Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Fevral 2019 09:34

Ali Baş Komandan İlham ƏLİYEV: Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir

Düşmənlə təmas xətti... Səngər... Elə bir məkan ki, burada Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyini çəkir... Bəlkə də kimlər üçünsə bu ifadə heç bir məna daşımır. Ancaq torpaqları işğal altında olan bizlər üçün bura əsl kişilik məktəbidir. Hərbçilər arasında bir deyim var: "Vətən səngərdən başlayır". Səngər - Vətən üçün sinəsini sipər edən qəhrəman oğullarımızın son nəfəslərinədək düşmənlə döyüşdə şəhid olduqları yerdir. Bu yerlər canını Vətən uğrunda qurban verənlərin qanıyla qarışıb. Bu səbəbdən bizim üçün müqəddəsdir.
Düşmənlə təmas xəttində xidmət edən əsgərlərimiz də yaxşı bilirlər ki, onlar qəsbkarlara, Vətənimizə qarşı tuşlanan hər bir mərmiyə qarşı yalnız deyillər. Onlarla bərabər bu yerlərdə şəhid olan qardaşlarımızın ruhu Vətənimizə keşik çəkir. Nə qədər ki, işğalda olan torpaqlarımız azad olunmayıb, onların da ruhu rahatlıq tapmayacaq. Qəhrəman oğullarımızın davamçıları olaraq biz də Vətənimizin cənnət guşəsinə qovuşmağın həsrətindəyik. Hər birimizin səngərə daxil olanda qanı qaynayır, düşmənin törətdikləri vəhşiliklərə görə hesab verməyini istəyirik. 2016-cı ilin aprelində döyüşçülərimiz düşmənin təxribatlarının qarşısını alaraq, torpaqlarımızın bir qismini azad etdilər. Qəhrəmanlıq nümunələri göstərdilər, düşmənə törətdikləri vəhşiliklərin bədəlini ödəməyə məcbur etdilər. Bu gün də onların göstərdikləri qəhrəmanlıq hər birimiz üçün nümunədir. Onların fədakarlıqları bir daha sübut etdi ki, ordumuzun sırasında xidmət edən hər bir əsgər xalqına, dövlətinə sədaqətlə xidmət edərək, hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Yenə də Vətənin keşiyində mətinliklə dayanan igidlərimizin yanındayıq. Leytenant Ədalət Novruzov bölmənin fəaliyyəti barədə məlumat verir. Zabit bildirir ki, tabeliyində xidmət edən şəxsi heyət öhdəsinə düşən vəzifəni, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməklə, göstərilən etimadı doğrultmağa çalışır. Öyrənirik ki, Ədalət Lənkəran Dövlət Universitetinin məzunudur. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra zabit kimi xidmətini davam etdirmək qərarına gəlib. Komandanlıq da vətənpərvər oğlumuzun bu addımını yüksək dəyərləndirib. Valideynləri də gənc zabitimizə Vətəninə sədaqətlə xidmət etməyi, komandirlərin əmrlərini dəqiq və vaxtında yerinə yetirməyi, tabeliyində olanlardan isə diqqət və qayğısını əsirgəməməyi məsləhət görüblər. "Əminliklə deyə bilərəm ki, atalarımızın bizlərə əmanət etdiyi Vətən torpaqlarını mərdliklə, göz bəbəyimiz kimi qoruyuruq. Hər an Ali Baş Komandanımızın döyüş əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazırıq. Həmişə Vətənə şərəflə xidmət edən igidlərimizin hərbi biliklərini, vərdişlərini artırmağa çalışırıq. Bunun üçün praktiki məşğələlərin keçirilməsinə üstünlük veririk. Tabeliyimdə xidmət edən hər bir əsgər öyrədilənləri məsuliyyətlə mənimsəyir. Biz komandirlər də mütəmadi olaraq məşğələlərdə fərqlənənləri fəxri fərmanla, nümunəvi xidmətə görə məzuniyyətlə, həmçinin müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırırıq. Onlar da dərslərə daha ciddi yanaşırlar. Hərbi hissədə əsgərlərimizin nümunəvi xidmət etmələri üçün hər cür şərait yaradılıb".
- Vətənpərvərlik, fədakarlıq olmasa, heç kim uğur qazana bilməz, - deyə əsgər Müşfiq Hacıyev söhbətə başlayır. - Düşmənlə təmas xəttində xidmət etmək şərəflidir, burada döyüş tapşırığını yerinə yetirdiyimə  görə qürur duyuram. Ordu sıralarına çağırıldığım ilk günlərdə silahlar və hərbi xidmət haqqında məlumatım az idi. Komandir heyətinin köməkliyi ilə silahımın taktiki-texniki xüsusiyyətlərini öyrəndim, hərbi vərdişlərə yiyələndim. Məşğələlərə həvəslə yanaşaraq öyrədilənləri dərindən mənimsədim. Təlimlərdə nəzəri biliklərdən istifadə etməklə təcrübəmi daha da artırdım. Komandirlərimiz həmişə vurğulayırlar ki, yüksək bilik və bacarıq əsgərə başucalığı gətirir. İndi öz vəzifəmi mükəmməl bilirəm, verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram. Yaxşı bilirik ki, üzərimizə böyük məsuliyyət düşür. Çünki Vətənimizi qorumaq biz əsgərlərə tapşırılıb. Bizlər də torpaqlarımızın keşiyində ayıq-sayıq dayanırıq.
Əsgər Hidafət Nəzərov bildirir ki, Vətənin müdafiəsində dayanmaq, gələcəkdə əsgər olmaq uşaqlıq arzusu idi. "Hərbi xidmətə gəlməzdən əvvəl valideynlərimdən və müəllimlərimdən müharibə illərindən danışmaqlarını istəyərdim. Onlar da acılı-kədərli xatirələrindən, həmin günlərin çətinliyindən, ermənilərin fitnəkarlığından, igidlərimizin göstərdiyi şücaətlərdən danışardılar. Həmişə deyərdilər ki, ermənilər bizim qonaqpərvərliyimizdən istifadə edib namərdcəsinə xalqımızı arxadan  vurdular. Həmişə belə söhbətlərdən təsirlənərdim. Böyüyüb boya-başa çatan kimi mən də əsgər olacam, Vətənimi yağılardan müdafiə edəcəm deyərdim.  Əsgərliyə çağırış vərəqəsi gələndə çox sevinirdim. Nəhayət ki, vaxt gəlib çatmışdı, mən də Vətənimizi qoruyacaqdım. Atamın məni hərbi xidmətə yola salanda dediyi sözlər heç vaxt yadımdan çıxmaz: "Oğul, çox istərdim ki, mənə Zəfər xəbərini sən verəsən". Qoy mənfur düşmən bilsin ki, minlərlə cəsur Azərbaycan əsgərinin qarşısında dayanıb və tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid oğullarımız düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcək, üçrəngli bayrağımızı Şuşada, Laçında, Kəlbəcərdə və digər torpaqlarımızda dalğalandıracaqlar".
- Döyüşçü olmaq üçün öz millətini, dövlətini sevməli, varlığınla Vətəninə bağlı olmalısan, - deyə əsgər  Mütəllimağa Cabbarov da fikirlərini bölüşür. Vətənin keşiyində dayanan igidimizin sözlərinə görə, mübariz, döyüşkən gəncliyi olan Azərbaycan dövləti tezliklə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü təmin edəcəkdir. “Ordu cəmiyyətin bir hissəsidir. Hərbi xidmət isə hər bir gəncin Vətəni qarşısında mənəvi borcudur. Burada bizlər Vətənimizi müharibə zamanı işğalçı dövlətdən necə müdafiə etməyi öyrənirik. Bütün dünya ictimaiyyətinə məlumdur ki, ermənilər torpaqlarımızı işğal ediblər. Bu səbəbdən apardığımız mübarizə haqq işidir. Bu yolda  xalqımız ordusuna inanır və hər zaman olduğu kimi öz əsgərinin yanındadır. Bunun bariz nümunəsi 2016-cı  ilin aprelində müşayiət edildi. Xalqımız ordusuna dəstəyi ilə artıq səbrinin tükəndiyini, torpaqlarımızı azad görmək istədiyini açıq bəyan etdi. Əgər işğalçı dövlət sülh yolu ilə torpaqlarımızı azad etmək istəməsə, gücümüzü onlara bir daha sübut edəcəyik. Biz müstəqil Vətənimizi son qarışına kimi azad görmək istəyirik və Böyük Qələbənin sevincini xalqımıza mütləq bəxş edəcəyik.”
- Vətənimin əsgəri olaraq xidmətə gələcək qardaşlarıma demək istərdim ki, nizamnamə qaydalarına, komandirlərin əmrlərinə ciddi riayət etsinlər.  Düşmənlə təmas xəttində xidmət etdiyimizi nəzərə alsaq, biz əsgərlər təhlükəsizliyimiz üçün bunlara əməl etməliyik. Əsgərlik həyatı ilk vaxtlarda hər kəsə çətin gələ bilər, ancaq burada dost qazandıqdan, ailəndən uzaqda yaşamağı, hər an döyüşə hazır olmağı öyrəndikdən sonra hər şey sadələşir. Bütün bunlar da bir növ imtahandır. Yeniyetmə dövründən müstəqil həyata keçməyimiz üçün ancaq müsbət qiymətlər tələb edən imtahan. İmtahanın nəticəsi hərbi xidmət müddətində öyrədilənləri müvəffəqiyyətlə mənimsəməkdir. Bu səbəbdən xidmətin sonunda hər bir Azərbaycan əsgəri güclü iradəsinə, qorxmazlığına, savadına görə özü ilə fəxr edə bilər. Necə ki, mən qüdrətli Azərbaycan Ordusunun əsgəri olmağımla qürur duyuram, - bu sözləri əsgər Etibar Rüstəmov deyir.
Əsgərlərdən Ceyhun Abbasov, Cəlal Ömərov da bildirirlər ki, Vətənimizin keşiyində ayıq-sayıq, mətinliklə dayanan oğullarımız işğal altında olan torpaqlarımızı azad etməyə hazırdırlar.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR