Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 09:36

“Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”

Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradlardan sonra keçirilən geniş miqyaslı  böyük tədbir kimi tarixləşdi. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı Azərbaycan gənclərinin sosial həyatımızda iştirakına verilən dəyər kimi dinlənildi. Ölkə başçısının bu tarixi çıxışı müharibə şəraitində yaşayan bir dövlətin gənclərinin yerinə yetirməli vəzifələrinin tezisləri kimi qəbul edildi.
Toplantı iştirakçıları bu tarixi günün təəssüratlarını unutmayacaqlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı hərbçi gənclərin də, sabahın hərbçilərinin də döyüş əzmini, qələbə ruhunu yüksəldib. Hamı əmindir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad ediləcəkdir.
Qarabağ qazisi Kamil Musavi çıxışında dedi:
- Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil. Hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir.
Mən bu gün burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq.
Bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma aprel döyüşlərində gözlənilməyən anda Ali Baş Komandanın "İrəli" əmri verməsi ordunun qələbə əzmini kükrətdi.
Ali Baş Komandan çıxışlarının birində demişdi: "Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq". Bu fikirlər dünyaya sübut etdi ki, Ermənistanın işğalçılığının sonuna az qalıb. Azərbaycan əsgəri Ali Baş Komandanın "İrəli" əmrinə hazırdır.
"İrəli" əmri veriləndə biz qazilər də əmrdən kənarda qalmayacağıq. Kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, müstəqil Azərbaycanımız var olsun!
* * *
Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu çıxışında dedi:
- Mən aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğluyam və şəhid oğlu olmağımla fəxr edirəm.
Aprel döyüşlərində atamın Vətənimiz uğrunda qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun aprel döyüşlərindəki qələbəsi Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Bütün dünyaya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq.
Mən bir gənc kimi, dövlətimizə layiqli vətəndaş olmaq istəyirəm. ADA Universitetinin tələbəsiyəm. Sosial müdafiəyə ehtiyacı olan digər ailələr kimi mənim də təhsil haqqım dövlətimiz tərəfindən ödənilir.
Azərbaycan Respublikasının Prezidenti bu günlərdə şəhid ailələri ilə keçirdiyi görüşdə, şəhid valideynlərinə göstərilən qayğı və nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunə oldu. Azərbaycan Respublikası Prezidentinin şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyi Sərəncama uyğun olaraq, biz də digər şəhid ailələri kimi 11 min manat vəsaiti almışıq.
Qərara gəldik ki, Qarabağ döyüşçülərinin və qazilərinin, şəhidlərin təbliği işinə biz də qoşulaq. Bu məqsədlə 2016-cı ilin aprel döyüşlərində şəhid olanların ailə üzvləri birləşərək ictimai birlik yaratdıq. Ümid edirik ki, gördüyümüz işlərlə dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kiçik töhfə verərik. Güman edirik ki, bu iş valideynlərimizin ruhunu şad edib.
Biz gənclər şəhidlərin şərəfli yolunu davam etdirməyə hazırıq. Mən bu gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, respublikamızda həyata keçirilən siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşırlar.
Biz gənclər ölkə başçısının tövsiyələrini böyük məsuliyyətlə yerinə yetirəcəyik.

"Azərbaycan Ordusu"