Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2019 10:12

Sən bu cahana sığmadın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etdi, yubileyin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında fərman imzaladı.
Nəsimi insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış poetik üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı türkdilli xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.
Şərqin dahi mütəfəkkir şairlərindən biri siyasi, ictimai, əxlaqi mövzularında əsərləriylə "söz mülkünün sultanı" olan Nəsimi sufizmin əsasını təşkil edən hurufilik ideyalarının təbliğatçılarından biri idi.  Nəsimi Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olub. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.
Ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstü qoyuldu. Bu, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində baş tutub. Nəsimi dünya poeziyasının ən kamil nümunələrini yaradıb, insanın əzəmətinin, insani məhəbbətinin və şəxsiyyətinin söz cəfakeşi olub. Nəsiminin yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üsyankar şeirləri ilə haqqa qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparmışdır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözlə yaradılmış əzəmətli insan heykəlidir.
Nəsiminin qəzəlləri sevgi andı, sədaqət, vəfa  harayı kimi oxunur. Hər misra, bütövlükdə qəzəl uca göylərin mehrabı olan eşq haqqında dünyəvi düşüncənin sözlə (şeiriyyət, poetika) təsdiqidir.

Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?
...Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Nəsiminin yaratdığı cinaslar həm poetik dəyəri ilə səciyyəvidir, həm də oxunaqlığıyla:
Xəyalinə, xəyalı nə:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün fikri nədir, xəyalı nə?

Böyük əqidə sahibi İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəli şairin mükəmməl avtoportretidir deyənlər nə qədər haqlıdır!
Orta əsrlər Azərbaycan lirikasını bənzərsiz bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirən,  təsvir və ifadə vasitələrindəki yeniliklər, bəzən hər misrada bir neçə təşbeh qəzəli təkrarsız sənət nümunəsinə çevirir.
Seyid İmadəddin Nəsimi böyük mütəfəkkir şair idi.
Bir şeir xiridarı Əbdülrəhman Camidən şeir mülkünün peyğəmbərlərinin kimliyini soruşur. Cami Firdovsini, Sədi Şirazini, Hafiz Şirazini, Xəyyamı, Cəlaləddin Rumini nişan verir. Şeir xiridarı təəccüblə "Bəs Nəsimi?", - deyə soruşur. Cami soyuqqanlılıqla "Sən şeir Allahını soruşmadın axı", - deyə cavab verir...
"Tükənməyən, sonu olmayan kainatda" söz kainatı yaratmışdı Nəsimi...
Azərbaycan əsgərinin mübarizliyində Nəsimilik var...
Azərbaycan əsgərinin qətiyyətində Nəsimilik var...
Azərbaycan əsgərinin cəsarətində Nəsimilik var...
Azərbaycan əsgərinin dönməzliyində Nəsimilik var...
Nəsimi kamillik şairiydi, ucalıq (ucalığın) şairiydi.
İlahi enerjinin söz daşıyıcısının Nəsimisiydi Nəsimi.
Yaradıcılığı nəsim qüdərtliydi Nəsiminin; nəsim hər yerdə ola bilir (və olur!)
"Həqq (həqiqət) məndədir", - deyən Nəsimi həqiqətin (həqiqət uğrunda mübarizənin (bəşəriliyin) şairiydi.
Həllac Mənsurluğun, Nəimiliyin zərrəsiydi Nəsimi...

Səndə sığar ikən cahan sən bu cahana sığmadın,
Şərhin bəyanı ayrı cür, şərhi-bəyana sığmadın.

Zaman-küskün, məkan-bəstə, əsrlərin insafı yox,
"Ənəlhəqq"i həqqmi bildin, sözə - məkana  sığmadın.

Söz - yaradan, söz yaratdın, kainat bildin sözü sən,
Kürreyi-ərzin bəzəyi  Azərbaycana sığmadın!..

"Azərbaycan Ordusu"

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən, zənnü gümanə sığmazam.

Surətə baxu mənini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol, mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.