Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2019 10:31

“Qəhrəmanlıq səhifələri yazacağıq”

"N" hərbi hissəsindəyik. Hava hələ tam işıqlaşmayıb. Böyük çillə burada da özünü göstərir, hava sazaqdır. Meh əsir. Əraziyə lal bir sükut çöküb. Bir azdan sükut pozulur və hərbçilərimizin günün nizam qaydalarına uyğun olaraq növbəti xidmət günü başlayır...
Zabit Anar Cavadov söhbətinə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun 100 illiyinə həsr olunmuş möhtəşəm paradda çıxışı zamanı səsləndirdiyi fikirlərlə başlayır: “Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.” Biz də istənilən an Ali Baş Komandanın döyüş əmrinə hazırıq. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. 2016-cı ilin aprelində erməni hərbi qüvvələrinin silahlı təxribatlarına cavab olaraq ordumuzun əks-hücum əməliyyatı təsdiq etdi ki, Azərbaycan Ordusu düşmən işğalında olan torpaqlarının azad edilməsinə, dövlətinin ərazi bütövlüyünün təmin olunmasına hər an hazırdır. Aprel döyüşlərinin məğlubiyyətindən aldıqları ağır psixoloji təsirdən çıxa bilməyən ermənilər  yaxşı  başa düşməlidirlər ki, işğal altında saxladıqları torpaqlarımızdan gec-tez çıxmalıdırlar".
- Bəli, bu tarixi, milli köklərə bağlılığı da yaşadan xalqımızın qəhrəman, vətənpərvər övladlarıdır, - deyirəm.
Ön xəttə - gecə-gündüz Vətənimizi qoruyan əsgərlərimizlə görüşməyə tələsirik.
Qış fəsli olmasına baxmayaraq bu il bu yerlərə hələ qar yağmayıb. Düşünürəm, yəqin qış özünü kiçik çilləyə saxlayıb. Yol boyu sıralanmış kənd evləri görünür. Sakinlər gözə dəymir. Bu sakitliyi, bu arxayınlığı, bu əmin-amanlığı onlara bəxş edən Azərbaycan Ordusudur. Onlar ordumuza, hərbçilərimizə güvənir. “Yaşasın, gecəli-gündüzlü Vətən torpağının keşiyini çəkən Azərbaycan Ordusu!”, - deyirlər. Şəhidlərimizin müqəddəs ruhu dolaşan bu torpaqların müdafiəsində dağ vüqarlı Vətən oğulları mübariz dayanıblar.
Aprel döyüşlərindən sonra yağışlı-yağmurlu bir payız günündə Qarabağdaydım - gecənin qatı qaranlığının şəfəqə ən yaxın olduğu yerdə. Yenə də həmin yerdəyəm. Ümidliyəm ki, çox keçməz, bu Mübariz ruhlu igidlərimizin  sayəsində bir gün birbaşa Şuşadan Qələbə reportajı hazırlayacam. O gün uzaqda deyil.
Bizi posta aparan maşın asfalt yoldan daşlı-kəsəkli, sonra da torpaq yola çıxır. Bu yolun sonu müqəddəs Vətən torpağının bir parçası olan səngərlərdi. O səngərlər ordumuzun müvəqqəti dayanacaq yeri, qələbəyə aparan yolun davamıdır.
Sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ruslan Əhmədovun yola dərindən bələdliyi də diqqətimizdən yayınmır. Bu ərazidən olduğunu və dəfələrlə düşmənin atəşkəsi pozması nəticəsində təhlükəli anlar yaşadığını söyləyən Ruslan döyüş mövqeyində maşın idarə etməyin çətinliklərindən, məsuliyyətindən danışır. Xidməti vəzifəsini uğurla yerinə yetirdiyinə görə fəxri fərmanlara layiq görülən Ruslan onu da  deyir ki, sürücünün əsas vəzifəsi istənilən hava şəraitində çıxışa, döyüşə həmişə hazır olmalı, maşınını həmişə işlək, saz vəziyyətdə saxlamağı bacarmalıdır.
Mayor Seymur Abıyev bildirir ki, şəxsi heyətin döyüş ruhu, döyüş əzmi yüksəkdir. "Vətən, torpaq yolunda canından keçən hərbçilərimizin şərəfli döyüş yolu bizə örnəkdir.  Onların ruhu bizi torpaqlarımızı işğaldan azad etməyə çağırır". Ordunun xalqa, xalqın da ordusuna güvəndiyini deyən zabit onu da vurğulayır ki, bizi ruhlandıran xalqla ordunun monolit birliyidir.
Zabit danışdıqca aprel döyüşlərinin iştirakçısı olmuş  bir əsgərin dediyi sözləri xatırlayıram: "Ali Baş Komandanın əmrini gözləyirik. Hamımız şəhid olarıq, lakin yurdu düşmənə vermərik". Ordumuzun aprel zəfəri hələ çox xatırlanacaq, haqqında dastanlar yazılacaq.
Uzaqdan bölmələrimizin müşahidə məntəqələri görünür. Burada fədakar  zabit və əsgərlərimiz doğma torpağa ayıq-sayıq keşik çəkir, düşmənlə təmas xəttindəki müşahidə zolağını izləyirlər.
Döyüş mövqeyinə çatırıq. Bu postda qəhrəman Azərbaycan əsgəri fəxrlə Vətənin keşiyini çəkir, düşmənlə üz-üzə mövqedə qürurla dayanır. Onlar Mübariz, Fərid kimi oğullarımızın qəhrəmanlığını özlərinə örnək bilirlər. Bura Vətən torpağının bir parçası olmaqla bərabər, şəhidlərimizin ruhunun dolaşdığı bir məkandır.
Səngər boyu irəliləyirik. Əsgərlərimiz müşahidə məntəqəsində döyüş növbəsi aparırlar. Fərəh hissi keçiririk. Əsgər Axund Zeynalov müşahidə məntəqəsində düşmən mövqelərini izləyir. Axund Ali Baş Komandanımızın döyüş əmrinə hər zaman hazır olduğunu bildirir.
Döyüş növbəsi aparan əsgər Tural Əlizadə: - Vətəni yağılardan qorumaq şərəfdir, - deyir. - Fəxr edirəm ki, bu gün mən də düşmənlə üzbəüz mövqedə Vətənimizin keşiyində dayanmışam. Torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın əmri ilə döyüşlərə atılmağa hər an hazıram. Xidmətimi başa vurub əzizlərimin yanına qayıdanda səngər üçün, döyüşçü yoldaşlarım, silahdaşlarım və komandirlərim üçün darıxacağam. Deyirlər, səngər dostluğu, səngər yoldaşlığı əbədidir.
Əsgər Mircavad Əhmədli gözünü qırpmadan, diqqətlə müşahidəsini davam etdirir. “Səngərdə xidmət etməyimiz hər birimiz üçün şərəfdir. Mübariz İbrahimov kimi qəhrəmanlarımızın qısa, lakin şərəfli ömür yolu biz gənclərə nümunədir. Mübarizin Vətən, torpaq sevgisi, düşmənə nifrəti sonsuz olub. O, şəhidlərimizin, Xocalı qurbanlarının qisasını alıb. Biz də Mübarizlərin, Fəridlərin, ümumilikdə bütün şəhidlərimizin qisasını erməni işğalçılarından almağa, torpaqlarımızı azad etməyə hər an hazırıq.”
Söhbətimi döyüş növbəsindən yenicə qayıdan əsgərlərlə -  Salman Cəfərov və Sadiq Nəbiyevlə davam etdirirəm. Öyrənirəm ki, Salman atıcı, Sadiq isə qumbaraatandır. Onlar təlimlərdə silahların atış xüsusiyyətlərini dərindən mənimsəyiblər. Hər iki əsgər səngər həyatı yaşamaqları ilə fərəhləndiklərini deyir. Söhbətlərində onu da bildirirlər ki, hər zaman komandirlərinin məsləhət və tövsiyələrini dinləyir, tapşırıqlarını vaxtında yerinə yetirirlər. "Bizi bu səngərdə bir məqsəd birləşdirir - düşməni məhv edib, onları torpaqlarımızdan qovmaq. Şuşamızı, Laçınımızı, Füzulimizi, Zəngilanımızı və işğal altında olan digər torpaqlarımızı azad edib, qələbəmizi birlikdə qeyd etmək arzusu."
Leytenant Elsevər Əmiraslanov  əsgər Şəhriyar Feyziyevin igidliyindən, düşmənlə döyüşdə fədakarlıq nümunələri göstərməsindən fəxrlə danışır: “Əsgər nümunəvi xidmətinə görə dəfələrlə təşəkkür alıb. Orta təhsillidir. Hərb peşəsinə böyük marağı var. Tabeliyində olan silahın taktiki-texniki xüsusiyyətlərini, ondan istifadə qaydalarını mükəmməl bilir. Keçirilən təlimlərdə uğurlu nəticələr göstərir. Vətənimizin belə mərd oğullarının hər biri qəhrəman döyüşçülərin davamçılarıdır."
Əsgərlərə baxdıqca qəlbim dağa dönür. Düşmən tərəfi müşahidə edən əsgərlərin qorxmazlığı, cəsarəti məni qürurlandırır. Onları nə düşmən gülləsi, nə də atəş səsləri qorxudur. İçdiyi Hərbi anda sadiq qalıb, Vətən, torpaq uğrunda şəhid olmağa hər an hazırdır, Azərbaycan əsgəri! İnanırıq ki,  siz hünərinizlə Azərbaycanın şanlı hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazacaqsınız!

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
Fotolar Rəşad ƏMRAHOVUNDUR