Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 09:40

“Fiziki hazırlığımızı artırırıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlıqla məşğul olmasının şahidi olduq. Baş leytenant İsmət Hacıyevin göstərdiyi bütün elementləri əsgərlər dəqiqliklə yerinə yetirirdilər. Hiss olunurdu ki, bölmənin şəxsi heyəti müntəzəm olaraq idmanla məşğul olur. Məşğələ bitdikdən sonra onlarla həmsöhbət olmaq imkanı qazandıq.
Öyrənirik ki, baş leytenant İsmət Hacıyevin atası Qarabağ müharibəsi veteranıdır. “Atam həmişə deyərdi ki, oğul, Vətənimizin bu ağır günlərində sizin kimi övladlarına ehtiyacı var. Nə qədər ki, düşmən ata-baba yurdumuzda sərbəst gəzir, bizlərə rahatlıq yoxdur. Mən də atamın arzusunu həyatımın amalına çevirdim. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mənimsədiklərimi əsgərlərimə öyrədirəm. Çalışıram ki, onlar fiziki cəhətdən güclü, möhkəm, dözümlü və ən əsası sağlam olsunlar. Çünki insanın sağlamlığı ən başlıca amillərdən biridir".
Sərbəst güləş üzrə respublika birincisi olan əsgər Şirməhəmməd Əliyev bildirdi ki, hər bir idmançı ilk gündən yalnız uğur qazanmaq və həmişə birinci olmaq haqqında düşünür. "Bunun üçün gərgin əmək, müntəzəm məşqlər, nizam-intizam və ən əsası özünütərbiyə tələb olunur. Psixoloji cəhətdən də möhkəm olmaq uğura aparan vacib şərtlərdən biridir. Unutmamalısan ki, müvəffəqiyyətlər və uğursuzluqlar mütəmadi olaraq baş verir. Buna da hər an hazır olmalısan. Hərbi xidmətdə olmağımıza baxmayaraq, günün nizam qaydasına uyğun olaraq idmanla məşğul oluruq, fiziki hazırlığımızı artırırıq. Komandirlərimiz də çalışırlar ki, tabeliyində xidmət edən əsgərlər fiziki cəhətdən güclü olsunlar. Həmişə deyirlər ki, döyüş meydanında düşməni törətdiklərinə görə peşman etməliyik. Arzu edirəm ki, yarışlarda olduğu kimi, üçrəngli bayrağımızın Qarabağımızın ən uca zirvəsində dalğalanmasının şahidi olum".
- İdman artıq hər birimizin həyat tərzinə çevrilib. Uşaq vaxtlarımdan idmanın güləş növü ilə məşğul oluram. Həmişə istəmişəm ki, tatamidə erməni idmançısı ilə qarşılaşım. Ancaq bu hələ ki, mənə qismət olmayıb. Əlbəttə ki, bütün istiqamətlərdə olduğu kimi, idmanda da düşməndən üstünük. Bunu idmançılarımız dəfələrlə sübut ediblər. Məşqçimiz bizləri həmişə qalibiyyətə motivasiya edirdi. Komandirlərim də bunun üçün əllərindən gələni əsirgəmirlər. Belə cəsur, mərd, qorxmaz və peşəkar komandirlərimizlə birgə xidmət etməyimlə qürurluyam. Bəlkə də idman karyeramı davam etdirməyəcəkdim. Zabitlərimizin sayəsində həvəsdən düşmədim, həm də fiziki formamı qoruyub saxlaya bildim. Hərbi xidmətdən sonra da idmanla məşğul olmağa davam edəcəm. Çox istəyirəm ki, beynəlxalq yarışlarda birincilik əldə edim, Vətənim Azərbaycanın  Dövlət himnini səsləndirim, - bu sözləri əsgər Kənan Seyidov dedi.
Digər əsgərlər Elmin Məmmədov, Pərviz Əsədli, Rusif Şabıyev və Elcan Paşazadə də bildirdilər ki, hər gün idmanla məşğul olaraq, fiziki güclərini artırırlar. Bu isə o deməkdir ki, döyüş meydanında düşməndən cəld və güclü olacaq, qalib gələcəklər.


Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR