Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 09:53

Əfsanəvi sərkərdə Həzi Aslanov anılıb

Beyləqan rayonunda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 109-cu və vəfatının 74-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tabelikdə olan hərbi hissələrin şəxsi heyətinin, müharibə veteranlarının, ictimaiyyət nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə H.Aslanovun abidəsi önünə əklil və gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Polkovnik-leytenant Seymur Həbibullahov çıxış edərək bildirib ki, xalqımızın igid övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaşımız üçün nümunədir. “Ümummilli lider Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən davam etdirilir.”
Mayor Şöhrət Əhmədov H.Aslanovun şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, o, Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biridir. Zabit sərkərdənin Böyük Vətən müharibəsi zamanı düşmənlə qeyri-bərabər döyüşdə qazandığı inamlı qələbələri, göstərdiyi şücaətləri bir daha xatırladıb.
Mayor Nemət Rəhimov H.Aslanovun xidmətlərindən danışıb, faşizm üzərində tarixi qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Vətən torpaqlarının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan bu qəhrəman həmvətənimizin xalqımız tərəfindən hər zaman qürur və hörmət hissi ilə yad ediləcəyini, onun adının və şərəfli döyüş yolunun gələcək nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsi olacağını vurğulayıb.
Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimizin komandanlıq etdiyi tank briqadası Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və digər ərazilərin faşizmdən azad olunmasında fəal iştirak edib. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib.
Tədbirdə görkəmli sərkərdəyə həsr olunan film nümayiş edilib, Füzuli Dövlət Dram teatrının kollektivi tərəfindən bədii kompozisiya təqdim olunub.
 
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"