Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 09:53

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Erməni terrorizmi. Ermənistanın Azərbaycana qarşı təcavüzü.

İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən Azərbaycanın tarixinə dair nəşr olunmuş vəsaitlərdən, dövri mətbuatda çap olunmuş materiallardan istifadə etməli və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq, mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.

Suallar:
1. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün formalaşması tarixi

Son iki (XIX-XX) əsrdə Azərbaycan ərazisində Azərbaycan xalqının rastlaşdığı ağır sınaqlarda, faciəli tarixi hadisələrdə bu və ya digər dərəcədə erməni izi vardır. Erməni siyasətçiləri tərəfindən istiqamətləndirilən erməni xalqı qonşu torpaqlarına sahib çıxmaq üçün yaranan hər bir fürsətdən əlverişli istifadə etməyə çalışır. Elə bunun üçündür ki, bölgədə mürəkkəb tarixi şərait yaranan kimi, ondan ifrat dərəcədə bəhrələnməyə çalışan ermənilər, içərisində və ərazisində yaşadıqları Azərbaycan xalqının hesabına bu gün artıq öz dövlətçiliklərinə də malikdirlər. Uzun illər boyu Azərbaycan xanlıqlarının ərazilərinə cəmləşdirilərək son nəhayətdə öz dövlətlərini yaradan ermənilər daha böyük iddialarla yaşayırlar.
Eramızın 327-ci ilinə kimi Kiçik Asiyada xırda dövlət olan Ermənistan sonralar İran dövləti və Bizans imperiyası arasında bölüşdürülmüşdür. Həmin vaxtdan İranın tərkibində olan erməni çarlığı 428-ci ildə tamamilə ləğv edilmiş, ermənilər isə bütün dünyaya səpələnmişlər. Bu zamandan 1918-ci ilin mayına qədər erməni dövləti, erməni milli dövlətçiliyi olmamışdır.
1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra mərkəzi Tiflis şəhəri olmaqla Azərbaycan, Gürcüstan və Ermənistanın ərazilərini birləşdirən Zaqafqaziya seymi yaradıldı. Seymə Azərbaycan və Gürcüstanın nümayəndələri ilə birlikdə ermənilər də daxil idilər. Ancaq hadisələrin sonrakı inkişafı nəticəsində 1918-ci il mayın 27-də Gürcüstan, 28-də isə Azərbaycan Zaqafqaziya seymindən çıxaraq müstəqil dövlət qurduqlarını elan etdilər. Bundan sonra isə ermənilərin ən çox məskunlaşdıqları keçmiş İrəvan xanlığının ərazisində mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan Respublikası yaradıldı. Burada ermənilərin Qərbi Azərbaycanda və Qarabağda məskunlaşması tarixinə nəzər salaq:
Səfəvilərin vaxtında Azərbaycan inzibati-ərazi quruluşuna görə bəylərbəyliklərə bölünmüşdü. İndiki Ermənistanın ərazisi, Naxçıvan da daxil olmaqla Çuxur Sədd bəylərbəyliyi adlanırdı. XVIII əsrdə Azərbaycanda olan fransız səyyahı Jan Şarden Çuxur Sədd bəylərbəyliyinin mərkəzi İrəvan qalasının 800 evdən ibarət olduğunu və burada ancaq təmiz qanlı səfəvilərin (yəni azərbaycanlıların) yaşadığını yazırdı.
1736-cı ildə Nadir şah Azərbaycanda mövcud olmuş inzibati-ərazi quruluşunu - bəylərbəylikləri (Qarabağ, Şirvan, Təbriz və Çuxur Sədd) ləğv etdi və həmin ərazilərdən ibarət mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayətini yaratdı.
1747-ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycanın ərazisində müstəqil xanlıqlar, o cümlədən İrəvan xanlığı yarandı.
Rusiya qoşunları 1827-ci ildə Azərbaycanın paytaxtı Təbriz şəhərini işğal etdilər. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, rus qoşunları Cənubi Azərbaycanı tərk etməli oldular. Çar Rusiyası öz əsarəti altına aldığı Şimali Azərbaycanda möhkəmlənmək üçün İranda yaşayan ermənilərin İrəvana və Qarabağa köçürülməsi prosesini təşkil etdi. Rus qoşunlarının komandanı general Paskeviçin Təbrizin milliyyətcə erməni olan komendantı polkovnik Lazarevə göndərdiyi direktivin 13-cü bəndində deyilirdi: "Ümumiyyətlə, xristianları (erməniləri) razı salmaq lazımdır ki, onlar Naxçıvan və İrəvan vilayətlərinə getsinlər. Xristian əhalisini həmin vilayətlərdə nə qədər mümkünsə çoxaltmaq nəzərdə tutulur". İrəvana göndərdiyi başqa bir direktivdə Paskeviç məsləhət görürdü: "Erməniləri yerləşdirmək üçün bir sıra müsəlman kəndlərini onların dindaşları daha çox məskunlaşmış yerlərə köçürmək olarmı?" Lazarev isə İran ermənilərinə erməni dilində müraciət edərək bildirirdi ki, imperator köçmək istəyənlərə Rusiya dövlətində - İrəvanda, Naxçıvanda və Qarabağda etibarlı, sakit və xoşbəxt sığınacaq verir.
Həmin illərdə on minlərlə erməni İrandan və Türkiyədən İrəvana və Qarabağa köçürülmüşdü. Rus-İran müharibəsi başa çatdıqdan sonra 1828-ci il martın 21-də rus çarı I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi, onların əvəzinə "erməni vilayəti" adlanan inzibati-ərazi vahidi yaradıldı.
XIX əsrin 90-cı illərində ermənilərin Türkiyədən kütləvi surətdə Qafqaza köçürülməsi ilə əlaqədar öz təcavüzkar siyasəti ilə məşhur olan erməni millətçi "Daşnaksütyun" partiyasının mərkəzi də Qafqaza köçdü və erməniləri Qafqaz xalqlarına qarşı təcavüzə təhrik etməyə başladı.
XX əsrin əvvəllərindən başlayaraq daşnaklar Gəncədə, İrəvanda, Qarabağda, Naxçıvanda və Bakıda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. 1905-ci ilin fevral ayında ermənilər tərəfindən Bakıda, Naxçıvanda, İrəvanda yüzlərlə azərbaycanlı qətlə yetirildi. 1918-ci ilin mart ayında Bakıda, Qubada, Lənkəranda Şaumyanın rəhbərliyi altında ermənilər 10 min azərbaycanlını qətlə yetirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Azərbaycan ordusu Türkiyə qoşunlarının köməyi ilə erməni silahlı birləşmələrinə qarşı bir sıra uğurlu əməliyyatlar apararaq azərbaycanlıların kütləvi qırğınının qarşısını ala bildilər. Lakin türk qoşunları Azərbaycanı tərk etdikdən və Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut etdikdən sonra Ermənistan rus bolşeviklərinin dəstəyi ilə 1921-ci ildə Azərbaycanın Zəngəzur bölgəsini ələ keçirə bildi.

XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan münaqişəsinin yaranma tarixi

Sovet hakimiyyəti illərində öz məkrli niyyətlərini gizlədən ermənilər ermənipərəst Mixail Qorbaçovun (1985-1991-ci illərdə SSRİ rəhbəri olmuşdur) SSRİ rəhbərliyinə gəlişindən sonra fəal hərəkətlərə keçdilər. 1985-ci ilin dekabrında ABŞ-dakı erməni inqilabı federasiyası (daşnak partiyası) və erməni milli komitəsi Birləşmiş Ermənistan yaratmağı özlərinin strateji vəzifəsi elan etdi. "Birləşmiş Ermənistan" Naxçıvanı, Qarabağı və Gürcüstanın tərkibində olan Axalkalakini də özündə birləşdirməli idi.
Mixail Qorbaçovun milli siyasət sahəsində buraxdığı kobud səhvlərə qarşı öz etirazını bildirməklə ermənilərin planlarının həyata keçməsinə mane olan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırıldıqdan dərhal sonra, 1987-ci ilin noyabrında Dağlıq Qarabağ erməniləri öz separatçı tələblərini irəli sürdülər və bununla da bu gün də öz həllini tapmamış Qarabağ problemi yarandı.
1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin (DQMV XDS) yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını rədd etdikdən sonra Ermənistanın millətçi rəhbərləri "Daşnaksütyun" partiyasının "Türksüz Ermənistan" proqramını həyata keçirməyə başladılar.
1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. 1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsini yolverilməz hesab etdikdən sonra, erməni millətçiləri türklərin Ermənistandan çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.
1988-ci ilin iyununda erməni dəstələri azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz qalmış 10 mindən çox azərbaycanlı SSRİ -Türkiyə sərhədində toplaşaraq, orada gecələməyə məcbur olmuşdu. Masis qəsəbəsində 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdı.
1988-ci ilin noyabrın ortalarına qədər Azərbaycana 80 mindən çox qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakının Azadlıq meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edildi. Bu tələbdən narahat olan Ermənistan rəhbərliyinin noyabrın 22-də rayon rəhbərlərinə yerlərdə qayda-qanunu bərpa etmək (əslində isə bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı türklərdən təmizləmək) tapşırığını verdi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın azərbaycanlı əhalisi yaşayan kəndlərə ərzağın göndərilməməsi, elektrik xətlərinin kəsilməsi, kəndlərə silahlı basqınlar əhalini öz tarixi Vətənindən qaçqın düşməyə məcbur etdi. 1988-ci ilin noyabr-dekabr aylarında Azərbaycana 200 mindən çox soydaşımız pənah gətirdi.
Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-89-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məntəqəsi boşaldıldı. Ermənistanın Mehri rayonunda qalmış axırıncı azərbaycanlı kəndi Nüvədi (bu kənd 18 fevral 1929-cu ildə Zəngilan rayonundan qopardılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilmişdir) 1991-ci il avqustun 8-də boşaldıldı. Ümumiyyətlə, Ermənistanın 22 kənd və rayonundan, 6 şəhərindən 200 mindən artıq azərbaycanlı tarixi-etnik torpaqlarından qovuldu.
Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi Ermənistan ərazisinin (29,8 min kv.km) 25%-ni, yaxud təqribən 7,5 min kv.km-ni təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv.km) 3,1 min kv.km artıqdır.
Ermənistan rəhbərliyi azərbaycanlıların deportasiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarını dəyişdirməyə başladı. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli qərarı ilə 90 türk mənşəli yaşayış məntəqəsinin adı dəyişdirildi. Ümumiyyətlə, 1920-ci ildən 1988-ci ilin avqustuna qədər Ermənistanda 517 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib.
Son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azəri-türk yaşayış məntəqəsi müxtəlif yollarla (rəsmi köçürmələrlə, silah gücünə qovmaqla, soyqırımı törədərək, kəndləri yandırıb xaraba qoymaqla) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.
1991-1993-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafda olan 7 rayonu - Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını və Zəngilanı işğal etməyə müvəffəq oldu.
2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdır. Ermənistan daima danışıqları müxtəlif yollarla pozmağa çalışmış və beynəlxalq vasitəçilər tərəfindən onlara qarşı təzyiqlər artdığı halda növbəti təxribatlara əl atmağa başlamışlar. Həmin təxribatlardan biri də aprel ayının əvvəlində baş vermiş silahlı təxribat hadisəsidir. Lakin Azərbaycan Ordusu bu təxribatın qarşısını vaxtında alıb düşmənə layiqli cavab verərək, əks-hücum əməliyyatı həyata keçirmiş və işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desək 2 min hektar torpağımızı düşmən tapdağından azad etmişdir. Aprel döyüşləri bir daha onu göstərdi ki, vasitəçilərin də dəfələrlə bəyan etdikləri kimi status-kvo tezliklə dəyişdirilməli və işğal edilmiş torpaqlar azad edilməlidir.
Bu gün Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritet olaraq qalmaqdadır. Aprel hadisələrindən sonra ordumuz döyüş qabiliyyətini yüksək dərəcədə artırmış və ən müasir texnika, silah-sursat almaqda davam etməkdədir. Hazırda Azərbaycanın ərazisinin 20 faizi düşmən işğalı altındadır. Həmin torpaqların azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü siyasət aparılır. Bu fəaliyyətin tərkib hissəsi ordu quruculuğudur. Ali Baş Komandan ilk çıxışında ordu quruculuğunu daim öz diqqət mərkəzində saxlayacağını bildirmişdir: "Biz çalışacağıq və əminəm nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin".
Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran cənab Ali Baş Komandan Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Bu isə hər bir hərbi qulluqçudan öz vəzifə borcunu vicdanla yerinə yetirməyi, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməyi, mənəvi-psixoloji və fiziki hazırlıqlı olmağı, hərbi intizamı möhkəmləndirməyi tələb edir.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi