Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 09:55

“İgidlər ölməz, Vətən bölünməz”

Tərtər şəhər 6 saylı tam orta məktəbində "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri Həsənağa Bayramovun təşkilatçılığı ilə Daşaltı əməliyyatı şəhidlərinin xatirəsinə həsr olunmuş "İgidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi.
Tədbirdə məktəbin şagird və müəllim kollektivi, şəhidlərin ailə üzvləri, müharibə veteranları, dövlət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov çıxış edərək qeyd etdi ki, Daşaltı əməliyyatında Tərtər şəhərində doğulub böyümüş Rafiq Nuriyev və Rövşən Səfərov da var idi. Bildirdi ki, Əfqanıstan müharibəsi veteranı olan bu oğullar 1991-ci ildən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllülər batalyonunda döyüşüblər.
Natiq respublikamızdakı bir çox məktəblərə şəhid adlarının verilməsinin gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıdığını vurğuladı. Məzunu olduğu 6 saylı məktəbə şəhid  Rafiq Nuriyevin adının verilməsində zəhməti olan şəxslərə minnətdarlığını bildirdi.
Digər çıxış edənlər də Daşaltı əməliyyatından, şəhidlərdən mərd, cəsur, qorxubilməz, ürəkləri Vətən eşqiylə döyünən oğulların şərəfli ömür yolundan söz açdılar. Bu gün dünyanın tanınmış orduları ilə bir sırada dayanan qüdrətli ordumuzun aprel zəfərindən və hərbi qulluqçularımızın işğalda olan torpaqlarımızın azad edilməsi üçün hər an Ali Baş Komandanın verəcəyi əmrə hazır olmasından, Azərbaycan Xalq Cümhuriyyətinin və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən möhtəşəm paradlardan fəxrlə danışdılar. Belə tədbirlərin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir etdiyini vurğulayaraq sabahın etibarlı təminatı olan vətənpərvər, milli-mənəvi dəyərlərinə bağlı olan gənclərimizlə qürurlandılar.
Tədbirdə şagirdlərin ifasında Vətən və şəhidlər haqqında şeirlər, mahnılar səsləndirildi.

Məlahət ABDULLAYEVA