Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 09:37

Bacarıqlı atıcı

Azərbaycan Ordusu günün tələbinə uyğun olaraq ildən-ilə peşəkarlığını, təcrübəsini, qüdrətini artırır. Əsas məqsəd Azərbaycan əsgərinin müasir tələblər səviyyəsində formalaşmasını təmin etməkdir. Bu gün əsgərlərimiz təlimdə möhkəmlənərək yüksək döyüş bacarığına yiyələnirlər. Tabeliklərində olan silah və texnikanın sirlərini öyrənirlər. Bu bacarığı, bu təcrübəni əsgərlərimizə aşılayan peşəkar hərbçilərimizdir.
Yenə də ön xətt bölmələrimizdən birindəyik. Düşmənlə üz-üzə dayanıb torpaqlarımızı qoruyan, onun müdafiəsinə hər an hazır olan zabit və əsgərlərimizlə görüşürük. Hərbi xidmətə gəldiyi ilk gündən döyüş hazırlığını artıran və adı daim nümunəvi əsgərlər sırasında çəkilən əsgər Şəhriyar Feyziyevin döyüş növbəsindən yenicə qayıtdığını öyrənirik.  Xidmətdə fərqlənən və dəfələrlə komandanlıqdan təşəkkür alan bu əsgəri  bizə zabit Seymur Abıyev təqdim etdi. Öyrənirik ki, Şəhriyar şəxsi heyət arasında özünü vətənpərvər, bacarıqlı və qorxmaz bir əsgər kimi tanıdıb. Komandirlərinin etimadını qazanıb. Xidmətdə göstərdiyi səy və bacarığı, çalışqanlığı ilə digər əsgərlərə nümunədir. Torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanır. Onun bacarığı və təlimdə qazandıqları hər addımında hiss olunur. Nümunəvi əsgər Ş.Feyziyev hədəfləri dəqiq vurur, komandirlərinin tapşırıqlarını layiqincə yerinə yetirir.
Hərbi xidmətini barıt qoxulu səngərdə çəkməyi ilə fəxr etdiyini deyən Şəhriyar bu gün Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirir. Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı naminə içdiyi Hərbi andına sadiq qalan əsgər qürurla bildirdi: "Təlim və məşqlərdə fəal iştirak edərək hərbi vərdişlərə yiyələnmişəm. Təlim çalışmalarında yaxşı nəticə göstərib uğur qazanmışam. Bütün bu xidmətdəki uğurlarıma görə komandirlərimə borcluyam. Onlara daim minnətdaram. Məhz komandirlərimin sayəsində bilik və bacarığa nail olmuşam. Lakin topladığım bu təcrübə ilə kifayətlənmir, onu daim artırmağa çalışıram. Mən də öz növbəmdə təcrübədə qazandığım bilik və bacarığımı xidmətdə ilk addımlarını atan  əsgərlərə  öyrədirəm".
- Səngərdə xidmət etmək çətin deyil?
- Əksinə, şərəfdir. Səngərdə dayanıb Vətən torpağının keşiyini çəkmək və xalqının sənə güvənini hiss etmək çox qürurvericidir.
Döyüş növbəsindən qayıdan Şəhriyar bir azdan dincəlmək üçün yoldaşlarının yanına gedəcək. Sonra komandirlərinin tapşırığına əsasən, döyüşçü yoldaşları ilə birlikdə tabeliklərində olan silahların təmizlənməsi işinə başlayacaqlar. İnanırıq ki, xidməti vəzifəsinin öhdəsindən bacarıqla gələn nümunəvi əsgər Şəhriyar Feyziyev Vətənin müdafiəsində həmişə ayıq-sayıq dayanacaq, düşmən atəşkəsi pozduğu təqdirdə onu cəsarətlə susduracaq. Valideynlərinin, doğmalarının yanına alnıaçıq və başıuca qayıdacaqdır.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"
foto Rəşad ƏMRAHOVUNDUR