Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 10:36

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası adyunkturaya qəbul elan edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Müdafiə nazirinin 14 oktyabr 2015-ci il tarixli qərarına müvafiq olaraq, 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə adyunkturaya qiyabi və dissertantlıq yolu ilə qəbul elan edir.
Qəbul "73 - Milli təhlükəsizlik və hərbi elmlər" elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə elan olunur:
- Hərbi nəzəri elmlər;
- Hərbi xüsusi elmlər;
- Hərbi təbabət;
- Milli təhlükəsizlik.
Fəlsəfə doktoru proqramı üzrə adyunkturaya Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olan, ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), həmçinin pedaqoji və ya elmi-tədqiqat işində bacarığı olan zabitlər (qulluqçular) qəbul olunur. Mülki ali təhsil müəssisələrini bitirən zabitlər, bundan əlavə zabit vəzifələrində iki ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdırlar.
Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmaq qabiliyyəti və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan zabitlər (qulluqçular) qəbul edilir.
Adyunkturaya qəbul olmaq üçün raportlar komanda üzrə 01.05.2019-cu il tarixinədək hərbi hissələrin komandirlərinə, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəislərinə verilir.
Raporta əlavə olunur:
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (qulluqçular) üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xidməti (iş yerindən) xasiyyətnamə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);
- "Elmlər doktoru" elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (bu diplomu xarici ölkələrdə almış zabitlər (qulluqçular) üçün təkrar attestasiya (nostrifikasiya) diplomu);
- dissertasiyanın açıq planı və bu plana dissertasiyanın aid olduğu sahə üzrə iki hərbi təşkilat, yaxud müvafiq ixtisas üzrə elmlər doktoru elmi dərəcəsi olan iki mütəxəssisdən alınmış yazılı rəy (elmlər doktoru hazırlığı üzrə).
Hərbi hissə komandirləri, hərbi-elmi (elmi-tədqiqat) və hərbi təşkilatların, ali təhsil müəssisələrinin rəisləri adyunkturaya daxil olmaq istəyənlərin raportlarını ona əlavə olunan sənədlərlə birlikdə 01 iyun 2019-cu il tarixinədək Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə göndərməlidirlər.
Adyunkturaya seçim və qəbul qaydaları Azərbaycan Respublikası Müdafiə nazirinin 14 oktyabr 2015-ci il tarixli qərarına uyğun olaraq həyata keçiriləcək.

Ünvan: Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsi 136, “Qızıl Şərq” hərbi şəhərciyi, Silahlı Qüvvələrin Hərbi Akademiyası

Əlaqə telefonu:
(012) 404-18-31;
055 571 15 56;
055 213 96 02.