Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 10:34

Qəhrəmanlıq və vətənrərvərlik aşılayan ünvanlar.

Xatirə və Bayraq muzeyləri bu gün yüzlərlə insanın ziyarətgahına çevrilib

Müstəqillik bizim ən böyük sərvətimizdir. Vətəni azad və məsud görmək istəyi ilə Hüseyn Cavid, Əhməd Cavad, Almas İldırım kimi vətənpərvər ziyalıları heç bir təqib və təzyiq öz yolundan döndərə bilməyib. İnsanları fədakarlıq etməyə, göz qırpmadan özünü odun-alovun içərisinə atmağa sövq edən Vətən sevgisi olub. Vətən sevgisi bütün sevgilərin fövqündə dayanır. Xalqımızın qəhrəman övladlarının tarixən Vətənimizə olan sonsuz məhəbbəti istər yazılı ədəbiyyatda, istərsə şifahi ədəbiyyatda özünə geniş yer tapıb.
İlk dəfə 1918-ci ildə müstəqillik qazansaq da, onu qorumaq mümkün olmadı. 1991-ci ildə qazanılan müstəqilliyə əbədiyyət möhürü vuruldu. Bu müstəqilliyi qazanmaq, dönməz və əbədi etmək heç də asan başa gəlmədi. Azadlıq uğrunda geniş xalq hərəkatının bilavasitə iştirakçısı olmuş xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "Azadlıq naminə qurban gedən şəhidlərimiz bizə azadlığın zərurət olduğunu və lazım gələrsə, millətin bu yolda ölümə belə gedə biləcəyini sübut etdilər.
Müstəqilliyimizin ilk illərində xalqımız ölkəmizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı səfərbər olaraq Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğul və qızlarımız şəhid oldu. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Buna görə də hər bir gənc qəhrəmanlarını tanımalı, onların keçdiyi şərəfli döyüş yolundan Vətənə məhəbbəti, sədaqəti öyrənməlidir.
Şəhidlərin xatirəsinin əbədiləşdirildiyi ünvanlar qəhrəmanlıq və vətənpərvərliyin gənc  nəslə, gələcək nəsillərə aşılanması  baxımından böyük əhəmiyyət daşıyır. Belə ünvanlardan biri də 1997-ci ildə Naxçıvan şəhərində yaradılan Xatirə muzeyidir. Muzey 2015-ci ildən öz fəaliyyətini daha uyğun bir ərazidə - Şəhidlər xiyabanının yaxınlığında yeni binada davam etdirir. 2000-ə qədər eksponat olan muzeydə XIX əsrin sonlarından XXI əsrin əvvəllərinədək ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri, soyqırımları əks etdirən sənəd və materiallar, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının fotoşəkilləri və şəxsi əşyaları nümayiş etdirilir.
Eksponatlar içərisində fotolar üstünlük təşkil edir. Elə mahiyyət də bu fotolardadır. Hər fotodan düşmənə qəzəb hissi ilə köklənmiş və müqəddəs amal uğrunda canını fəda etmiş Vətən oğlunun baxışları boylanır. İnsanın qəlbi qürur hissi ilə dolur. Adları dilimizdə iftixarla səslənir: Vaqif Əhmədov, İmamverdi Hacıyev, Hidayət Əbdülhəsənov, İlqar Musayev...
Cəbhədə göstərdiyi şücaətə görə Naxçıvan torpağının yetirməsi olan 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kərim Kərimov, Əmiraslan Əliyev, Səyavuş Həsənov, Əli Məmmədov, İbrahim Məmmədov, Yusif Mirzəyev, Mirəsgər Seyidov, Məhərrəm Seyidov. Onların keçdiyi şərəfli döyüş yolu muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə təqdim olunur.
20 Yanvar hadisələrindən iki gün əvvəl Sədərəkdə başlayan döyüşlər barədə də muzeydə ətraflı məlumat almaq olar. 1990-1993-cü illərdə ermənilər Sədərəyə 14 dəfə hücum edib. Mənfur düşmən Sədərəyə 300-ə yaxın top mərmisi atıb, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıb. Həmin illərdə muxtar respublikamızın hər yerindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhid olub ki, onların 52 nəfəri rayonun yetirməsidir. Sədərək uğrunda gedən döyüşlərdə Naxçıvan ilk şəhidlərini verib: İdris Məmmədov, Abbasəli Nəzərəliyev, Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Etibar Əhmədov, Məmməd Məmmədov əsl vətənpərvərlik örnəyi oldular. Bu gün Vətən oğullarının xatirəsi muzeydə eksponatlar vasitəsilə qorunub saxlanılır və qəhrəmanlıqları təbliğ edilir. Muzeyin dəyərli eksponatlarından biri də 1990-cı ildə çəkilib: Sədərəkdə könüllülərdən ibarət özünümüdafiə dəstəsi.
Qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizin əksəriyyəti çox gəncdir və insan onların Vətən sevgisinə, sözün həqiqi mənasında, qibtə edir! Bu zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından çox sevməkdən keçir.  Onlar bu sevgi ilə də adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazdırmaq şərəfinə nail ola biliblər.
Xalqımız böyük bir qəhrəmanlıq tarixinə malikdir. Bu gün Azərbaycan qüdrətli orduya sahibdir. Müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam və yüksək döyüş ruhu ilə seçilən ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan qüvvədir.
Düşməndən fərqli olaraq Azərbaycan əsgəri niyə və nəyin uğrunda mübarizə apardığını bilir. O, öz müqəddəs  Vətən torpaqları uğrunda savaşır. Haqq da onundur, qəhrəman da odur. Naxçıvanın hərbi potensialının yüksək səviyyədə olduğunu bildirən ölkə başçısı İlham Əliyev 1990-cı illəri belə xarakterizə edir: "1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular".
Müasir dövr tarixini əks etdirən eksponatlar sıralarında 1990-cı ildə şəhid olan həmyerlilərimizin fotoları və xatirə əşyaları üstünlük təşkil edir. Sədərək uğrunda gedən döyüşlərdə oğullarımız şücaət göstərmiş, sinəsini sipər etmiş, düşmənin layiqli cavabını vermişdir. Muzey eksponatları sanki dil açıb həmin tarixi bu gün də tamaşaçıya nəql edir.
Muzeydə açıq və distant dərslərin keçirilməsi də bir ənənə halını alıb. Ələlxüsus da tarixi günlərdə muzey bir məktəb rolunu oynayır, yurda bağlılıq, vətənpərvərlik, qəhrəmanlıq gənc nəslə aşılanır.
Bu gün şəhərimizin ən yüksək zirvəsində üçrəngli bayrağımız qürurla dalğalanır. Bura Bayraq Meydanıdır. Hər bir Azərbaycan vətəndaşının and yerinə çevrilən müqəddəs məkan. Burada üçrəngli bayrağımız dalğalanır, müstəqilliyimizin rəmzi, öz yurdumuza öz hakimliyimizin simvolu. Bu bayrağı dalğalandırmaq üçün minlərlə Vətən övladı öz canından keçib. Bayrağımız ikinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin səyi ilə ilk dəfə Naxçıvanda dalğalandırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında" 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Həmin muzeydə dövlət atributları ilə yanaşı, mühüm tarixi sənədlər də əbədiləşdirilib. Belə ki, muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları muzeyin ekspozisiyasında yerləşdirilib.
Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Xatirə Muzeyi ilə Bayraq Muzeyini mahiyyət etibarilə bir-birinə bağlayan detallardan biri də birinin digərini tamamlamasıdır. Tarixən ulu babalarımız Azərbaycanın müstəqilliyi naminə mübarizə aparıblar. Şəhidlər veriblər, lakin geri çəkilməyiblər. Üçrəngli bayrağı öz qanları bahasına da olsa, Vətən göylərində dalğalandırmağa nail olublar. İndi ordusuna güvənən xalqımız müstəqilliyimizin əbədi rəmzi olan üçrəngli bayrağımız altında firavan yaşayır, Azərbaycan gəncliyi gələcəyə ümidlə baxır. 
90-cı illərin ağır, böhranlı günlərində qaldırılmış bu bayraq indi qürurla dalğalanır. 
Şəhidlərimizin xatirəsinə yaradılmış muzeydə, Bayraq muzeyi də şəhidlərə yüksək ehtiramın və dövlət atributlarımıza sevginin təzahürüdür.
                                           
Ruhiyyə RƏSULOVA,
Naxçıvan Televiziyasının baş redaktoru