından. Nə təhlükə gəlsə, onu dəf etməyə hazırıq. Təki Vətən yaşasın."
Bütün əsgərlər bir daha məqsədlərinin işğalda olan torpaqlarımızı azad etmək olduqlarını bildirdilər. "Qisas torpaqlarımızın işğaldan azad edilməsidir. Hər birimiz bu qisasın iştirakçısı, Ali Baş Komandanın döyüş əmriylə qələbə qazanacaq əsgərlərin sırasında olmaq istəyirik. Biz Azərbaycan əsgəri olmağın qürurunu yaşayırıq."
Xudahafizləşib yola düşürük. Arabir geriyə boylanıb qalanı xatırladan döyüş postuna baxırıq. Düşüncələrimiz də əsgərlərimizin qətiyyəti kimi dönməzdir. Nə qədər ki, bu qalanı ürəyi Vətən eşqi ilə döyünən oğullar qoruyur, bu qala alınmaz olaraq qalacaq. Qalanı qoruyan  oğullar torpaqlarımızı işğaldan azad edib alınmaz qalaya çevirəcəklər!
...Qışdı.
Soyuqdu, sazaqdı.
Günəş bu dağları da hərarətinə bələyəcək. Az qalıb, lap az...


Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"