Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 09:38

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: 26 Fevral - Xocalı faciəsi


İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Xocalı faciəsinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan, həmin faciənin iştirakçılarının xatirələrindən istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.
2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.
3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını Azərbaycan əsgəri almalıdır.

Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət

Ermənilərin öz "Böyük Ermənistan" dövləti yaratmaq məqsədi daşıyan cəfəng planlarını həyata keçirmək üçün XX əsrin axırında azərbaycanlılara qarşı törətdikləri ən qanlı cinayətlərdən biri, azərbaycanlıların kütləvi soyqırımı - Xocalı faciəsidir.
1989-1990-cı illərdə keçmiş Sovet İttifaqının bir çox respublikalarında milli silahlı qüvvələrin yaradılması tələbi ilə mitinqlər keçirilirdi. Erməni separatçıları yaranmış vəziyyətdən bacarıqla istifadə edərək, "azərbaycanlılar Qarabağın erməni əhalisinə təhlükə yaradırlar" bəhanəsi altında DQMV-dən hərbi xidmətə çağırılan erməni gənclərinin SSRİ silahlı qüvvələrinin o zaman vilayətdə yerləşən hərbi hissələrində, Stepanakertdəki (indiki Xankəndidə) 366-cı alayda və Martunidəki (indiki Xocavənd) sərhəd dəstəsində xidmət keçmələrinə nail oldular. Beləliklə, Azərbaycan ərazisində (keçmiş DQMV-də) Sovet ordusunun bazasında Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhlükə yaradan erməni silahlı dəstələrinin yaradılmasının ilkin mərhələsi başlandı.
1991-ci ildə Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları bir çox yaşayış məntəqələri ermənilər tərəfindən işğal olundu. 1991-ci il hadisələri Dağlıq Qarabağ ətrafında gedən proseslərin mahiyyətini açdı. Azərbaycan Ermənistan tərəfindən gizlədilməyən təcavüz faktı qarşısında qaldı.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Ordusu tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən (ümumi sayı cəmi 2000 nəfərə qədər) ibarət idi.
Artıq 1992-ci ilin fevralında Dağlıq Qarabağda Rusiyanın köməyi ilə silahlandırılmış, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Dağlıq Qarabağın tərkibində və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydançaları hazırlayır, Gorus-Stepanakert (indi Xankəndi) və Gorus-Hadrut reysləri təşkil olunurdu. Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Dağlıq Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün Xankəndi ilə Əsgəran arasında yerləşən, azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ermənilər ələ keçirməli idilər.

26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi


Xocalı Qarabağ hadisələri başlanmazdan əvvəl mərkəzindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən bir qəsəbə idi. 1988-ci ilə olan məlumata görə, qəsəbədə 2135 nəfər adam yaşayırdı. Dağlıq Qarabağda yeganə təyyarə meydanı da burada idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Respublika Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına və digər sənədlərə əsasən faciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ilə avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlanılırdı. Axırıncı mülki vertolyot yanvarın 28-də gəldi. Son dəfə fevralın 13-də hərbi vertolyot ərzaq və yanacaq gətirdi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi Vətənini tərk etmək istəmirdi. Şəhər mühasirədə yaşayırdı, ancaq təslim olmurdu.
1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri MDB-nin 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsl genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüşdülər və dinc əhalinin şəhərdən çıxa bilməsinə şərait yaratdılar. Şəhərin müdafiəçiləri bu qeyri-bərabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər, onlardan bir çoxu əsl qəhrəman kimi döyüşdə həlak oldu. Milis kapitanı Əlif Hacıyev Xocalı aeroportunun müdafiəsində son nəfəsinə qədər vuruşdu. Milli ordunun zabiti baş leytenant Tofiq Hüseynov əhalini şəhərdən çıxardıqdan sonra yenə döyüşə girdi. Patronu qurtaran Tofiq Hüseynovu ayağından yaralayan ermənilər ona təslim olmağı təklif etdilər. Ancaq Tofiq sonuncu qumbara ilə özünü öldürərək düşmənə təslim olmadı. Səhərə qədər gedən döyüşdə onlarla döyüşçümüz qəhrəmancasına həlak oldu. Bir neçə nəfər yaralı halda düşmənə əsir düşdü. Ermənilər yaralı döyüşçü Faiq Əliməmmədova nə qədər işgəncə versələr də, "Qarabağ sizindir" sözlərini dedirdə bilmədilər. Təəssüf ki, döyüşçülərimizin qanı bahasına şəhərdən çıxmağa müvəffəq olan dinc əhalinin çox az hissəsi xilas ola bildi. Şəhərdən çıxanlar ermənilərin pusqularına düşərək 1000 nəfərdən çox insan yaralandı, 1275 nəfər əsir düşdü. Bu dəhşətli gecədə 613 nəfər öldürüldü və onların meyitləri də təhqirlərə məruz qaldı.
Xocalı faciəsinin 27-ci ildönümü tamam olur. Bu faciədə həlak olanların xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün əziz olmalıdır. Hər il fevralın 26-da bu dəhşətli faciəni yad edən hər bir azərbaycanlı ermənilərin vəhşiliyini unutmamalıdır.

Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması. Xocalının qisasını Azərbaycan əsgəri almalıdır


Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində ardıcıl işlər aparılmış və 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) Uqandanın paytaxtı Kompala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri, başçılarının iştirak etdiyi VI forumun təşəbbüsü ilə "İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında" qətnamə imzalanmışdır. "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı"na siyasi qiymət verilmişdir. Qətnamədə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənddə öz əksini tapmışdır. Bu beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini "İnsanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəddir. "Xocalıya ədalət!" kampaniyasının fəaliyyətinin 9 ili tamam olur. Bu müddət ərzində kampaniyanın qarşıya qoyduğu məqsədlərə çatmaq üçün İKGF müxtəlif səviyyədə geniş iş aparmışdır. Bu baxımdan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi, siyasi və mənəvi qiymətin verilməsinə nail olmaq üçün Gənclər Forumu faciəni beynəlxalq sənədlərdə insanlara qarşı cinayət və soyqırımı kimi tanınmasını kampaniya çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Soyqırımın tanıdılması  və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir. Belə ki, Xocalı soyqırımı 14-cü, 15-ci və 16-cı ildönümü Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd edilmişdir. 2005-2007-ci ilin fevral ayında  Türkiyə Böyük Millət Məclisinin xüsusi iclasında Xocalı soyqırımı ilə bağlı məsələ müzakirə olunmuşdur. 2011-ci il fevralın 19-dan 26-dək Türkiyənin ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etdirilir. Dünyanın bir sıra şəhərlərində də artıq bu tədbirlər geniş miqyas almışdır.
Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində ilk addım 2010-cu il fevralın 25-də atılmışdır. Həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. 2011-ci il iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır cinayət törədilməsi faktını tanımışdır.
Bu prosesin davamı olaraq 2012-ci il fevralın 22-də Nyu-Cersi ştatı, daha sonra isə Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul etmişdir. 2012-ci il martın 23-də daha bir Amerika ştatı, Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul etmişdir. Eyni zamanda Nyu-Meksiko ştatının, Arkanzas ştatının, Oklahoma ştatının, Missisipi ştatının, Pensilvaniya ştatının, Vest Virciniya ştatının, Tennesi ştatının Senat və nümayəndələr palatalarında qətnamələr qəbul edilmişdir.
Meksika Konqresinin Deputatlar Palatası, Pakistan Senatı, Kolumbiya Senatı, İordaniya Senatı,  Peru Parlamenti, Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatası erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalını, xüsusilə də Xocalıda soyqırımı törədilməsini kəskin pisləyən qərarlar qəbul etmişdir.
2015-ci il yanvarın 29-da İsrail dövlətinin prezidenti Reuven Rivinin BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanları Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımlar və kütləvi qətillər barədə danışarkən Xocalı soyqırımını da  qeyd etmişdir.
Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən işğal edilib. Həmin torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü daxili və xarici siyasət aparılır. Bu siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəldilib. Ərazilərimizin bütövlüyünün bərpası vəzifəsi isə Azərbaycan Ordusunun üzərinə düşür.
Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o, öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır. Xocalı faciəsində, eləcə də ermənilər tərəfindən törədilmiş digər cinayətlərdə həlak olmuş soydaşlarımızın qisasını ancaq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə almaq olar.
Aprel döyüşləri və Günnüt əməliyyatı Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan və azğın düşmənimiz ermənilər üzərində şanlı qələbələri kimi tarixə düşdü. Bu qələbələr Azərbaycan xalqının cavanından, qocasından asılı olmayaraq heç vaxt erməni işğalı ilə barışmayacağını və daim döyüşə hazır olduğunu göstərdi.  Ermənistanın hərbi-siyasi rejimi isə anladı ki, indiki Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını azad etməyə qadirdir və Xocalıda törədilən soyqırımın qisasını mütləq alacaqdır.

 Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi