Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2019 10:47

Təminat yüksək tələblər səviyyəsindədir

Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin məişətində də öz sözünü deyir. Hazırda Vətənimizin keşiyində dayanan gənclərimiz üçün hərbi bölmələrdə ən müasir səviyyədə sosial-məişət şəraiti yaradılıb.
Cəbhə xəttində yerləşən “N” hərbi hissəsinin  müasir şəraiti bizə xoş ovqat aşıladı. Burada xidmət edən əsgərlərin gülər üzləri, əhval-ruhiyyəsi də deməyə əsas verirdi ki, hər kəs yaradılan şəraitdən məmnundur və belə mühitdə xidmət etməkdən qürur duyur. Belə ürəkaçan şərait əsgər valideynlərini də razı salır.  Bu gün əsgər valideynləri hərbi xidmətdə olan övladlarının qidalanması və məişəti sarıdan heç bir narahatçılıq yaşamırlar. Çünki şahidi olurlar ki, bütün hərbi hissə və bölmələrimizdə şəxsi heyətin sosial-məişət şəraiti, əşya-ərzaq təminatı yüksək tələblər səviyyəsindədir. Bunların da hamısı "Biz hərbçilərimizlə fəxr edirik" deyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya, hərbi qulluqçulara diqqət və qayğısının parlaq təcəssümüdür.
Zabit Rail Ağayev söhbətimizdə bildirdi ki, dövlətimizin orduya olan yüksək diqqət və qayğısı şəxsi heyətimizə xoş ovqat və döyüş ruhu aşılayır. "Hər kəs göstərilən qayğıdan ruhlanaraq Vətən qarşısında borcunu məsuliyyət hissi ilə yerinə yetirir. Şəxsi heyətin bütün qayğıları ordu rəhbərliyinin diqqət mərkəzindədir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissəmizə gəlişi zamanı əsgərlərin qayğıları ilə şəxsən maraqlanır, onlarla səmimi söhbət edir. Ordu rəhbərliyinin əsgərlərlə sıx ünsiyyət yaratması şəxsi heyətə ruh yüksəkliyi aşılayır. Bu etimada cavab olaraq onların hər biri üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlir, verilən tapşırıqları məsuliyyət hissi ilə yerinə yetirir. Belə yüksək əhval-ruhiyyədə olan döyüşçülərimiz işğalda olan torpaqlarımızı düşməndən azad etmək üçün döyüş əmrinə hər an hazırdırlar".
Zabitlə birlikdə əsgər yataqxanasına daxil olduq. İçəridə yataq otaqları ilə yanaşı, müasir avadanlıqlarla təchiz olunmuş trenajor otağının, ideoloji sinfin, məişət otağının da olduğunu gördük. İkimərtəbəli çarpayılar, qalın yun ədyallar,  təmiz mələfələr və əl-üz dəsmalları əsgərlərin sosial-məişət şəraitinin yüksək olmasının göstəricisidir. Hər əsgər üçün fərdi ayrılmış tumbada isə hər cür hamam ləvazimatı gözə dəyirdi. Həmçinin yataqxana müasir tipli istilik sistemi ilə də təmin olunub. Düşmənlə təmas xəttində yerləşən bölmədə gördüklərimiz şəxsi heyətin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü islahatların  sübutudur.
İlk həmsöhbətim əsgər Nəbi Aslanov fikirlərini bizimlə bölüşdü. Hərbi xidmətə Bakı şəhəri, Sabunçu  rayonundan çağırılan Nəbi  yaradılan şəraitdən razılığını bildirdi: "Xidmətə gəldiyimiz gündən yüksək qayğı ilə əhatə olunmuşuq. Şəraitimizə isə söz ola bilməz. Bütün təminatlarımız qaydasındadır. Tez-tez həkimlər də bizi yoxlayır, hər hansı bir xəsəlik törədən virusların əvvəlcədən qarşısının alınması üçün tədbirlər görürlər. Bir sözlə, Vətən qarşısında müqəddəs borcumuzu layiqincə yerinə yetirmək üçün hər cür şəraitimiz var. Üzərimizə bircə iş düşür: verilən tapşırıqlara, nizamnamənin tələblərinə əməl edib uğurlu xidmət etmək."
Əsgərlər Ağacəfər Rəhimov, Saleh Səfərov da bildirdilər ki, isti yataqxanaların, qida və geyim təminatlarının qaydasında olması uğurlu xidmətləri üçün zəmin yaradır. "Heç nədən korluq çəkmirik. Yataq dəstlərimiz, paltarlarımız hər həftə yuyulub, təmizlənir. Belə şəraitdə xidmət etmək, yuxarı komandanlıq tərəfindən qayğı görmək döyüş ruhumuza müsbət təsir edir. Keçirilən dərslərdə, məşğələlərdə həvəslə iştirak edir, hərbi bilikləri, döyüş hazırlığını mükəmməl öyrənməyə can atırıq. Ali Baş Komandanımıza, Müdafiə nazirimizə dərin təşəkkürümüzü bildiririk ki, daim bizə qayğı göstərir, bütün təminatlarımızı yüksək səviyyədə təşkil edirlər. Göstərilən bu diqqətin qarşılığında bizim öhdəmizə düşən tək vəzifə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıb, Vətənə sadiq əsgər olmaqdır".
Bu gün bir daha şahidi olduq ki, ölkə rəhbərliyinin orduya göstərdiyi diqqət və qayğı nəticəsində bütün hərbi hissələrdə və bölmələrdə şəxsi heyətin məişət şəraiti, sosial təminatı yüksək səviyyədədir və xidməti yerindən asılı olmayaraq əsgərlərimiz çətinlik çəkmədən Vətən keşiyində dayanırlar.
 
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"