Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 09:54

“Vətənə, dövlətə xidmət ömrümüzün mənasıdır”

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “N” hərbi hissəsində valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və dərin ehtiramlarını bildiriblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev gəncləri müddətli həqiqi hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edib. İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulayıb ki,  ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti gələcək uğurlarımızın təməlidir. Ümummilli Lider bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verib, torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində var qüvvəsi ilə çalışıb. Hazırda bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq onu da diqqətə çatdırıb ki, ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
SHXÇDX-nin rayon şöbəsinin rəisi polkovnik-leytenant Vüqar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə qazanılan mühüm nailiyyətlər cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.
Çıxış edən polkovnik Elşad Əbilov qeyd edib ki, Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü ordumuz daha da təkmilləşir. “Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var. Ancaq möhtərəm Prezidentimiz sülh tərəfdarı olduğundan münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verir. Əgər bu bir nəticə verməzsə, qüdrətli ordumuz bu işin öhdəsindən məharətlə gələcək.”
Zabit onu da bildirib ki, ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Biz belə bir qüdrətli ordu ilə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırıq. "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar baş tutmasa, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Ölkə Prezidentinin bu qətiyyəti ordumuzun şəxsi heyətinin qələbəyə inamını daha da yüksəldib. Son illərdə yeni hərbi hissələrin, hərbi şəhərciklərin istifadəyə verilməsi, Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq keçirilən kütləvi vətənpərvərlik tədbirləri, Ali Baş Komandanın, Müdafiə nazirinin təmas xəttində, səngərlərdə zabit və əsgərlərlə söhbətləri şəxsi heyətin mənəvi-psixoloji hazırlığında mühüm rol oynayıb".
Çıxış edən valideynlər övladlarının hərbi xidməti uğurla başa vurması ilə fəxr etdiklərini bildiriblər. Digər çıxışçılar bu gün hər bir Azərbaycan vətəndaşının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazır olduğunu diqqətə çatdırıblar.
Daha sonra tədbir iştirakçıları ön xətdə xidmət edən “N” hərbi hissəsinin hərbi qulluqçuları ilə görüşüblər.
Sonda xidmət müddəti başa çatmış hərbi qulluqçular döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına rəmzi olaraq silah, zirehli jilet, dəbilqə və qiymətli hədiyyələr təqdim ediblər. Gənc əsgərlər Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Təntənəli mərasim xidmət müddətində fərqlənmiş hərbi qulluqçuların mükafatlandırılması, bayram naharı və konsert proqramı ilə başa çatıb.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"