Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Fevral 2019 10:08

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir

Gənclər günü gənclərin mühüm dövlətçilik təsisatlarında, iqtisadiyyatın, elm və mədəniyyətin, ədəbiyyatın bütün sahələrində təmsil olunmasının təsdiqidir. Azərbaycan Ordusunun böyük bir hissəsi gənclərdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu gün hərbi xidmətdə olan əsgərlərimiz də, zabitlərimiz də bir amalla xidmət edirlər: torpaqlarımızı işğaldan azad etmək! Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbəni Ali Baş Komandanın döyüş əmriylə Böyük Qələbəylə tamamlayacaq!
Biz böyük tarixi şəxsiyyət Heydər Əliyevin formalaşdırdığı ordunun zabiti olmağımızla qürurlanırıq.
Biz hərbçi olmaq istəyiylə ali hərbi təhsil almışıq. Hərb elmini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin zabitlərindən, hərbi xidmətdə komandirlərimizdən mənimsəmişik. Biliklərimizi əsgərlərimizə həvəslə aşılayırıq.
Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatlar ordu quruculuğunda olduqca gərəkli dönüş yaradılmasını təmin etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi bir fikir hər birimizi qürurlandırır: "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır". Bu qürur hər birimizin hərbi xidmətində məsuliyyətini daha da artırır.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Onda biz də döyüşlərdə iştirak etmək istəyirdik. Ehtiyac olmadı. Torpaqlarımızın işğaldan tam azad edilməsi üçün Ali Baş Komandanın döyüş əmrinə hər birimiz hazırıq. Böyük Qələbənin zabiti olmaq amalıyla xidmət edirik. Tabeliyimizdə xidmət edən əsgərlər də bu amalla xidmət edir, Böyük Qələbənin əsgəri olmaq istəyirlər. Bu, böyük amaldır, mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olduğunun təsdiqidir.
Son vaxtlar ön xətdə hərbi hissələr üçün yeni inzibati binaların, əsgər yataqxanalarının, yeməkxanalarının tikintisi, bəzi hərbi hissələrin əsaslı təmiri şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji  hazırlıq səviyyəsinin yüksəlməsini təmin etdi. Orduya belə diqqət və qayğı hərbi qulluqçuların döyüş əzmini, qələbə ruhunu artırır.
2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar dünya ictimaiyyətinə təsdiqlədi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə şəhid ailələrini qəbul etməsi həm şəhidliyə, şəhidlərə ehtiramdır, həm də hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir. Ölkə Prezidenti qəbulda demişdir: "Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq". Biz xalqımızın bu istəyini gerçəkləşdirəcəyik. Qoy xalqımız gənclərə, bu sıradan hərbçi gənclərə güvənsin.
Ali Baş Komandanın, Müdafiə nazirinin ön xətdə əsgərlərlə görüşməsi, söhbətləri, tövsiyələri, xidmətdə fərqlənənləri təltif etmələri də olduqca əhəmiyyətlidir. Bunlar hərbi qulluqçuların, bu sıradan biz zabitlərin daha məsuliyyətlə xidmət etməsində əhəmiyyətli stimuldur. Hərbi anda sədaqət bizim hər birimizin xidmətini müəyyənləşdirir. Biz hərbçilər Ali Baş Komandanın döyüş əmrini qələbəylə başa çatdıracağıq.
Azərbaycan əsgəri xalqımızın qəhrəmanlıqlarla zəngin tarixi keçmişindən də öyrənir. Azərbaycanın Milli qəhrəmanlarının ömür yolu, döyüş yolu istər əsgərlərimiz, istərsə də zabitlərimiz üçün əsl örnəkdir. Yusif Mirzəyev, Şirin Mirzəyev, Vəzir Orucov kimi qəhrəmanların, eləcə də aprel döyüşlərinin qəhrəmanlarının amalını biz başa çatdıracağıq. Əsgərlərimizin hər biri Vətən üçün Mübariz İbrahimov, Çingiz Qurbanov olmağa hazırdır.
Biz Vətənə xidmətimizlə gəncliyi təmsil edirik. Deməli, gənclik Vətənin keşiyini çəkir. Torpaqlarımızı işğaldan Ali Baş Komandanın əmriylə gənclik azad edəcəkdir. Zabit yoldaşlarım adından  sizi əmin edirəm ki, bundan sonra da məsuliyyətlə xidmət edəcək, Ali Baş  Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin istənilən tələb və göstərişlərini, əmrlərini sözsüz icra edəcəyik.
Ulu öndər Heydər Əliyev deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu qüruru biz də yaşayırıq. Biz də fəxr edirik ki, azərbaycanlıyıq, Azərbaycan Ordusunun zabitiyik!..

Sərvər ALLAHVERDİYEV, "N" hərbi hissəsi


Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin nəticəsidir ki, müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə  kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu artır. Gənclərin  hərtərəfli hazırlıqlı mütəxəssis, vətəndaş kimi formalaşması, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, Vətən borcunu layiqincə yerinə yetirməsi üçün ölkəmizdə hər cür şərait mövcuddur. "Azərbaycanı ən qüdrətli ölkəyə çevirək" çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur.
Gənclər gününün əlamətdar hadisə kimi qeyd olunması, həyata keçirilən islahatlar, forumlar, 2007-ci ilin respublika Prezidentinin sərəncamı ilə "Gənclər ili" kimi qeyd olunması, idarəetmə strukturlarında gənclərə üstünlük verilməsi, Azərbaycan Ordusunun gənc zabit kadrları ilə komplektləşdirilməsi və s. gənclərə inam və diqqətin bariz nümunəsidir.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu, Azərbaycan Ordusunun qarşısında duran ən vacib vəzifələrindən biri hesab olunur. Həmin sahədə həyata keçirilən kütləvi vətənpərvərlik tədbirləri, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, Vətənə, torpağa məhəbbət hissinin yüksəldilməsinə, geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili olduqca əhəmiyyətlidir. Bu baxımdan cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusunun sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin üzərinə xüsusi məsuliyyət düşür. Azərbaycan Ordusunun hərbi hissələrində vətənpərvərlik, yüksək döyüş əhval-ruhiyyəsi, qələbə əzmi var. Bunlar torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına yönəldilib. Azərbaycan Ordusunun qarşısında duran vəzifələri bundan sonra da böyük sədaqətlə, məsuliyyətlə yerinə yetirəcəyik.

Kazım VƏLİYEV, "N" hərbi hissəsi

Millətin mövcudluğunda, dövlətin tərəqqisində, dünyada nüfuz qazanmasında gəncliyin rolu böyükdür. Gənclər hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub.
Dövlətimiz gənclər siyasətini həmişə diqqət mərkəzində saxlayır, gəncliyin demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir. Həmin dəstəyin nəticəsidir ki, Azərbaycanımızın inkişafında müxtəlif peşə sahibi olan gənclərin rolu artmaqdadır. Gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməkdədir. Nahaq yerə deməyiblər “Gələcək - gənclərlə gələcək!”.
Gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncamlar imzalayıb. Məqsəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.   
Ulu Öndər deyirdi ki, gənclərimizin ən mühüm vəzifələrindən biri də ordu sıralarında xidmət etməkdir. Bu gün gənclərimizin böyük bir qismi Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borcunu verməkdədir. Onlar burada təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənirlər.


Bayram ŞİRİNOV, "N" hərbi hissəsi